Tikinti şirkətlərinin KOMMUNAL XİDMƏT HAQQI oyunu (müasir reketlik)

Print Friendly, PDF & Email

Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq dedikdə, nələr nəzərdə tutulur?

1. Çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq

2. kommunal xidmətlərə görə haqq (soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar)

Bina inşa edən MTK, MMC və digər şəxslər binanı inşa edərək mənzilləri satdıqdan sonra onun cari və ya əsaslı təmirinə ümumiyyətlə vəsait ayırmamaları hesab edirəm ki, heçkəsdə şübhə doğurmaz.

O ki qaldı bugün ölkədə yeni inşa edilən (son 17-18 ildə) binalarda kommunal xidmətlərə görə alınan haqqa, çoxmənzilli binaların sakinləri istifadə etdikləri soyuq suyun (içməli su və çirkli su birlikdə), elektrik enerjisinin və qazın (qazla təmin ediliblərsə özlərini bəxtəvər hesab edə bilərlər 🙂 ) dəyərini sayğaca uyğun olaraq, isti su və istilik təchizatının dəyərini isə kommunal xidmətə görə yığılan haqdan əlavə olaraq ödəyirlər. Bəs o zaman yığılan “kommunal xidmət haqqı” adı altında tikinti şirkətləri tərəfindən bina sakinlərindən toplanan (tələb edilən) pullar nəyə görədir?

Hesab edirəm ki, tikinti şirkətlərinin reket sayağı topladığı qanunsuz pullardan və bütün bu kimi hallardan insanların özlərini və ciblərini qorumağın tək çıxış yolu var:

– Sakinlərin (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağını təşkil etmək və Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini (MMMC) təsis edərək binanın idarəetməsini mülkiyyətçilərinin özlərinin həyata keçirməsi.

Bu tip idarəetmə hələ qərb dövlətlərində və bir çox ölkələrdə 20-ci əsrin birinci yarısından tətbiq edilməkdədir. Qonşu və qardaş ölkə Türkiyədə hələ 1965-ci ildə Mənzil Mülkiyyəti haqqında Qanunun qəbul edilməsi ilə çoxmənzilli binalarda idarəetmənin qaydaları müəyyən edilmiş və tətbiqinə başlanılmışdır. Bizim ölkədə isə, Sovet dövründən (1982-ci ildən) qalma Mənzil Məcəlləsi 2009-cu ildə yeni Mənzil Məcəlləsinin qəbul edilməsi ilə öz qüvvəsini itirdi və yeni Məcəllə müasir dünya standartlarına uyğun bina idarəetməsini və onun üsullarını özündə ehtiva etdi. Sonradan üzə çıxan problemlərin həlli isə, həmin qanuna edələn dəyişikliklərlə həll edilməyə çalışıldı. Belə dəyişikliklərdən biri isə məhz 13 iyun 2017-ci tarixli Qanunla edilmişdir. 14 iyul 2017-ci il tarixində Prezident tərəfindən imzalanan Fərmana əsasən, Nazirlər Kabinetinə çoxmənzilli binanın idarə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində hazırlaması barədə göstəriş, dövlətin bu sahədəki problemlərin həllinə hesablanmış addımı kimi qiymətləndirilə bilər.

Mənzil qanunvericiliyimizə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üçün 3 üsuldan birini seçməyə borcludurlar:

1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;

2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;

3. idarəedici təşkilat tərəfindən idarə edilmə.

P.S. İndi oxumaq yorucu olmasın deyə, gələcək yazılarımda bu idarəetmə üsullarını ayrı-ayrılıqda müsbət və mənfi tərəflərini göstərməklə izah etməyə çalışacağam.

Ayaz Mirzəzadə, hüquqşunas

AzToday.Az

...