AnalitikaGündəmMədəniyyət

Dünya bu məşhurların azərbaycanlı olduğunu bilmir (ARAŞDIRMA)

Tarix boyu Azərbaycan öz maddi və mənəvi sərvətlərilə coğrafiyaşünasların diqqət mərkəzində olmuş, yetirdiyi böyük şairləri, alimləri, mütəfəkkirləri və filosofları ilə tanınmışdı. Onlar verdikləri töhfələrlə müsəlman Şərqi ölkələrində məşhurlaşmış, mənbə və məxəzlərdə Azərbaycan, yaxud Azərbaycan ölkəsindən olan şəxsiyyətlər kimi təqdim edilmişlər.

Görkəmli səyyah Yaqut Həməvi (1179-1229) Azərbaycanı “gözəlliklər və müharibə ölkəsi” adlandırmışdır. Yerin adı pəhləvi dilində “od evi” və ya “od xəzinəsi” sözündən götürülmüşdür. Həmin ad bu yerdə od yataqlarının çox olduğuna görə verilmişdir. Azərbaycanın ərazisinin Kuhistan, Arran və Ərməniyyə arasında geniş sahəni əhatə etdiyi göstərilmişdir. Bu ərazidə çoxlu şəhərlər, kəndlər, dağlar, çaylar mövcud olması bildirilir.

Mənbələrdə Azərbaycanın Təbriz, Marağa, Xoy, Səlmas, Urmiya, Ərdəbil, Mərənd və başqa məşhur şəhərlərinin, yüksək dağlarının olduğu bildirilmişdir.

Orta əsr mənbələrində ilk dəfə azərbaycanlılar haqqında məlumatlar Əməvi dövrünə aiddir. Həmin yüzillikdə yaşamış əslən Azərbaycandan olan şairlərdən söhbət açarkən İsmayıl İbn Yəsar Nisai, onun qardaşı İbrahim ibn Yəsar və oğlu Məhəmməd ibn İsmayıl və b. adlarını qeyd etmək lazımdır. Ərəb şovinizminin güclü olduğu bir zamanda, şeirə və söz sənətinə bağlı olan ərəblər arasında onların tanınması, Qüreyş tarixinə aid mənbələrdə şeirlərindən nümunələr verilməsi həmin şairlərin vətənlərindən uzaqda dövrünün mədəni inkişafında fəal iştirakına aydın göstəricidir. Bu dövrdə yaşamış azərbaycanlı şairlər arasında ən məşhuru və ərəb tədqiqatçılarının daha çox diqqətini cəlb edən İsmayıl ibn Yəsar Nisaidir (…-749). Şairin adı İsmayıl, atasının adı Yəsar, ləqəbi Nisaidir. Künyəsi “Əbu Faid”dir (“Xeyrin atası”). Mənbə və tədqiqatlarda İsmayıl ibn Yəsarın Mədinədə doğulması və orada yaşaması göstərilmişdir. Şairin atası Yəsar toy şirniyyatları hazırlamış və ticarəti ilə məşğul olmuşdur. Nisai ləqəbi də buradan yaranmışdır. O, dövrünün şairi kimi də tanınmışdır.

Bəzi alimlər İsmayıl ibn Yəsarın fars olduğunu bildirir, şairin “əslən fars” adlandırılmasını müasir tədqiqatçılar iki cəhətə əsasən göstərirlər. Birinci səbəb Əbu Fərəc İsfəhaninin onu “fars əsiri” kimi təqdim etməsidir. İkinci səbəb şairin Nisai ləqəbli olmasıdır.

İsmayıl ibn Yəsar haqqında bir çoxlarının istinad etdiyi əsas mənbə Əbu Fərəc İsfəhaninin (897-967) “Nəğmələr kitabı” dır. Burada şairin ailəsi, həyatı və şeirləri barədə geniş məlumata rast gəlinir. Lakin İsmayıl ibn Yəsarın əsli haqqında fikirlər müasir tədqiqatçılar arasında bəzi mübahisələr yaratmışdır. Filoloq şairin mənsubiyyətindən danışarkən onun “fars əsiri” olduğunu yazmışdır. Bu ifadəyə bəzi mənbə və tədqiqatlarda da rast gəlinir.

İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır. Məşhur alman şərqşünası Karl Brokkelman və ərəb alimi Ömər Fərrux əsərlərində İbn Quteybənin fikirlərini əsas götürərək şairin Azərbaycandan olduğunu qeyd etmişlər.

Əbu Fərəc İsfəhaninin və İbn Əsakirin əsərlərində İsmayıl ibn Yəsarın “fars əsiri” adlandırılmasına baxmayaraq, İbn Quteybə onu azərbaycanlı hesab etmişdir. Bu fərqliliyə ərəb alimi Circi Zeydanın təhlili aydınlıq gətirmiş, “İslam sivilizasiyası tarixi” əsərində fars olmayan bir çox millətlərin orta əsr mənbələrində “fars” adlandırılmasının səbəbini aydın şəkildə izah etmişdir. Alim bildirirdi ki, islamın ilk dövrlərində işlənən “fars” anlayışının müasir mənada başa düşülməsi düzgün deyildir. Çünki o dövrdə “fars” dedikdə “əcəmi” mənası ifadə edilirdi. Ərəb tarixçiləri və filoloqları əcəmilərin əksəriyyətini fars adlandırırdılar. Bu sözün arxasında müasir düşüncəyə uyğun fars milləti deyil, Sasani imperiyası mənası dayanırdı. Buraya müxtəlif xalqlar və millətlər daxil idi, Xuzistan, Kirman, Mukzan, Xorasan, Azərbaycan və başqa əraziləri əhatə edirdi.

Digər ərəb tədqiqatçısı Yusif Hüseyn Bəkkarın fikirləri Circi Zeydanın mülahizələrinə uyğundur. Alim bildirirdi ki, Əbu Fərəc İsfəhaninin “fars əsiri” fikri aydın deyildir. Çünki keçmiş zamanlarda “fars” sözü “əcəmi ölkəsi” kimi başa düşülürdü. Bu ifadəyə görə də, İsmayıl ibn Yəsarı fars əsilli hesab etmək olmaz. Şairin fars olduğunu iddia etdikləri digər səbəb onun “Nisai” ləqəbidir. İran alimi Zəbihulla Səfa “İran ədəbiyyatı tarixi” əsərində İsmayıl ibn Yəsarın Nəsadan olan fars şairi hesab etmişdir. Təbii ki, Əməvilər dövründə yaşamış, tədqiqatçıların diqqət mərkəzində dayanan belə şəxsiyyətə hər bir millət sahib olmaq istəyir. Lakin bu fərziyyə də həqiqətə yaxın deyildir.

Yaqut Həməvinin “Coğrafi lüğət” və Səmaninin (…-1166) “Nəsəblər” əsərlərində məkan kimi Nəsa haqqında ətraflı məlumat vardır. Hər iki alim bu yerin əcəmi, Xorasana yaxın olduğunu qeyd etmişlər. Adına gəlincə isə, maraqlı əhvalat söylənilmişdir. Fütühat zamanı müsəlmanlar Xorasana girərkən bu yerə yaxınlaşıblar. Mübarizə məqamında əhali qaçmış, şəhərdə yalnız qadınlar qalmışdır. Müsəlmanlar məkana daxil olarkən döyüşəcək bir kimsə görmədikdə demişlər: “Onlar qadınlardır. Qadınları öldürməyin”. Bu səbəbdən də, həmin yer “Nəsa”, ona mənsub olanlar “Nəsai”, yaxud “Nəsəvi” adlandırılmışlar.

İbn Makula (…-1082) İsmayıl ibn Yəsarın Nisai ləqəbini həmin məkanla əlaqəsinin olmadığını bildirmişdir. Çünki yer adı Nəsadır. Şairin ləqəbi isə Nisaidir. Bu da əvvəlcə qeyd edildiyi kimi atası Yəsara toy ləvazimatlarının hazırlanması və ticarəti ilə məşğul olmasına görə verilmişdir. Ərəb dilində qadın sözünün cəminə “ نِسَاءٌ ” deyilir. Yəni toy işlərilə adətən qadınlar məşğul olurdular. Buna görə də onun işi qadınlara aid iş sayılmışdır. Şairin ləqəbi də məhz buradan yaranmışdır. İsmayıl ibn Yəsarın Nisai ləqəbinin səbəbləri, atasının peşəsilə bağlılığı əksər mənbə və tədqiqatlarda rast gəlinir. Bu izah da, şairin Nisai ləqəbinin məkanla əlaqələnməsini qəti şəkildə təkzib edir.

Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əməvilər dövründə yaşamış qeyri-ərəblərin adlarında onların mənsub olduqları məkan göstərilmirdi. Çünki ərəb şovinizminin güclü olduğu bir zamanda onların digər millətlərin bilik və bacarıqlarından faydalanmalarına baxmayaraq, qeyri-ərəblərə qarşı mənfi münasibət bəsləyirdilər. Eyni zamanda Əbu Fərəc İsfəhani və İbn Əsakir şairin adındakı Nisaini ləqəb kimi göstərmişdir. Əgər o yer adı bildirsəydi bu kəlməni nisbə kimi verərdilər.

Müsəlman Şərqi ölkələrində hüquqşünas alim kimi tanınan Əhməd Harun oğlu Bərdəi Bərdici (844-914) əslən Azərbaycandandır. Alimin yaradıcılığını ilk araşdırıcısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov yazmışdır ki, vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd Harun oğlu Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə – İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Əhməd Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Tarixçi Əbülhəsən Darəqütni (918-995) onu “Hədis dayaqlarından biri” sayıb, “inanılmış”, “nüfuz sahibi” adlandırmışdır. Xətib Bağdadi (1002-1071) və Əbusəd Səmani (1113-1167) onun haqqında “fəzilətli”, “Zəkalı” və “Hafiz” (Quranı əzbər bilən) sözlərini işlətmişdir. İbn əl-İmad Hənbəli yazır ki, Əhməd Bərdici “axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi”. Əhməd Bərdicinin “Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri” traktatında 426 nəfər Peyğəmbər əshabələrinin, ardıcıllarının, davamçılarının və hədis alimlərinin adları, onların mənsub olduqları yerlər göstərilir.

Məxəzlərdə X əsrdə yaşamış üç azərbaycanlı şairin – Bərəkəveyh Zəncanidən, Əbu Abdulla Muğləsi Marağidən və Cəfər ibn Məhəmməd Marağidən bəhs edilir, onların şeirləri təqdim edilir.

Ensiklopedik alim İbn Sinanın (980-1037) məşhur şagirdi, Şərq peripatetizminin görkəmli nümayəndəsi Əbülhəsən Bəhmənyar (993-1066) mənşəcə azərbaycanlıdır. Bəhmənyar irsinin əvəzsiz araşdırıcısı Zakir Məmmədov filosofun mənbələr əsasında doğum tarixini və yaşadığı məkanı müəyyənləşdirmişdir. Alim yazmışdır ki, Bəhmənyarın anadan olduğu yeri və ili müəyyənləşdirmək üçün İbn Sinanın onunla harada və nə zaman qarşılaşa bilməsini dəqiqləşdirmək lazımdır. Onun İbn Sinadan təhsil aldığı dövr XI əsrin əvvəllərinə təsadüf etməli idi. İbn Sina 1002-ci ildən başlayaraq Xarəzmdə yaşamış, sonra isə Xorasan vilayətinin müxtəlif şəhərlərini gəzmişdir. Deməli, Bəhmənyarın anadan olduğu, yaxud uşaqlıq illərinin keçirdiyi yerin Azərbaycan ərazisindən kənarda olması ehtimalı yaranır. Belə ki, onun müəllimi ilə öz ölkəsində görüşmək imkanı aradan qalxır. Filosofun “Azərbaycanlı”, “Azərbaycan ölkəsindən idi” faktının o dövrün müəllifləri tərəfindən xüsusi vurğu ilə deyilməsi də buradan irəli gəlir. Çünki azərbaycanlı olub, Azərbaycanda yaşaya-yaşaya, təbii ki, ona “Azərbaycanlı”, “Azərbaycan ölkəsindən idi” deməzdilər. Müqayisə üçün xatırlatmaq olar ki, qürbətdə yaşamış XIII əsrin böyük filosofları Əfzələddin Xunəci, Siracəddin Urməvi kimi filosoflar haqqında da “Azərbaycanlı” nisbəsi işlədilmişdir.

Sufizmin panteist fəlsəfəsinin banisi Eynəlqüzat Miyanəci (1099-1131) mənşəcə azərbaycanlıdır. Mənbələrdə Miyanəci nisbəsinin iki məkana aid olması göstərilir. Onlardan biri Şamda yerləşən Miyanəcdir. Digəri isə Azərbaycanın qədim şəhərlərindən biri Miyanədir. Şəhər Təbriz və Marağa arasında yerləşdiyindən belə adlandırılmışdır.

Mənbələrdə hər iki məkana aid görkəmli şəxsiyyətlərin adları göstərilir. Azərbaycanın Miyanə şəhərinə mənsub şəxsiyyətlərdən bəhs edərkən Həmədan qazisi Əbülhəsən Əli ibn Həsən Miyanəci, onun oğlu Əbu Bəkr Məhəmməd Miyanəcinin adları qeyd edilir. Əbülhəsən Əli Miyanəci müsəlman Şərqində panteist fəlsəfəsinin banisi Eynəlqüzat Abdulla Miyanəcinin babasıdır. “Miyanəcilər XI-XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsildir. Onlardan Eynəlqüzat Miyanəcinin babası Əbülhəsən Əli Həsən oğlu Miyanəci mükəmməl təhsil görmüş hüquqşünas alim və incə təbli şair kimi tanınmışdır” faktını təqdim edən Zakir Məmmədov yazmışdır ki, Əbülhəsən Əli ibn Həsən Miyanəci əslən Azərbaycanın Miyanə şəhərindən olsa da, Həmədan qazisi kimi məşhur olmuşdur. Mənbələrdə alim “Bağdadın məşhur fəzilətlilərindən biri” deyilərək təqdim edilir. Əli Miyanəci 1079-cu ilin aprel ayında sübh namazı vaxtı öz məscidində qətlə yetirilmişdir. Eynəlqüzat Miyanəcinin atası Əbubəkr Məhəmməd Miyanəci də adlı-sanlı hüquqşünas alim və Həmədan şəhərinin qazisi imiş. Orta əsr müəlliflərindən biri onun haqqında yazmışdır: “Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası. Yəni o, Qazi Əli Miyanəcinin oğlu, Eynəlqüzat Abdulla Miyanəcinin atasıdır”.

Eynəlqüzat Miyanəcinin həyatı və fəlsəfi yaradıcılığı onun bu sahədə yeganə tədqiqatçısı Zakir Məmmədovun tədqiqatları əsasında artıq Azərbaycan oxucusuna tanışdır. Həmin tədqiqatlardan məlum olur ki, mütəfəkkir sufizmə güclü maraq göstərmiş, mövcud bir sıra müddəaların tərəfdarı olmaqla yanaşı, əsərlərində dolğun mühakimələrilə də seçilmişdir. Bəzi tədqiqatlarda sufizmin panteist fəlsəfəsindən danışarkən bu sistemin İbn Ərəbidən etibarən meydana çıxdığı və ona qədər söylənilən fikirlər ifadə deyil, meyl kimi qiymətləndirilmişdir. Zakir Məmmədov bu səpkidə olan mövcud mülahizələri təqdim etdikdən sonra yazmışdır: “Əslində sufizmin panteist fəlsəfəsi İbn Ərəbidən hələ yarım əsrdən çox əvvəl Azərbaycan mütəfəkkiri Eynəlqüzat Miyanəcinin əsərlərində dolğun şəkildə öz ifadəsini tapmışdır”.

İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) fəlsəfi irsinin yeganə araşdırıcısı Zakir Məmmədov filosofun etnik mənşəyini mənbələrdə əsasında təqdim etmişdir. Alim yazır ki, Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi Sührəvərdə mənsubluğu bildirir. Mənbələrdə Sührəvərdin Zəncan şəhəri yaxınlığında kiçik yer, Zəncanın isə Azərbaycanın sərhədində Cibal (əl-Cibal- Dağlar) nahiyəsində olması göstərilir. Şəmsəddin Zəhəbi Türkmani (1274-1348) qeyd edir ki, Zəncan “Azərbaycan torpağındadır” (“min iqlim Azərbaycan”). Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda doğulduğunu, V.A.Qordlevski və başqaları isə onun azərbaycanlı olduğunu yazmışlar.

Ensiklopedik alim, Marağa rəsədxanasının banisi Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır. İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Azərbaycan alimi Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir.

Beləliklə, Azərbaycan maddi-mənəvi sərvətləri ilə yanaşı yetirdiyi böyük dühalarla, düşüncə sahibləri ilə də elm və mədəniyyət tarixində əzəmətli yer tutur. Mənbələrdə İsmayıl ibn Yəsar, Əhməd Bərdəi Bərdici, Əbülhəsən Bəhmənyar, Eynəlqüzat Abdulla Miyanəci, Şihabəddin Yəhya Sührəvərdi, Nəsirəddin Tusi və başqa şəxsiyyətlərin fəaliyyətlərindən azərbaycanlı kimi bəhs edilmişdir.

Ülkər Zakirqızı, filologiya üzrə fəlsəfə doktoru

Aytək Zakirqızı, fəlsəfə üzrə fəlsəfə doktoru (lent.az)

Bənzər yazılar

Back to top button