İqtisadiyyatManşet

Manatın dövriyyəyə buraxılmasından 25 il keçir

Bu gün, avqustun 15-də Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 25 il keçir.

Keçmiş prezident Əbülfəz Elçibəy 1992-ci il iyulun 15-də “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərman imzalayıb.

1992-ci il avqustun 15-də 1, 10 , 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20, 50 qəpiklik sikkələr, dekabrda da 5 manatlıq əsginaslar dövriyyəyə buraxılıb.

1993-cü ilin martında da insanlar 50, 100, 500 və 1 000 manatlıq əsginaslarla tanış olublar. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

Manatın “ağ günü”

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub. Üstəlik, hər iki valyutadan istifadə edilib.

Prezident Heydər Əliyev 1993-cü il dekabrın 11-də “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərman verib. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Hiperinflyasiya

Ancaq, o vaxt manat xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər olub. Bir il sonra bir dollar 4182 manata yüksəlib.

Denominasiya

2005-ci il fevralın 7-də prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5000 köhnə manata bərabər tutulub və bir il hər iki əskinas qüvvədə olub.

2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib.

Sonrakı illər neftin yenidən bahalaşması manatın məzənnəsinə də təsir edib. Nəticədə bir dollar 78 qəpiyə bərabər olub.

Son iki devalvasiya

Ancaq 2015-ci ildə baş verən iki devalvasiya manatı bir xeyli dəyərdən salıb. Bir dollar birinci devalvasiyada, 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib.

Manat 4 faiz möhkəmlənib

Bu il, 2017-ci ildə isə manatın 4 faiz möhkəmləndiyi bildirilir. Hərçənd ilin əvvəlində əks proses gedib. Bir dollar bir manat 92 qəpiyə kimi yüksəlib. Hazırda bir dollar bir manat 70 qəpiyə bərabərdir.

Bəzi ekspertlər isə düşünür ki, hazırda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Sadəcə reallıqda məzənnə inzibati qaydada müəyyən edilir. Onlar hesab edirlər ki, hərraclar formal keçirilir. (Azadliq radiosu)

Bənzər yazılar

Back to top button