Bizim seçimGündəmHadisəManşetSiyasət

NAXÇIVANIN “BOZ KARDİNALI” DA “VURULUR”!? – Vasif Talıbovdan sonra ən təsirli fiqur ətrafında nə baş verir?

Naxçıvan hakim elitasında xüsusi xidmət naziri Vəli Ələsgərovun işdən çıxarılması və daha sonra həbsi ilə başlayan “fırtına”, belə görünür ki, hələ bir müddət də davam edəcək. Bu dalğa MR elitasının, demək olar ki, bütün ağır çəkili fiqurlarını bu və ya digər dərəcədə “yerindən tərpədib”. Məlum olduğu kimi, xüsusi xidmət nazirinin ardınca Naxçıvan hakimiyyətində xüsusi çəkisi ilə fərqlənən polis naziri Əhməd Əhmədov da bugünlərdə vəzifəsini itirdi. Əldə olunan məlumatların təhlili isə bu qənaətə gəlməyə əsas yaradır ki, Naxçıvan hakim dairələrində səs-küylü, gözlənilməz “vurulmalar” hələ bundan sonra da davam edəcək.

MR-dəki etibarlı mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, son vaxtlar MR rəhbərliyində Ali Məclisin sədri Vasif Talıbovdan sonra ən təsirli fiqur, belə demək olarsa, Naxçıvanın “boz kardinalı” Azər Zeynalov da çətin günlər yaşayır.

AZƏR ZEYNALOV KİMDİR?

1970-ci ildə Şərur rayonunda müəllim ailəsində anadan olan A.Zeynalov, son iki çağırışda MR Ali Məclisinə deputat və Ali Məclis sədrinin birinci müavini seçilib. Bundan əvvəl o, Naxçıvan Dəmir Yolu İdarəsinin rəis müavini olub. A.Zeynalovun karyerasında sürətli yüksəlişin – qısa müddətdə MR hakimiyyətində əsas söz sahiblərindən birinə çevrilməsinin “sirri” bilinmir. Bununla bağlı müxtəlif versiyalar var. Hətta bu versiyalardan birinə görə, A.Zeynalov MR-də geniş vüsət alan iməcliklərdə (!) fərqləndiyinə görə illər əvvəl cənab Talıbovun diqqətini çəkə bilib. Bu versiya bir qədər fantastik görüsə də, fakt budur ki, A.Zeynalov bir neçə ildir Ali Məclis sədrinin birinci müavini vəzifəsini tutur və bir çox məsələlərdə, məsələn, kadrların seçilməsi işində əsas söz sahiblərindən biridir. A.Zeynalov Ali Məclisin sədri ilə məmur təbəqəsi arasında körpü olub – deyilənə görə hətta bir çox nazirlər belə MR rəhbəri ilə məhz A.Zeynalovun vasitəsilə ünsiyyət qura bilir. Üstəlik, A.Zeynalov MR rəhbərinin ən etibarlı məlumat mənbələrindən biri olub. O, bir sözü ilə kimlərinsə karyerasının, hətta taleyinin üzərindən çarpaz xətt çəkə, bir sözü ilə kimlərisə yüksəldə bilib.

Lakin deyəsən son 2 ildə MR elitasında baş verən müəmmalı və anlaşılmaz proseslər Azər Zeynalovun da ətrafında cərəyan etməyə başlayıb. Məlumata görə, son vaxtlar A.Zeynalov da ciddi etibar itkisinə məruz qalıb və bir çox rəsmi, qeyri-rəsmi səlahiyyətləri əlindən alınıb. Birinci müavinin yüksək etibardan sui-istifadə etdiyinə dair əsaslı şübhələr baş qaldırıb. Hətta onun əleyhinə konkret ifadə verənlərin olduğu da bildirilir. Təsadüfi deyil ki, A.Zeynalovun 2 qardaşı bu yaxınlarda tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. Onlardan birinin – Naxçıvan Hava Limanı rəisinin müavini olan Ceyhun Zeynalovun işdən çıxarılması iclasda öz rəisinə stul tullaması ilə əlaqələndirilsə də, heç şübhə yoxdur ki, “Boz kardinal”ın mövqeləri laxlamasa, onun qardaşını belə xırda məsələyə görə vəzifəsindən qovmazdılar.

Beləliklə, görünən budur ki, Naxçıvan hakim elitasının az qala yarısını XƏYANƏTDƏ ittiham edirlər! Kim, kimə və necə xəyanət edib – bu suala dolğun cavab vermək çətindir…

Bənzər yazılar

Back to top button