SOCAR-ın vitse-prezidentinin adı dələduzluq işində hallanır

Print Friendly, PDF & Email

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədovun adı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işində hallanır.

Təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılan Bənövşə Süleymanova da onun qohumudur. Süleymanovanın özü də elə bu qurumda işləyib – SOCAR-ın Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi olub.

İnfoaz.org xəbər verir ki, Bənövşə Süleymanova SOCAR-da işə düzəltmək adıyla müxtəlif adamlardan pul alıb onları aldatmaqda suçlanır. Bu işdə Xaliq Məmmədovun adı təkcə təqsirləndirilən şəxsin qohumu olmasına görə çəkilmir. Zərərçəkmişlərin ifadələrinə görə, Süleymanova onları SOCAR-ın vitse-prezidentinin qohumu olmasıyla inandırıb. Düşünüblər ki, vədinə əməl etməyə gücü çatar.

“Deyirdi ki, vitse-prezidentin qohumudur”

B. Süleymanova Famil Şükürov, Aybəniz Xəlilova, İlham Paşayev və başqalarından ümumilikdə 100 min manata qədər pul alıb aldatmaqda günahlandırılır. Ona CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Bənövşə Süleymanova zərərçəkmiş qismində tanınan adamlardan pul alındığını etiraf etsə də, özünü təqsirli bilmir. O, keçmiş həyat yoldaşı Elmar Paşayevi günahlandırır və adamlardan aldığı pulları da ona verdiyini deyir.

Məhkəmədə dindirilən Elzadə Paşayeva deyir ki, Bənövşə ilə gözəllik salonunda tanış olub. Özü orada işləyir, Bənövşə də ora gəlib-gedirmiş: “Pula pul demirdi, beş manatlıq işə görə otuz manat verirdi”.
Paşayevanın sözlərinə görə, Bənövşə ona həyat yoldaşını SOCAR-a işə düzəldə biləcəyini deyib və 25 min pul tələb olunduğunu söyləyib: “Deyirdi ki, Xaliq Məmmədovun yaxın qohumudur. Həyat yoldaşımla SOCAR-ın binasının yanına gəldik, sənədlərlə birlikdə pulu da verdik. Amma iş uzandı. Ondan işlə bağlı soruşanda bəhanə gətirdi ki, qarşıdan Avropa Oyunları gəlir, baş qarışıqdır. İki il keçdi, iş düzəlməyəndə pulumu istədim. Dedi ki, başqa bir qadına verib”.

“Onun həbsini yox, pulumu istəyirəm”

Başqa bir zərərçəkmiş Aybəniz Xəlilova isə qızının işə düzəlməsi üçün 18 min manat pul verdiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, o da Bənövşə Süleymanovanın SOCAR-ın vitse-prezidentinin qohumu olduğunu biləndə güman edib ki, qızını şirkətə işə düzəltməyə gücü çatar: “Pulun bir hissəsini borc aldıq, bir hissəsini də kredit götürdük. O ərəfədə SOCAR-da qəza oldu, işçilər dənizdə batdı. Bizə deyirdi ki, “indi ara qarışıb, bir az keçsin, düzələcək”. Bir neçə dəfəyə 18 minə qədər pul vermişik, bir manat da qaytarmayıb. Gördüm ki, nə pul qayıdır, nə də iş düzəlir, evinə getdim. Qapının ağzında dayanıb onu gözlədim ki, nə vaxt gələcək. Bir də gördüm iki nəfər yaxınlaşdı. Soruşdular ki, sən də pula görə gözləyirsən? Başa düşdüm ki, bu, bizim hamımızı aldadıb”.
Zərərçəkmiş deyir ki, Bənövşənin həbs olunmasını istəmir: “İstədiyim odur ki, pulumu qaytarsın, mən də camaatın pulunu verə bilim”.

“Məni dəlixanaya salıb, uşaqlarımı aldı”

Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev də məhkəmədə dindirilib. Bizneslə məşğul olduğunu deyən Paşayev keçmiş həyat yoldaşının pulların ona verilməsi haqda söylədiklərini də təkzib edib: “Mən ali məktəbdə oxuyandan işləmişəm, ailəni dolandırmışam. Evlənəndən sonra da onun puluna ehtiyacım olmayıb. Obyektlərimi də öz hesabıma almışam”.

Keçmiş həyat yoldaşı deyir ki, Bənövşənin müxtəlif adamlardan işə düzəltmək adı ilə pul almasından xəbəri olmayıb. O, baş verənlərdən çox sonra xəbər tutub.

Bənövşə Süleymanova isə keçmiş ərinin yalan danışdığını söyləyir: “Həmin pulların hesabına varlanıb. Sonradan məni dəlixanaya salıb, məhkəmə yolu ilə boşadı. Məni dəli kimi qələmə verib, uşaqları öz himayəsinə götürdü. Mənə deyirdi ki, ‘vəzifəli şəxslərin adından istifadə elə, pul yığ, amma mənim adımı hallandırma’. Mən “Maştağa”da yatanda xəbər tutdum ki, adamlar məndən polisə şikayət edib. Müstəntiqlə birləşib məni bu günə qoydular. İstintaq dövründə də Elmar mənə nə deyibsə, onu yazmışam”.
Cinayət işinin materiallarına görə, Bənövşə Süleymanovanın atası Xaliq Məmmədovun həyat yoldaşının dayısı oğludur.

Məhkəmə avqustun 16-da davam edəcək.

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Əhmədov İnfoaz.org-a münasibət bildirib. Onun sözlərinə görə, Xaliq Məmmədov bu məsələyə bir ay əvvəl münasibət bildirib: Bu çoxdanın məsələsidir, bunu yenidən qaldırıb yazıblar”.

Qeyd edək ki, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bir ay əvvəl verdiyi açıqlamada neft şirkətinə işçilərin qəbulu prosesinin şəffaf olması ilə bağlı açıqlama verib. İnternet resurslarında yayılan həmin açıqlamanı təqdim edirik:

“Artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib. Bu gün SOCAR işə qəbul prosesini şəffaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edir. Bu günə qədər işə qəbulla bağlı 174 570 müraciət daxil olub. 3 889 vakansiya elan edilib, 54 199 vakansiya təsviri formaya uğun ilkin seçim aparılıb. Onlardan 32 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 500 müsabiqə təşkil edilib. Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub”.

...