Əziz Orucovdan nə xəbər?

Print Friendly, PDF & Email

Həbsdə olan jurnalist Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova avqustun 15-də onunla görüşüb.

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Bu həbs müddəti başa çatmaqdaykən ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və Əziz Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra “Kanal 13″ün ofisində və Əziz Orucovun evində axtarış aparılıb. Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Avqustun 16-da Novator.az-a danışan Lamiyə Orucova deyib ki, yoldaşı ilə görüşlərinə maneələr yaradılır: “Şüşə arxasından söhbət edirik. Səhər saat 10-da Bakı İstintaq Təcridxanasına gedirəm, yalnız 3-4 saat sonra görüşə nail oluram. Deyirlər ki, hər həftə görüşə bilməzsiniz. Çox çək-çevirdən sonra icazə almaq olur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov dəfələrlə məktubla mənə görüşlərdə heç bir məhdudiyyətin olmadığını bildirsə də, təcridxanada Əzizin yalnız anasına və mənə görüş imkanı verilir. Halbuki Əzizin təkcə ailə üzvləri ilə yox, şəxsi marağında olduğu başqa insanlarla da görüşmək hüququ var”.

Lamiyə Orucova bildirib ki, bir çox çətinlikdən sonra həyat yoldaşının saxlanma şəraiti yaxşılaşıb: “Onu 4 nəfərlik kameraya köçürüblər. Əvvəlkinə nisbətən daha yaxşı kameradır, heç olmasa nəfəsliyi açmaq olur. Əzizin səhhətindəki problemlərlə isə heç kim maraqlanmır. Böyrək çatışmazlığından əziyyət çəkir, müalicə edilmir, vəziyyəti daha da pisləşir. Müntəzəm olaraq təzyiq problemi yaşayır”.

“Kanal 13″də həyat yoldaşı ilə birgə çalışmış Lamiyə Orucova istintaq orqanının ofisdən götürdüyü kompüterlər və telekameraların yoxlandığını deyib: “Avqustun 10-da həmin əşyalara baxılması üçün ekspertiza təyin edildi, 4 gün sonra cavab açıqlandı ki, yoxlama nəticəsində dövlət əleyhinə heç nə aşkarlanmayıb, hər şey təmizdir. Biz hər zaman jurnalist kimi vəzifəmizi icra etmişik. Bunlar bu fəaliyyətdə dövlət əleyhinə nə axtarır, məlum deyil”.

...