Qarabağ əlili 7 uşağıyla küçələrdə yaşayır: “Gəncə icra başçısı bizə sığınacaq vermir…”

Print Friendly, PDF & Email

Bakıda 7 uşaqlı ailə parklarda yaşayır.

Bu barədə BakuPost.az-a ailə başçısı, 3-cü qrup Qarabağ əlili Natiq Hacıyev məlumat verib. 1992-93-cü illərdə Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş N. Hacıyev Qarabağ əlili kimi Gəncə şəhərində mənzil qeydiyyatına düşsə də, bu günə qədər mənzillə təmin olunmayıb. Ailə məsələ ilə əlaqədar Prezident Administrasiyasına müraciət edib. Onlar Administrasiya rəhbərinin müavini – Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbulunda olub: “Zeynal müəllim bizi qəbul etdi. Gəncə şəhər İcra Hakimiyyətinə tapşırdı ki, bizim işə diqqət yetirsinlər. Mən də ailəmi götürüb, Gəncəyə qayıtdım. Amma yenə də evsiz-eşiksizik. Nə baxan oldu, nə də bir söz deyən. Məcburən ailə üzvlərimlə birlikdə yenə Bakıya gəldim. 1 aydır ki, Heydər Əliyev adına Respublika Sarayının qarşısındakı parkda gecələyirik”.

N. Hacıyevin həyat yoldaşı Zemfira Bayramova isə 9 uşaq anası olduğunu, övladlarından 2-sini evləndirdiyini, 7 uşağını isə özüylə paytaxta gətirdiyini deyib: “Uşaqlarımdan 5-ci oğlan 4-ü qızdır. Qızlarımdan böyük olanları ailə qurub. Ən balaca uşağımın da 3 yaşı var. Küçələrdə yaşayırıq. Qarabağ müharibəsi əlilinə baxan yoxdur”.

176 manat prezident təqaüdü alan Natiq Hacıyev yaxınlıqda yaşayan əhalinin onlar üçün çay, yemək gətirdiyini, internetdə haqlarında yazılanları oxuyanların da onlara müəyyən yardım göstərdiyini söyləyir.

Ailə aidiyyəti qurumlardan onlara Gəncə şəhərində yaşamaq üçün sığınacaq verilməsini xahiş edir.

...