Cəmiyyət

Azərbaycanda bir ilk – “Demokratiya koofisenti” adlı mobil əlavə yaradılıb

“Demokratiya koofisenti” adlı mobil əlavə “Kim milyoncu olmaq istəyir?” formatında olmaqla istifadəçilərə demokratiya və insan hüquqları ilə bağlı sualları cavablandırmaq və sonda bu sahədəki bilikləri ilə bağlı koofisentini müəyyənləşdirmək  imkan verəcək. Mobil əlavəni android platformasında işləyən mobil telefonlar, planşetlərə Play Store  daxil olaraq,  “Demokratiya koofisenti”  yazmaqla yükləmək mümkündür. İstifadəçilərə hər oyun sessiyasında sadədən mürəkkəbə doğru artmaqla 30 sualı cavablandıra bilərlər.

Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə icra olunan “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı layihə çərçivəsində –  “Demokratiya koofisenti” adlı mobil əlavənin təqdimatı keçirilib.

Layihə icraçısı Qadir İbrahimli bildirib ki,  “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” layihəsi Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində dəstəklənib. Qadir İbrahimli məlumat verib ki, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan demokratiya və insan hüquqlarının təşviqi istiqamətində yararlanmaq üçün Azərbaycan təcrübəsində ilk dəfə olaraq Demokratiya koofisenti” adlı mobil əlavə yaradılıb.

Mobil  əlavə 20 variantda sualları cavablandırmağı təklif edir. 1-dən-10-dək sualları cavablandıran zaman  hər düzgün cavaba görə 2 bal, 11-19—dək sualları cavablandıran zaman  hər düzgün cavaba  görə 4  bal, 20-dən 30-dək sualları cavablandıran zaman  hər düzgün cavaba  görə 6 bal veriləcək.  İstifadəçilər  maksimum bir oyun sessiyasında 114 bal toplaya bilərlər.

“Demokratiya koofisenti” adlı mobil əlavə istifadəçilərə  600  (altı yüz) sualı cavablandırmaq imkanı təqdim edir. Bu 600 sual mürəkkəblik dərəcəsinə görə 3 kateqoriyaya (sadə, mürəkkəb və çox mürəkkəb) bölünüb.

Hər sessiyada istifadəçiyə 3 dəfə suallardan iki səhv cavabı götürmək imkanı verilir.

İstifadəçilər özlərinin nəticələrini Feysbuk sosial şəbəkəsində paylaşa bilərlər.

“Demokratiya koofisenti” adlı mobil əlavənin yaradılmasında məqsəd innovativ mexanizmlərlə  gənclər, tələbələr, ictimai fəaliyyətə maraq göstərən şəxslərin  demokratiya, insan hüquq və azadlıqları ilə bağlı maarifləndirilməsidir.

Layihə çərçivəsində onlayn «İnsan Hüquqları Evi» Demokratiya və insan hüquqları sahəsində elektron informasiya-resurs mərkəzi kimi çıxış edən www.bizimekteb.org saytı yaradılıb.  Eyni zamanda demokratiya və İnsan hüquqları ilə bağlı  tanınmış  ictimai xadimlər  məqalələr yazıblar və öz təkliflərini veriblər.

Layihə çərçivəsində 10 belə məqalə dərc olunub. Keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli,  “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova, “Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov, “Demokratiyanı öyrənmə” İB-nin sədri  Mirəli Hüseynov,  “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı»  İB-nin sədri Əhməd Abbasbəyli, tanınmış jurnalistlər Azər Rəşidoğlu, Seymur Verdizadə, İCNL-in  Azərbaycan üzrə sabiq nümayəndəsi,  “MG” konsaltinq şirkətinin rəhbəri Məhəmməd Quluzadə, fəlsəfə doktoru Vahid Ömərov layihə çərçivəsində məqalələrlə çıxış ediblər.

Tədbirdə “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” layihəsi çərçivəsində irəli sürülən təkliflər də təqdim edilib. Tədbir iştirakçıları təkliflərlə bağlı öz fikirlərini bölüşüblər.

Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Gülnarə İsmayılova qeyd edib ki, insan hüquqları sahəsində maarifləndirmə ilə əlaqədar İKT-nin imkanlarından istifadə edilməsi çox təqdirəlayq haldır. G.İsmayılova tədbirdə iştirak edən, baş redaktorlar və media təmsilçilərini layihə çərçivəsində hazırlanmış təklifləri diqqətdə saxlamağa çağırıb.

 

Bənzər yazılar

Back to top button