CəmiyyətDigərGündəmHadisəİqtisadiyyat

Bir milyonu oğurlanan alimin professor qızı danışdı

AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) evindən 1 milyon manatın oğurlanması gündəmin əsas müzakirə mövzusudur.

Aybəniz Əliyevanın qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Gülşən Əliyevanın ölkə.az verdiyi açıqlamada ittihamlara cavab verib.

Onun sözlərinə görə, qarşı tərəf, yəni oğurluğa görə həbs edilən Xanım Zeynalovanın qohumları məsələni ictimailəşdirməklə, onlara təzyiq göstərməyə çalışır: “Bu adamlar bizim evimizdən 500 min pul aparıblar. Üç il əvvəl başımızı aldadıb ki, atam ölüb. Üç il ərzində bu adam evimizdən o pulları aparıb. Aybəniz xanım hazırda Fransada rəsmi ezamiyyətdədir. Mən bir professoram, ədəbiyyatçıyam, o Abduləli isə heç kimdir. Onunla bir tərəziyə düşmək istəmirəm. Onların evindən bizim əşyalarımız artıq tapılıb və onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İndi o başa düşüb ki, saytlara məlumat verməklə bizə təsir edə və ərizəmizi geri götürdə bilər. O səbəbdən ora-bura yanlış məlumatlar verir. Yəqin, sizə də belə deyib ki, “Albatros” dükanından filan şey alınıb. 47 yaşlı adamam, “Albatros” dükanından dayıma da, qardaşıma da, qonşuma da almışam. Kiməsə nəsə almaq istəyəndə dükanda qəbz yazdırırsan. Bu, adi qaydadır. Mağazada qəbz yazdırıb, adama hədiyyə etmişəm. Bunu ictimailəşdirməyin adı nədir?”

Gülşən Əliyevanın anasının evində bir milyon vəsaitin olmağında qeyri-adi səbəb görmədiyini deyib: “Əgər siz, həqiqətən, jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon Prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim “Sovetski” adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə, əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəslindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində, bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə, anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlər aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə – ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm, yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşvət vermişəm. Elə bir şey mümkün deyil”.

Bənzər yazılar

Back to top button