Natiq Cəfərov: “Vergi sistemi çox qəlizdir”

Print Friendly, PDF & Email

“Sahibkarlara qarşı müxtəlif dövlət qurumları tərəfindən aparılan yoxlamalar və onlara qarşı təzyiqlərin artması ciddi problem yaradır. Hətta ölkə başçısı çıxışlarında dəfələrlə bu məsələyə toxunub”.

Bu sözləri açıqlamasında sahibkar Natiq Cəfərov bildirib.

Onun sözlərinə görə, sahibkarlara süni şəkildə problem yaratmaqla onlara qarşı total hücumlar həyata keçirilir: “Bir müddət öncə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun layihəsini qəbul edildi. Guya 2 il müddətində sahibkar təsərrüfatlarında yoxlamaları dayandırmaq haqqında qərar verildi. Lakin ölkə başçısının verdiyi fərmandan sonra qəbul olunmuş qaydalarda göründü ki, nə Vergilər Nazirliyinə, nə İqtisadi İnkişaf Nazirliyinə, nə də digər strukturlara bu fərman şamil edilmədi. Onlar həmin köhnə qaydada necə yoxlamalar aparırdılarsa, bu, indi də davam edir. Bəzi çox kiçik səlahiyyətə malik olan qurumların, məsələn sanitar-epidemoloji stansiyaların yoxlamalarına müəyyən məhdudiyyətlər var. Onların obyektlərə girişində müəyyən problemlər var və həmin qurumların yoxlamaları ləngidilir. Əslində bu, özü müəyyən təhlükələrə yol açır”.

N.Cəfərovun sözlərinə görə, sahibkarlara qarşı daha çox təzyiq edən qurumların yoxlamaları əvvəllər olduğu kimi davam etməkdədir: “Bu fərmanın böyük bir təsiri olmadı. Çünki, iş adamları əsasən vergi orqanları, tikinti ilə məşğul olan qurumlar FHN-in nəzdindəki nəzarət funksiyasını həyata keçirən orqanlar ilə problem yaşayırdılar. İcra strukturları tərəfindən təzyiqlərlə üzləşirdilər. Amma görünən odur ki, bu fərman onlara şamil olunmadı. Fərman sadəcə, lisenziyaların “ASAN xidmət”ə verilməsi ilə yadda qaldı və bu da çox pozitiv bir addımdır. Təbii ki, bir çox lisenziyalar ümumiyyətlə, ləğv olunmalı idi. Ancaq ləğv olunmasa da, ən azı “ASAN xidmət” vasitəsi ilə verilməsi də çox pozitiv bir addımdır. Yəni, bu fərmanın yeganə faydası o oldu ki, bəzi lisenziyalar “ASAN xidmət”ə verildi, qalan yoxlamalar isə əvvəlki kimi davam edir”.

Vergi ödəmələri ilə bağlı reallığa toxunan müsahibimiz sahibkarların vergi ödəməkdən yayınmalarını da problemin səbəblərindən biri kimi qiymətləndirdi: “Əslində, elə bir sistem qurublar ki, vergi orqanlarının basqısı azalsa, vergi ödəmələri də azalacaq. Vergi ödəyicisi mədəniyyəti hələ də Azərbaycanda tam formalaşmayıb. İş adamları vergi ödəməkdə maraqlı deyillər və bundan yayınmağa çalışırlar. Belə olduğu halda, nəzarətin zəifləməsi vergi ödəmələrini azaldacaq. Bizdə vergi sistemi çox qəlizdir. Sadələşdirilmiş vergidən başqa bizdə fiziki şəxslərin vergisi var ki, bu, çox qəlizdir. Qanunvericiliyin bir maddəsi digərinə ziddiyət təşkil edir. Bu da vergi məmurlarına imkan verir ki, hər hansı bir obyektin işinə müdaxilə edib, orada asanlıqla qanunsuz bir əməl aşkarlasınlar. Mümkün deyil ki, hansısa biznes obyektinə gedib, orada qanun pozuntusu tapmayasan. Bu şəraitin özü ikmkan vermir ki, heç bir müdaxilə olmadan sahibkar özü vergini vaxtında təqdim etsin. Bunun üçün təşviqedici addımlar atılmalı idi, maarifləndirmə proqramları olmalı idi. Uzun illlər ərzində vergi ödəyicisi mədəniyyəti formalaşdırmaq lazım idi. 2016-cı ildə bu problemlər artdıqca, əksinə, vergi orqanlarının təzyiqləri daha da güclənəcək ki, daha çox vergi toplamaq mümkün olsun”.

...