Bal kimi “vodka”lar – tərkibinə 20 ton təbii bal vurulan “Az-Granata” məhsulları

Print Friendly, PDF & Email

Vüqar Mikayılov: “Keçi südündən istifadə etməklə zəhərli maddələri “vodka”dan çıxarmaq üsulunu tətbiq etmişik”

Ölkənin aparıcı istehsal müəssisələrindən olan “Az-Granata”nın alkoqollu içkilərinin ürək və qaraciyər xəstəlikləri yaratması ilə bağlı bir internet portalında xəbər verilib.

Buna etiraz olaraq “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru, şərabçılıq üzrə mütəxəssis, professor Vüqar Mikayılov hafta.az-a müsahibə verərək yazılanların həqiqətəuyğun olmadığını, rəhbəri olduğu müəssisədə bütün məhsulların yüksək standartlara uyğun hazırlandığını bildirib.

– Məhsullarımızın ən vacib və şübhəsiz keyfiyyət göstəricisi onların təbii məhsullardan hazırlanmasıdır. Buna necə nail olmuşuq? Müəssisə 2006-cı ildən üzüm bağları salmaqla fəaliyyətə başlayıb. Zavod kimi isə 2011-ci ilin oktyabrın 29-da ölkə başçısının iştirakı ilə açılıb. Bu müəssisəni açmaqda əsas məqsəd regionda işsizliyi aradan qaldırmaq, bölgənin təbii nemətlərindən istifadə etməklə dünyaya keyfiyyətli məhsul ixrac etmək olub. Hazırda müəssisədə min nəfərdən artıq işçi çalışır. “Az-Granata”nın 4 yüz hektar üzüm bağı, 400 hektar nar bağı, 14 hektar albalı bağı, 4 hektar tut bağı var. Bu bağlar onun üçün salınıb ki, istehsal olunan məhsullar tam təbii tərkibli olsun. Hətta bizim nar bağı Almaniyanın Lacon İnstitutunun bio sertifikatını alıb ki, bunun əsasında orqanik şirələr istehsal edirik. Bu bizim təbii şirə məhsullarının dünyada tanınması deməkdir.

– “Az-Granata” hansı ölkələrə məhsul ixrac edir?

– Hazırda dünyanın 30-ə qədər ölkəsinə məhsul ixrac edirik. Almaniyada böyük bir bazamız var ki, onun vasitəsi ilə məhsullarımız bir çox Avropa bazarlarına paylanılır. Bundan başqa, Amerika Birləşmiş Ştatları, Kanada və Yaxın Şərq ölkələrinə məhsul ixrac edirik. Bu ölkələrə səfər etdiyimizdə öz məhsullarımızı görmək sevindiricidir. Düşünürəm ki, bu təkcə “Az-Granata”nın deyil, ölkə iqtisadiyyatının uğuru deməkdir.

– “Az-Granata” məhsullarının digərindən fərqi nədir? Yəni hansı üstünlüyünüz var ki, siz onun ancaq “Az-Granata”ya məxsus olduğunu deyə bilərsiniz?

– Alkoqollu məhsullarımızın, əsasən “vodka”ların keyfiyyətini xüsusi vurğulamaq istərdim. Dünyada ilk dəfə olaraq bizim müəssisədə keçi südündən istifadə etməklə zəhərli maddələri “vodka”dan çıxarmaq üsulu tətbiq olunub. Bu texnologiya dünyada yeganə olaraq bizə məxsusdur. Düzdür, südlə emal var, amma onlar quru, yağsız südlə emal edirlər ki, quru süd də denaturasiyaya uğradığına görə məhsulun keyfiyyət göstəricilərini aşağı salır.

– Səhv etmirəmsə, “vodka”nın tərkibinə təbii bal əlavə etmək üsulunu da ilk dəfə siz sınaqdan keçirmisiniz…

– “Az-Granata” “vodka”larının tərkibinə bir il ərzində 20 tona yaxın təbii bal vurulur. Azərbaycanda elə bir müəssisə yoxdur ki, “Az-Granata” qədər əhalidən bal tədarük etsin. Ətrafdakı bütün rayonların əhalisindən də bal qəbul edirik. Şirvan bölgəsinin məhsulunun əsas hissəsini bizim müəssisə qəbul edir ki, bu da əhali üçün əlavə iş yeri deməkdir. Min nəfər “Az-Granata”da rəsmi işləyirsə, əlavə 2 yüz arıçı da öz məhsulunu bizə satmaqla bəhrəsini bizə verir ki, bu da onlar üçün iş yeri deməkdir. Əlavə 200-300 nəfər də bizə meyvə yığıb təhvil verməklə qazanc əldə edir. Müəssisə daxilində min nəfərə maaş verilirsə, elə o qədərinə də əməkdaşlıq etməklə maaş verilir. Bir şirkətin iki min nəfərə zəhmət haqqı verməsi, bir rayonun müqəddəratı deməkdir. Təkcə alkoqollu içkilər istehsal etmirik. Burada təbii şirələr, kompot və mürəbbələr də istehsal olunur və bu məhsulların istehsalında istifadə olunan meyvələri bizə təhvil verən yerli əhalidir. Böyütkən, meşə zoğalı, göyəm kimi cır meyvələr var ki, onları bizə təhvil verənlər zəhmət haqqı ilə təmin olunur. Belə bir müəssisəyə böhtan atmaq, haqqında keyfiyyətsiz məhsullar istehsal etməsi kimi təxribat xarakterli məlumat yaymaq inamımızı azaldır. Odur ki, məhsullarımızın keyfiyyəti barədə mütəmadi olaraq medianı məlumatlandırırıq. Ölkənin ən gənc müəssisəsi olmağına baxmayaraq, “Az-Granata” 5 ildir istehsalatda yeni texnologiyalar tətbiq etməyi, elmi yeniliklər gətirməyi ilə məşhurdur. Məhsullarımızın yüksəkkeyfiyyətli olduğundan xalqımızı əmin edirik.

– Əminlik üçün standartlara uyğunluğu təsdiq edən sənədin olması vacibdir…

– Təbii. Keyfiyyət göstəricisi olmayan heç bir məhsul satışa çıxarıla bilməz. Bütün məhsullarımızın standartlara cavab verməsi, tərkib göstəricisi barədə aidiyyəti dövlət qurumlarının hər birindən sertifikatı var. Əgər bunlar varsa, hansı əsasla deyilə bilər ki, bu məhsullar orqanizmə ziyandır? Adi bir misal deyim. Azərbaycandakı təbii ballar poliflor xassəlidir. Yəni, məhsul iki yüzdən çox gül-çiçəkdən, bitkidən alınır və bu məhsulun “vodka”nın tərkibinə vurulması insan orqanizminə ziyanının minimuma endirilməsi deməkdir. Digər tərəfdən, Azərbaycanda yeganə olaraq “Az-Granata”da “vodka”ların tərkibinə gümüş ionların vurulması keyfiyyət göstəricilərinin yüksəldilməsi deməkdir. Məhz bu xüsusiyyətlərinə görə artıq məhsullarımız xarici bazarlarda özünə yer tutmaqdadır.

– Sıradan bir şəxs məhsullarınızın keyfiyyətli olub-olmadığını necə ayırd edə bilər?

– Bunu sadə yolla izah edək. Əgər “vodka” içən kimsə səhərə qədər su içirsə və yaxud baş ağrısı verirsə, bu onu göstərir ki, “vodka”nın tərkibində aldehidlərin miqdarı normadan çoxdur. Elmi cəhətdən müəyyənləşdirmə də var ki, bu laborator analiz nəticəsində mümkündür. Qeyd etdiyim kimi, bu baxımdan da məhsullarımız güvənlidir, çünki hər biri uyğunluq standartı ilə təmin edilib.

Adətən istehsal müəssisələri beynəlxalq sertifikatlarıyla öyünür…

– Azərbaycanda cəmi 3 müəssisənin orqanik məhsul barədə sertifikatı var ki, onlardan biri də “Az-Granata”dır. Orqanik sertifikatı isə Almaniya verir. Bizim müəssisəyə sertifikatı Almaniyanın Lacon firması verib ki, bu da meyvə, giləmeyvə ağaclarına kimyəvi gübrə verilmədiyindən tutmuş, hazır məhsulun orqanikliyinə qədər hər şeyin təbiiliyini təsdiqləyən sənəd sayılır. Bu sertifikata layiq görülmək çox məsuliyyətlidir.

– Məhsullarınıza xaricdən təklif varmı?

– İxrac olunan məhsullarımız əsasən nardan hazırlanan şirələr, şərablardır. Son vaxtlar isə Rusiya və İraqdan gələn təkliflərə əsasən “vodka” istehsalını artırmışıq. Bununla həm də xeyli miqdarda valyutanın xaricə çıxmasının qarşısını almışıq. Məlumdur ki, indiyə qədər Azərbaycan bazarındakı “vodka”nın 30 faizi idxalın payına düşürdü. Artıq yerli bazarda həmin faizi də “Az-Granata” məhsullarının tutması ona adekvat valyutanın ölkədə qalması deməkdir.

...