Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Pulumuza qənim kəsilən tikinti şirkətləri

Ölkədə əsas etibarilə fəaliyyət göstərən tikinti şirkətləri MTK və MMC formasında təsis edilirlər.

Qanunvericiliyə əsasən MMC-nin (Məhdud Məuliyyətli Cəmiyyət) fəaliyyət sahəsi genişdir amma MTK adından da göründüyü kimi yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir.

Bugün ölkədə tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin bir çoxu MMC olaraq təsis olunublar.

MMC nədir?

– Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

Sonuncu cümləyə diqqət yetirsək, görərik ki, MMC-ni təsis edən payçılar yalnız nizamnamə kapitalındakı payı ilə maddi məsuliyyət daşıyır. Yəni, əgər bir MMC-nin nizamnamə kapitalı 10 manat olmaqla, onun 2 payçısı varsa (hərənin 5 manatlıq payı), onların hərəsi MMC-nin öhdəlikləri üçün cəmi 5 manatlıq maddi məsuliyyət daşıyırlar. Təbii ki, MMC-nin başqa əmlak və gəlirləri ola bilər amma bugün ölkədə tikinti sektorunda fəaliyyət göstərən MMC-lər böyük əksəriyyətinin demək olar ki heç bir əmlakını müəyyən etmək olmur. Çünki onlar hətta öz əmlaklarını: şirkətə məxsus ofisləri başqalarının adına və avtomobilləri isə payçıların adına qeydiyyatdan keçirirlər. Bugün ölkədə cəmi 10 manat nizamnamə kapitalı ilə qurulan tikinti şirkətlərinin böyük əksəriyyətinin heç şəxsi ofisləri (digər əmlakları) belə yoxdur. Bu da ona dəlalət edir ki, mənzili aldıqdan sonra öhdəlikləri yerinə yetirməyərək alıcıya maddi zərər vuran tikinti şirkətinə qarşı iddia qaldırdıqda belə maddi zərərin təmin edilməsi demək olar ki, mümkünsüz hala gəlir. Heç bir gəliri və əmlakının olması sübut edilə bilməyən MMC (onun payçıları) vəziyyətdən canını qurtarmağa nail ola bilir.

MTK olaraq fəaliyyət göstərənlərə gəldikdə isə, qanunvericilikdə kooperativlərlə bağlı müddəalarda Kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıması öz əksini tapmışdır. Yəni, MTK-nın daşımış olduğu maddi öhdəliyi ödəməməsi və ya ödəyə bilməməsi halında onun üzvləri əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyırlar. Bu o deməkdir ki, borcu onlardan tələb etmək olar.

Amma, mən bununla demək istəmirəm ki, bugün mənzil almaq istəsəniz könül rahatlığı ilə hansısa MTK-dan ala bilərsiniz. Əsla belə deyil və bugün ölkədə bu sahədə vəziyyət biabırçılıq həddindədir.

Yuxarıda yazılanlarla vətəndaşları agah etməyə çalışıram ki, on minlərlə xərc çəkərək mənzil və ya qeyri yaşayış sahəsi alarkən maksimum ehtiyatlı olsunlar. İlk öncə bu sahənin mütəxəssisləri ilə, hüquşünaslarla və s. məsləhətləşərək onların xidmətlərindən yararlanmağa çalışsınlar ki, sonradan bu tip problemlərinin yaranması ehtimallarını minimuma endirə bilsinlər.

Ayaz Mirzəzadə, hüquqşunas

AzToday.Az

Bənzər yazılar

Back to top button