Hadisə

Bloger Abid Qafarov azadlığa buraxılıb

KİM.TV YouTube kanalının aparıcısı Abid Qafarov iyunun 1-də azadlığa buraxılıb. Bu barədə onun vəkili Aqil Layıc Turan-a məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Qafarova qarşı ittihamların birinə xitam verilib. “Böhtan maddəsinə məhkəmə tərəfindən bəraət verildi. Digər maddəyə – təhqirə görə isə həbs müddəti bitdi deyə, Abid Qafarov azadlığa buraxıldı”.

Vəkil hesab edir ki, təhqir maddəsi ilə də Qafarova bəraət verilməlidir. “O, günahsızdır və biz ədaləti bərpa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik”.

Abid Qafarov ötən ilin iyulun 13-də həbs olunub.

O, bir qrup qazi tərəfindən məhkəməyə verilmişdi. Onlar iddia edirdi ki, Qafarov onları təhqir edib və böhtan atıb.

Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.

Abid Qafarov “Tərtər işi” ilə bağlı araşdırmalarına görə cəzalandırıldığını bildirmişdi.

Bənzər yazılar

Back to top button