Xəbərlər

Analoqu olmayan “möcüzə”

Mövcud hakimiyyət elə bir “möcüzə” yaradıb ki, baxanın gözü qamaşır. Ölkənin hər köşəsindən ziddiyyət parıldayır. Yalan həqiqətin ayağına dolaşıb, şər xeyirə ədalət dərsi keçir, qorxaq cəsarətliyə yol göstərir, vətənə qənim kəsilən vətənpərvərlik moizəsi oxuyur və.s

Bəzən ölkə reallıqları qarşısında daşa dönürük, danışmağa söz tapmırıq, absurdun bu qədər “nəaliyyət”lər əldə etməsinə inana bilmirik. Ziddiyyətlər böhranın qarışqa kimi canımıza darışıdığı bir vaxtda daha da aktuallaşıb. Hər gün xəbər saytlarından hansısa dövlət qurumunun zərərlə işləməsini, hansısa iri müəssisənin xarici borcunun artdığını eşidirik. Əlbəttə, söhbət kiçik müəssisələrdən getmir. SOCAR, “Azərsu”, “Azərenerji” və bu qəbildən olan iri dövlət strukturlarının taleyindən gedir. Əli pulla oynayan qurumların ayağının çuxura düşməsi qəribə görünür. Əvvəla, bu qurumların zərərlə işləməsinin özünə bir aydınlıq gətirmək lazımdır. Mövsümdən asılı olmayaraq pul yığmaqla məşğul olan, qiymətləri hər kvartal artıran qurumlar niyə zərərlə işləməlidir? Dövlət qurumlarına külli miqdarda borcu olanlar kimlərdi? Borca görə sadə vətəndaşın işığını, qazını kəsənlər, illərlə kommunal borcunu ödəməyən “iribuynuzlu”lara niyə kötək göstərə bilmirlər?

Suallar çoxdur və illərdi bu suallar cavabsız qalır. Amma əsas sualımız bunlar da deyil. Hökuətimiz uzun illərdi “bizim öz yolumuz var”, “dünya Azərbaycan modelini öyrənir” təbliğatını aparır. Biz də bir “möcüzə”nin sirrini öyrənmək istəyirik. Doğrudan da iri dövlət müəssisələri zərərlə işləyirsə, bu müəssisələr dövlət zəmanətiylə xaricdən borc almaq məcburiyyətində qalıbsa, məlum qurumların rəhbərləri necə milyonerə çevrilə bilib? Bu ziddiyyətin elmi izahı varmı? Zərərlə işlədiyi iddia edilən strukturların rəhbərləriylə bağlı cəmiyyətdə bitib-tükənməyən hekayələr dolaşır. Birinin milyonluq villası, birinin xaricdə biznes imperiyası, birinin bahalı tədbirlərə sponsorluq etməsi, birinin övladının harın həyat yaşaması haqqında faktlat meydana çıxır. Məlum olur ki, dövlət strukturları bədbəxt olduqca, bu strukturların başında duranlar xoşbəxtlik bolluğuna düşürlər.

Bəli, idarəçilikdəki bu “möcüzə” yalnız Azərbaycanda mövcuddur. Yalnız Azərbaycanda büdcə kiçildikcə, məmur böyüyür. Yalnız Azərbaycanda xalq kasıbladıqca, vəzifə sahibləri varlanır. Yalnız Azərbaycanda dövlət qurumları çökdükcə, dövlət məmuru zirvəyə qalxır. Və yalnız Azərbaycanda səriştəsizliyin, talançılığın, korrupsiyanın günahını böhranın üstünə atırlar. Halbuki, ən böyük böhran nə neftin qiymətinin düşməsi, nə də hansısa qlobal bəla deyil. Bütün problemləri yaradan sistemdir. O sistem ki, dövləti fərdlərə qurban verib. Məhz buna görə də şəxslər zənginləşdikcə, dövlət zəifləyir. İdarəetmənin bütün “möcüzə”si cibləri yeklətməyə xidmət edir. 123 milyard neft pulunun gəldiyi ölkədə, vətəndaşın 116 manat maaşla müjdələnməsi də rejimin “möcüzə”lərindəndir.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button