ELMAN RÜSTƏMOVUN MÜAVİNİ NİYƏ İSTEFA VERİB?

Print Friendly, PDF & Email

Yüksək vəzifəli məmur ölkəmiz üçün qeyri-adi səbəbdən istefa verib! yerinə kim gələcək?

Avqustun 1-də mətbuatın belə sükutla qarşıladığı bir hadisə baş verib. Mərkəzi Bankın ən gənc sədr müavini, 3 uşaq atası Xəqani Abdullayev vəzifəsindən azad olunub (http://e-qanun.az/framework/36421). Öz xahişi ilə. Səbəb? Məndə olan məlumata görə əsasən maaşı onu qane etmədiyi üçün. Təəccüblüdür, elə? Mənim üçün yox! Abdullayev bank sisteminin ən savadlı və dürüst kadrlarından biridir. Dövlət qurumlarında onun kimilərini barmaqa saymaq olar. Korrupsiyadan uzaqdır, heç bir biznesi yoxdur. Nəinki Azərbaycanda, ölkədən kənarda da iri şirkətlər onun kimi kadrı göydə axtarır və ona ən yüksək maaşı verməyə hazırdır. Buna görə də Abdullayevi başa düşmək olar. Ətrafındakı özündən savadsızların və səviyyəsizlərin qaz vurub qazan doldurduqlarını görə-görə niyə özünə başqa iş tapıb halal yolla layiq olduğu yüksək maaşı almasın ki?! Niyə əhalinin qarğış obyekti olan və fəaliyyətində heç bir dəyişiklik etməyən Mərkəzi Bankda işləməyə davam etməlidir?

Lakin burada itirən biz olduq, biz! Azərbaycan dövləti itirir. Savadlı və dürüst kadrlar dövlətə indi çox lazımdır. Korrupsionerləri kənarlaşdırıb işi məhz belələrinə tapşırmaq lazımdır. Amma əksinə biz onları itiririk.

Bəs onun yerinə kim gələcək? Böyük ehtimalla Mərkəzi Bankın Baş direktoru, “Şapka Mamed”in (Məmməd Musayev) kürəkəni Rəşad Orucov. Ötən ilin martınadək o, banklara nəzarət edirdi və bank sisteminin hazırkı acınacaqlı durumuna görə cavabdeh olan əsas şəxslərdən biridir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra Orucov faktiki işsiz qalıb: işi-gücü Elman Rüstəmovun əvəzinə məktubları imzalamaqdır. Normal adam bu vəziyyətdə istefa verərdi, lakin istefa vermədi. İndi də yəqin ki, qayınatası və Elman Rüstəmov onu Xəqani Abdullayevin yerinə itələməyə başlayacaqlar. Axı Rəşad Orucovu Xəqani Abdullayevdən fərqli olaraq maaş maraqlandırmır. Hətta bəlkə maaşın nə vaxt və necə verildiyini də bilmir. Dövlət qurumlarımıza isə hələlik məhz belələri lazımdır!..

Əkrəm Həsənov, hüquqşunas

...