Penitensiar Xidmətin mühafizə alayına qarşı korrupsiya ittihamı

Print Friendly, PDF & Email

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayının komandanlığının alayda davamlı olaraq rüşvət və korrupsiya hallarına yol verməsi barədə iddialar ortaya çıxıb.

AzToday.az gununsesi.info-ya istinadən xəbər verir ki, hələ bir neçə ay əvvəl alayın Şəkidəki bölüyünün 50-yə yaxın hərbi qulluqçusu rəhbərliyə onların ezamiyyət xərclərinin mənimsənilməsi ilə bağlı şikayət göndərsələr də, bu şikayət araşdırılmaq əvəzinə, həmin hərbi qulluqçular təhdidlərə məruz qalıb.

Sayt yazır ki, yuxarı komandanlıqdan gələn nümayəndələr hərbçiləri hədələyiblər ki, onlar şikayətlərini geri götürsünlər. Odur ki, işdən çıxarılacaqları ilə hədələnən hərbi qulluqçular məcburiyyət qarşısında qalıb şikayətlərini geri çəkiblər.

Lakin Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, bu yaxınlarda yenə alaydakı hərbi qulluqçuların ezamiyyət xərclərinin mənimsənilməsi barədə yeni şikayətlər var. Belə ki, adlarını açıqlamayan hərbçilər bildirirlər ki, Şəki, Salyan və digər bir sıra alaydakı əməkdaşlar Bakıdakı əsgər çatışmazlığı ilə əlaqədar paytaxtın müxtəlif yerlərindəki cəzaçəkmə müəssisələrinin mühafizəsinin təmin olunmasına göndərilib. Bu göndəriməyə görə onların hər birinin adına gün ərzində təxminən, 40 manata yaxın vəsait ayrılsa da həmin məbləğ hərbçilərə verilməyib.

Qeyd olunur ki, rayonlardan Bakıya ezamiyyət üçün gələn hərbçilər öz şəxsi hesablarına paytaxtda kirayə ev tutublar və gündəlik həmin cəzaçəkmə müəssisəsinə gedib gəlmək onlara kifayət qədər baha başa gəlir. Hərbçilər bildirir ki, bu cür hallar Azərbaycan dövlətinin korrupsiyaya qarşı apardığı mübarizəyə kölgə salır və komandanlığa edilən şikayətlər növbəti dəfə nəticəsiz qalacağından onlar bu problemi media vasitəsiylə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər. Hərbçilər qeyd edirlər ki, əgər obyektiv araşdırma aparılarsa, o zaman Penitensiar Xidmətin mühafizə alayının rəhbərliyinin çox ciddi korrupsiya faktları ortaya çıxacaq.
Şikayətçilər alayın komandiri polkovnik İlqar Müseyibov və onun müavini polkovnik-leytenant Azad Maşanovun bi işlərin başında durduğunu bəyan edirlər.

Sözügedən mövzu ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayının münasibətini öyrənmək üçün saytın cəhdləri baş tutmayıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

...