Mehman Əliyev həbs edildi

Print Friendly, PDF & Email

Mehman Əliyevi şübhəli şəxs qismində saxlayıblar.

Bu barədə “Turan” İA-nin əməkdaşı Əziz Elxanoğlu öz “Facebook” səhifəsində yazıb: “Mehman Əliyev özü zəng etdi. Yasamal Polis İdarəsində şübhəli şəxs qismində saxlayıblar”.

Vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, əvvəlcə o, şahid qismində ifadə vermək üçün dəvət olunub: ”Ancaq sonradan statusu dəyişib. Şübhəli şəxs qismində də, təqsirləndirilən kimi də saxlanıla bilər”.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.
”Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq “Turan” agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

M.Əliyev həmçinin vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədləri istənib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

...