Cəmiyyət

Meşələri qorumaq üçün gücümüzü birləşdirmək gec deyil

Əsas məqsədi ekoloji və sosial məsələlərin həllində iştirak etmək, insanların sosial və ekoloji hüquqlarının həyata keçirilməsində onlara yardım göstərmək olan “Ekoleks” Ekoloji Hüquq Mərkəzi öz fəallığı ilə seçilən Qeyri-hökumət Təşkilatlarındandır. 1999-cu ildə yaranan həmin təşkilat ötən müddət ərzində maraqlı layihələr həyata keçirib.

Bu günlərdə “Ekoleks” Ekoloji Hüquq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” layihəsi çərçivəsində meşələrin bərpası və mühafizəsi məqsədilə bir qrup jurnalistin Qəbələ rayonuna infoturunu təşkil edib. İnfoturun məqsədi Azərbaycanda meşələrin bərpası, istifadəsi və mühafizəsi sahəsində vəziyyəti müşahidə etmək, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq, ölkənin ən böyük turist bölgələrindən hesab edilən Qəbələ rayonunda meşə mühafizəsi və meşələrdən davamlı istifadənin əlaqələndirilməsi təcrübəsini əyani şəkildə görmək idi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin əməkdaşı Cavid Qara jurnalistlərə məlumat verərək bildirib ki, meşələrin bərpası təbii və əkin üsulları ilə aparılır. Ölkə başçısının tapşırıqlarına əsasən, son vaxtlar yeni yaşıllıq zolaqları aqromeşə, yəni meyvə bağlarının salınması istiqamətində gedir: “Regionun yerli xüsusiyyətlərdən asılı olaraq Qəbələdə qoz, fındıq, püstə, alma, armud, şabalıd, badam ağaclarının əkilməsinə daha çox üstünlük verilir. Təbii bərpa prosesinə kömək üçün bəzi ərazilərdə meşə zonalarına hasarlar çəkilir, kənd sakinlərinin və turistlərin maarifləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Meşəyə mal-qaranın daxil olması pöhrələrin məhv olmasına səbəb olur, bu da təbii bərpa prosesini ciddi şəkildə ləngidir. Ağaclar böyüyəndən sonra mal-qaranın meşələrə daxil olmasının o qədər də ziyanı olmur. Ona görə də cavan meşələr böyüyüb qol-qanad atana qədər onu ətraf təsirlərdən qorumaq mühüm məsələdir”.

Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin meşəbəyisi Arzu Qocayev isə bildirib ki, regionlarda aqromeşə salınması sahəsində əkin planı müəyyənləşib və indi həmin plan üzrə işlər gedir. Konkret olaraq, Qəbələdə alma, armud, qoz, fındıq və şabalıd daha yaxşı bitdiyinə görə həmin ağaclar daha çox əkilir: “Bizim meşələrdə çoxlu dərman bitkiləri var, alıcı tapmaq mümkün olsa, onların satılması yolu ilə də gəlir əldə etmək olar. Meşə ətrafında olan kəndlərin sakinləri zoğal, böyürtkən, yemişan, qarağat, itburnu, əzgil, moruq və digər bitkilərdən mürəbbə, tutma, şirə və müxtəlif məhsullar istehsal edərək maddi qazanc əldə edə bilirlər”.

“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra meşələrin bərpası sahəsində yeni bir mərhələ başlayıb. Ekspertin sözlərinə görə, meşələri qorumaq və ondan səmərəli istifadə etmək üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Bir neçə il öncə “Ekoleks” Quba Rayon İcra Hakimiyyəti ilə məsləhətləşərək rayonun Qonaqkənd zonasında torpaq sürüşmələrinin qarşısını almaq üçün 10 min qoz tingi əkilməsi təşəbbüsü ilə çıxış edib. Qoz ağacının seçilməsi heç də təsadüfi deyil, çünki onun məhsulunu əldə etmək üçün yerli sakinlər ona balta çalmırlar. Bizim layihəmizin ardınca yeli sakinlər həmin ərazidə yeni qoz tinglərinin əkilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib və nazirlik təmənnasız olaraq onlara verdiyi 7-8 min tingin hesabına qoz meşələri salınıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Cavid Qara bildirib ki, son dövrə ölkə ərazisində 86 min hektarda yeni meşə sahələri salınıb, bununla yanaşı süni meşələr salınması istiqamətində də kifayət qədər uğurlu işlər görülüb. Son illər sel və daşqınların törətdiyi fəlakətlər barədə danışan nazirlik əməkdaşının sözlərinə görə, Qəbələdə demək olar ki, eroziyaya uğrayan torpaq sahələri qalmayıb və onların hamısının yerində yeni meşələr salınıb: “ Meşələrin eroziyadan qorunmasının başqa bir yolu da köçəri maldarlığın tədricən azaldılmasıdır. Yaylaqların qorunması sahəsində Şahdağ Milli Parkının yaradılması da nazirliyin son illər həyata keçirdiyi uğurlu tədbirlərdən biridir”.

İnfotur zamanı jurnalistlər Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin tinglik təsərrüfatı və yeni salınan fındıq bağları ilə də tanış olublar.

Etibar Cəbrayıloğlu

Bənzər yazılar

Back to top button