Bizim seçimManşetSiyasət

Eldar Namazovdan Əli Kərimlini maliyyələşdirməsi ilə bağlı iddiaya reaksiya

“Heydər Əliyev o zaman səhiyyə naziri olan Əli İnsanova və mənə tapşırıqlar verdi ki, bu işə nəzarət edək”

15 avqustda avropa.info saytında dərc olunan “Əli Kərimlini Prezident Administrasiyasında kimlər maliyyələşdirib” başlıqlı məqalə ətrafında gedən müzakirələr səngimək bilmir.

Bəzi saytların məqaləni fərqli şəkildə vermələri Avropa-infoda ciddi narazılıq doğurub.

Bununla bağlı gedən müzakirələrə avropa.info-nun rəhbəri Ruslan Bəşirli münasibət bildirib. O, AXCP sədri Əli Kərimlinin vaxtı ilə hakimiyyətlə işbirliyində olduğunu bir daha qeyd edərək, onu maliyyələşdirənlər sırasında 1999-cu ilə qədər prezidentin köməkçisi işləmiş Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovun adını çəkib.

“Təəssüf ki, bəzi media vasitələri saytımızda gedən yazını düzgün interpretasiya edə bilməyiblər. Bizim yazıda söhbət 2003-cü ilə qədər Prezident Aparatında çalışan məmurlardan gedir. Məsələn, Eldar Namazovdan” – deyə, sayt rəhbəri bildirib. Bəşirli bildirib ki, bəzi saytlar bu yazını təhrif etməyə cəhd göstəriblər: “Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmış keçmiş siyasətçi, mövcud blogger Əli Kərimli vaxtilə ciddi-cəhdlə Azərbaycan hakimiyyətinə xidmət etmişdir. Rəhmətlik Heydər Əliyevin dönəmində Əli Kərimli Elçibəy ideallarına deyil, indiki hakimiyyətin möhkəmləndirilməsi yolunda böyük fədakarlıq göstərmişdir.
Və o zaman, Prezident Administrasiyasının keçmiş məmurları Əli Kərimliyə dəstək verirdi. Məsələn, Eldar Namazov. Keçmiş cəbhə liderlərinin, məsələn Fazil Qəzənfəroğlunun xatirələri buna dəlalət edir. Həm də, Kərimlinin hakimiyyətlə sövdələşməsi və yaxından əməkdaşlığı gözümüzün önündə idi. Axı o zaman, mən cəbhəçi gənclərin lideri idim. Hakimiyyət tərəfindən, Prezident Administrasiyası tərəfindən dəstək tapması söylədikdə, mən məhz bunu nəzərdə tuturdum.
Düzdür, sonradan 2003-cü ildə, Əli Kərimli Heydər Əliyev yoluna xəyanət edərək, bəzi xarici qüvvələrlə birləşib Azərbaycanda böyük destabilizasiya planlarına imza atmış oldu. Və onun bu dağıdıcı missiyasına bəzi iqtidara yaxın qüvvələr dəstək verirdi. Mən, Prezident Administrasiyasının bugünkü əməkdaşlarını nəzərdə tutmamışam. Çünki onların hər biri dövlətçiliyimizə sadiqdilər. Söhbət keçmiş əməkdaşlardan və bu gün iqtidara yaxın qüvvələrdən gedir. Təəssüf edirəm ki, bəzi həmkarlarım bunu düzgün interpretasiya etməyiblər”.

Prezidentin sabiq köməkçisi barəsində yazılanlarla bağlı “Yeni Müsavat”a açıqlama verib: “Ayın 15-də Azərbaycana qayıtdım. Müalicə və başqa işlərimlə bağlı bir müddət xaricdə oldum. Açığı o məqalələrlə tanış da deyildim. Jurnalistlər mənə müraciət edəndən sonra yazı ilə maraqlandım. Mən 1999-cu ildə istefa ərizəsimi yazıb, vəzifədən könüllü ayrılmışam, yəni 2003-cü ildə yox. Rəhmətlik Vəfa Quluzadə, Tofiq Zülfüqarovla birlikdə istefa vermişəm. Ruslan Bəşirlinin dediklərinə jurnalistlər müraciət edəndən sonra baxdım. Kiminsə oğlu özünə villa tikir, yaxud Londonda yaşayır kimi məsələləri gündəmə gətirib. İstefa verdiyim dövrdə nə bəhs edilən villalar, nə də Londonda oxuyan uşaqlar var idi. O zaman həmin uşaqlar hələ analarının yanında uşaq baxçasına gedirdilər. Məqaləyə diqqətlə baxdım, belə anladım ki, bu günkü hadisələrlə bağlı yazıb və konkret də yazıb ki, bu gün həmin şəxslər Prezident Aparatında otururlar. Sonradan görünür ona elə ciddi qulaqburması veriblər ki, vəziyyətdən nə cür çıxacağını bilmir. Ona görə başqa şəxslərin adlarını hallandırmağa başlayıb. 1999-cu ildə Prezident Aparatından getmiş bir şəxsin 18 il sonra bu məsələlərlə bağlı adının hallanması çox gülüncdür. Bu məqaləni yazan şəxsə hansı təzyiqlərin edildiyini bilmirəm. Onun məqaləsindən sonra yozmalar var ki, görən Prezident Aparatında kimlər həbs olunacaq, yaxud işlərini itirəcəklər. Ona görə aparatda oturan bəzi şəxslərin adları çəkilir. Ruslan Bəşirliyə verilən qulaqburması o qədər güclü olub ki, belə şeylər uydurmağa başlayıb. Açığı bu gülünc iddiaların heç üzərində o qədər də dayanmaq lazım deyil. Məqalədə sadalanan məsələlər 2010-cu illərdən sonra təsadüf edir. Amma dediyim kimi 1999-cu ildən sonra aparatda işləmirəm”.

E.Namazov Prezident Aparatında işlədiyi dönəmdə müxalifətlə yaxınlığının olub-olmaması ilə bağlı sualımıza bu cür cavab verdi: “Heydər Əliyevlə çalışdığım dövrdə mənə aid konkret sahələr var idi. Kimlər ki siyasi partiyalarla məşğul olurdular, bu şəxslər daha çox Yeni Azərbaycan Partiyasında rəhbər vəzifələrdə çalışanlar idilər. Aparatda da bu məsələ ilə məşğul olan xüsusi şöbə var idi. Çalışdığım dövrdə Heydər Əliyev göstəriş vermişdi, heç qəbul günlərim belə yox idi. İşim sırf prezidentin fəaliyyəti ilə bağlı idi. Xarici və daxili siyasət, təhlükəsizlik məsələləri kimi konkret sahələrə baxırdım. Deyilən məsələlər sahəmə aid olmadığında o işlərlə məşğul olmurdum. Amma o dövrdə 1-2 təsadüfi hallar oldu ki, mənə müraciət olundu, hansısa bir işlərlə bağlı. Köməklik etməyim xahiş olundu. Onlardan bəzilərini açıqlaya da bilərəm. Yadıma gəlir ki, bir dəfə Mirmahmud Mirəlioğlu mənə telefon açdı, görüşmək istədiyini bildirdi. Bunu prezidentə məruzə etdim. Mirmahmud ağanı qəbul edib, onunla söhbət elədim. Söhbət rəhmətlik Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtması ilə bağlı idi. Mirmahmud ağa ilə bir neçə saat söhbət etdikdən sonra prezidentə məruzə etdim. Yanımda telefon açaraq başqa rəhbər şəxslərlə danışdı. Bir neçə həftədən sonra rəhmətlik Elçibəyin Bakıya qayıdışı reallaşdı. Bunun haqqında Mirmahmud ağa da mətbuatda danışıb. Mətbuatda başqa bir informasiya da getmişdi, rəhmətlik Nəcəf Nəcəfovun xəstəliyi ilə bağlı. O xəstələnəndə prezidentə müraciət etdim ki, onun müalicəsini təşkil etmək istəyirəm. Prezident dedi ki, onun müalicəsi dövlət səviyyəsində təşkil olunmalıdır. Bununla bağlı tapşırıqlar verdi. Həm Almaniyadakı səfirimizə, həm də o zaman səhiyyə naziri olan Əli İnsanova və mənə tapşırıqlar verdi ki, bu işə nəzarət edin. Yəni bu cür hadisələr baş verib. Gündəlik partiyalarla, siyasi qurumlar o zaman işləyən xüsusi şöbə var idi. Yeni Azərbaycan Partiyasında da dediyim kimi bu işə baxan müavinlər var idi. Ona görə o dövrdə bu sahə ilə heç bir əlaqəm olmayıb. O vaxtlar səlahiyyət bölgüsü çox dəqiq idi. Hamı ona tapşırılan sahə ilə məşğul idi”. (musavat.com)

Bənzər yazılar

Back to top button