İqtisadiyyat

“Azərbaycanda ən çox təzyiqə məruz qalan qrup sahibkarlardır”

Kiçik sahibkar Fərhad Həsənovun AzToday.az saytına müsahibəsi

-Fərhad bəy, prezidentə açıq məktubunuz mətbuatda dərc edilmişdir. Yəni başqa instansiyalarda müraciətinizə adekvat cavab olmadığından bu addımı atmısınız?

– Bilirsiniz, mən kiçik sahibkarlıqla məşğul olan, insanlara xidmət göstərən və eyni zamanda dövlət büdcəsinə vergi verən, o cümlədən insanların məşğuliyyətinə köməklik göstərən bir adamam. Lakin, vergi müfəttişləri, Azərbaycanın polis məmurları, icra hakimiyyətinin işçiləri, epidemioloji xidmətin və s. nümayəndələri müxtəlif adlarla rüşvət tələb edərək effektiv biznes işinə mane olurlar. Buna görə də, mən biznesə normal mühit yaradılmasını tələb etmək məqsədilə bu addımı atmışam. Həm də, axı sahibkarlığın inkişafıyla bağlı qəbul edilmiş dövlət proqramları var və bu proqramlarda dövlət orqanlarının normal şərait yaradılması tələb olunur.

– Necə hesab edirsiniz, Sizcə bu müraciət effektiv olacaqmı?

– Əslində mənim ölkə başçısına müraciət etməyim onunla bağlıdır ki, Azərbaycanda sahibkarların xeyli problemləri vardır. Deyərdim ki, ən çox təzyiqə məruz qalan qrup elə sahibkarlardır. Burada həm də sahibkarların problemlərini ictimailəşdirməklə onlara diqqətin artırılmasına çalışıram. Çünki, fikirləşirəm ki, mənim kimi yüzlərlə sahibkarlar da bu problemlərlə hər gün rastlaşır. Eyni zamanda onların əksəriyyəti öz bizneslərini, maddi imkanlarını itirməkdən qorxaraq səslərini çıxarmırlar. Sualınıza cavab olaraq bildirim ki, mənim müraciətim əks effekt də yarada bilər. Belə ki, həmin məmurlar mənim bu müraciətimə görə məni “cəzalandıra bilərlər”. Bu müxtəlif vergi sanksiyaları, epidemioloji, ekoloji, sanitar pozuntu və yaxud vergidən yayınma adıyla da həyata keçirilə bilər. Hər halda mən öz biznesimdə müəyyən sahələrdə dəyişiklik aparacam ki, bu risklərdən qaçım. Lakin, ümid edirəm ki, ölkə başçısı mənim müraciətimi adekvat cavablandıracaq və sahibkarların normal fəaliyyətinə imkanlar genişləndiriləcəkdir.

Samir Əhmədov

Bənzər yazılar

Back to top button