Hacıbalanın “qəhrəman”ı Əliyarla Ağanın himayədarları kimlərdir? – FOTOLAR + VİDEO

Print Friendly, PDF & Email
Dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə paytaxtın Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafenin bağlanması da, onun sahibinin kim olması da müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, sözügedən kafenin Bakı Dövlət Universitenin Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyar Qasımova aid olduğu bildirilsə də, o, bunu təkzib edir. Ərəstun müəllim mətbuatda yayılan xəbərlərin doğru olmadığını bildirməklə yanaşı, oğlunun dəbdəbəli həyatını əks etdirən fotoları da yalanlayır.
Ancaq maraqlıdır ki, müəllim oğlunun yaxşı maddi imkana malik olmasını təsdiqləyən başqa faktlar da var. Məsələn, Bakının sayılıb-seçilən əyləncə məkanlarından olan “Hollywood Cinema Club”un da Əliyara məxsus olduğu bildirilir. Bundan başqa o, qızılı rəngdə vinillə bəzədilmiş “Gelandawagen”lə paytaxt küçələrində sağa-sola şütüməsi ilə də ad çıxarıb. 90-KK-222 dövlət nömrə nişanlı “Gelandawagen” Əliyara məxsusdursa, 90 -KA-222 dövlət nömrə nişanlı “Maserati” sürən Ağa adlı şəriki də ondan geri qalmır. Həm imkanına, həm də maşınını vinillə bəzəməsinə görə…
Maraq üçün bildirək ki, Əliyar Qasımovun “Qalik”i əvvəllər ağ, Ağanın lüks avtomobili isə qara rəngdə olub. Lakin, dostlar müxtəlif vaxtlarda maşınlarının rəngini vinil vasitəsi ilə dəyişiblər. Ki, bu da qanuna ziddir.
Bunu bir müddət öncə mətbuata açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib: “Avtomobilin rəngini vinillə dəyişmək olmaz. Vinil rəng dəyişməsi sayıla bilməz. Bunu o halda qanuni hesab etmək olar ki, vinil maşının öz rəngində olsun. O halda heç bir problem yoxdur. Lakin ağ maşına qara və ya qızılı rəngdə vinil vurmaq qanun pozuntusudur. Təsəvvür edin ki, maşına qara vinil vuran sürücü qəza törədir və ya avtomobil hansısa cinayət hadisəsinin törədilməsində istifadə olunur, sürücü 5 dəqiqədən sonra vinili soyur, maşın olur ağ rəngdə. Bunu necə tapmaq olar? Belə halların qarşısını almaq üçün vinildən istifadə edənlər diqqətli olmalıdır. Yol polisi avtomobilin rənginə uyğun gəlməyən vinildən istifadə edən sürücülərə qarşı cərimə tətbiq edəcək. Avtomobilin rəngi əvvəlki hala gətirilənə qədər maşın cərimə meydançasında saxlanılacaq”.
Maraqlıdır, görəsən, buna qədər bərkgedən oğlanlar etdikləri əməllərə görə, qanun qarşısında cavab veriblərmi? Bu sualın cavabında “bəli” eşitməyi çox istərdik. Lakin, həmin şəxslərin, xüsusi ilə də Əliyarın rahatlıqla paytaxt küçələrində vinillə bəzədilmiş “Gelandawagen”lə gəzməsi, müxtəlif pozlar verməsi, hətta poz vermək üçün xanımlara da şans tanıması müsbət düşünməyimizə əsas vermir.
Bundan başqa müəllim oğlunun belə bir imkana sahib olması da müzakirə mövzusudur. Sözsüz ki, eyni zamanda Əliyarın şəriki və dostu Ağaya da kimlərin himayədarlıq etdiyi ilə bağlı araşdırmamızı aparacağıq.

...