Bizim seçimGündəmHadisəİdmanManşet

Türkiyədə azərbaycanlı idmançıları oteldən qovdular (FOTO)

Bir qrup tanınmış idmançı Türkiyənin Antalya bölgəsindəki “Sirene Belek” otelindən qovulub. Bu haqda yenicag.az-a həmin oteldə hadisənin şahidi olan turist xəbər verib.

Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanov da olub. Ümumilikdə, 15 nəfərdən ibarət olan qrupa Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinin oğlunun rəhbərlik etdiyi deyilir.

Həmin şəxslərin oteldən özlərini ədəbsiz apardıqlarına, xuliqanlıq etdiklərinə görə qovulduqları bildirilir. Belə ki, idmançılar  hovuz kənarında dincələn turistləri suya tullayıblar, “Sirene”nın barında qadınlara sataşıblar və s. hərəkətlər ediblər. Ailəvi istirahət məkanı olan “Sirene Belek”də azərbaycanlı turistlərin özlərini bu cür aparması  otel sakinlərindən tutmuş heyətə kimi hamının canını boğazına yığıb. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik onları oteldən qovmalı olub.

Məlumatı Antalyanın Belek bölgəsində yerləşən “Sirene Belek” otelindən də təsdiqləyiblər: “Bəli, belə bir hadisə baş verib. Buna görə də çox məyusuq. Nəticədə məcbur qalıb, həmin şəxsləri oteldən uzaqlaşdırdıq. Buna səbəb isə qeyd etdiyiniz qonaqların uyğunsuz hərəkətləridir. Xüsusən də hovuz başında, ailələrin olduğu yerlərdə içkili halda turistlərə sataşıblar”, – deyə otel nümayəndəsi bildirib.

Maraq üçün qeyd edək ki, ədəbsiz davranışları ilə diqqət çəkən şəxslər arasında olan Sənan Dünyamalıyev 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə olunub. İttiham olunan şəxsə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Lakin bundan 5 il sonra S.Dünyamalıyev “Kral” şadlıq sarayının yaxınlığında baş verən “razborka” ilə gündəmə gəlib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 6 iyun, 2015-ci ildə ildə “Kral” şadlıq sarayının binasında “razborka” baş verib. S.Dünyamalıyev özündə olan “Shurshill” markalı ov tüfəngindən atəş açıb, atəş nəticəsində şadlıq sarayının pəncərə şüşələri sınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb. Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından “Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

Bu iş üzrə Dünyamalıyevə ötən il fevralında hökm oxunub, Nərimanov rayon məhkəməsi onu 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Həmin hesabla kriminala meylli idmançının azadlığa çıxması elə bu günlərdə baş verməliydi.

“Kral” şadlıq sarayındakı  “razborka”nın digər iştirakçısı olan Bəhman Şəfiyev isə bu ilin iyul ayında Bakıda, Buzovna qəsəbəsi ərazisində “Gelandewagen”lə piyadanı vurub öldürmüşdü.

Bənzər yazılar

Back to top button