Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?

Print Friendly, PDF & Email

Qərb bölgəsinin qeyri-rəsmi qubernatoru sayılan Gəncə xanı ucqar dağ rayonunu da tamamilə öz nəzarəti altına almaq istəyir. Buna mane olmağa çalışan icra başçısı isə qəzəbə tuş gəlib. Qılıncının hər tərəfi bölgədə qalxan tanımayan cənab Elmar Vəliyevin aramsız həmlələrindən bezən Əhəd Abıyev artıq küncə sıxışdırılıb. İndiyədək əzmkarlıqla dövlətçiliyin keşiyində dayanan sabiq deputat, “boksyor” icra başçısı kənardan çox taqətsiz görünür. Cəsarətli icra başçısı rayona yaxınlaşmaqda olan təhlükələrdən dolayı həyəcan təbili çalır…

Daşkəsəndə Elmar Vəliyev xofu var?

Ötən ilin avqustundan bu yana, Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə rayonun polis rəisi Fəxrəddin Abbasov arasındakı qalmaqal da səngimək bilmir ki, bilmir. Əksinə, gün keçdikcə bir az daha alovlanaraq arzuolunmaz şəkil alır. Həm Elmar Vəliyevə, həm də komitə sədri Kərəm Həsənova arxalanan rəis eləcə lovğalıq edir, rayon rəhbərliyinə aşkaranə saymamazlıq sərgiləyir. Təhlükəlisi odur ki, rayonun asayiş keşikçisinin başçıya patoloji nifrəti kənardan mütamadi olaraq depolanır, bu da süni qalmaqalla müşayət olunur. Rayonun vacib işləri bir kənara atılıb, mühüm fiqurlar Əbiyevçi, bəziləri isə polis rəisinə tərəfkeşlik etməklə sanki Vəliyevçi olmaqla bir yan alıb. Daşkəsənin də Yevlax, Bərdə, Tərtər kimi, Elmar Vəliyevin “kurasiyası”na keçəcəyi xofu var.

Polis vasitəsilə ortaya atılan “XAYA” davası

Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?”Demokratik.Az”-a ötən gün daxil olan yeni xəbərə görə, Daşkəsənin polis rəisi kənar qüvvənin sifarişi ilə Əhəd Abıyevə daha bir ağlasığmaz “güc” nümayiş etdirib. Məlumata görə, icra başçısına yaxınlığı ilə seçilən kənd icra nümayəndələrindən biri avqustun əvvəllərində polisə çağırılaraq saxlanılıb. Səbəb kimi, dövlət məmurunun kənd sakininin xaya nahiyyəsinə təpik zərbəsi endirməsi, güya icra nümayəndəsinin vətəndaşı döyməsi göstərilib. Şikayət əsasında bir neçə gün saxlanılan kənd icra nümayəndəsi icra başçısının yuxarılara məruzəsindən sonra sərbəst buraxılıb. Olaya Baş prokurorluq və DİN də qarışıb. Vətəndaşın bədəninə, ənsə-xaya nahiyyəsinə Məhkəmə Tibbi ekspertizası tərəfindən baxış keçirilərək hər hansı zədələnməyə rast gəlinmədiyi aşkar edilib. Hələlik icra nümayəndəsinə belə bir iftiranın hansı məqsədlə atıldığı rəsmən elan olunmasa da, rayon rəhbərliyi bu əməli polis rəisinin özbaşınalığı kimi qəbul edib. Hadisəni tərəflər arasındakı “müharibə”nin tərkibi kimi qiymətləndirənlər də olub. Məlumata görə, olaydan bu yana, onsuz da münasibətlərində gərginlik olan tərəflərin yarasına duz basılıb. Belə anlamaq olar ki, Daşkəsəndə həssas dönəm başlayıb və qarşıdurmada təmsil olunanlar bir-birilərini “vurmaq” üçün ən həssas, ən yumşaq yerlərini nişan alırlar.

“Demokratik.Az”ı məlumatlandıran rəsmi mənbənin dediyinə görə, Daşkəsəndə baş verən bu tipli xoşagəlməz olayı əslində nə icra başçısı, nə də polis rəisi arzulamayıb. Sadəcə, F. Abbasovun rayona rəis təyinatı bir sıra təbii və süni qalmaqallara rəvac verib.

Bu arada, qeyd edək ki, Fəxrəddin Abbasov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun yaxın qohumudur (yeznə-qayındırlar-red) və sonuncunun qudası olan Elmar Vəliyevin bir sözünü iki etmək iqtidarında deyil. Belə olan halda, bu adamın Daşkəsənə rəis təyinatı da təsadüf kimi qiymətləndirilə bilməz.

“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, tərəflər arasında ilk qarşıdurma hələ ötən ilin payızında qeydə alınıb. Belə ki, polis rəisinin qonağı olan şəxslər bir neçə gün rayonun “MÖTƏBƏR QONAQ EVİ” ndə qalıblar. Lakin sonradan Əhəd Abıyevlə görüşdə qaba davranmaları qalmaqala və ilk narazılığa səbəb olub. İcra başçısı bir daha icazəsiz “MÖTƏBƏR QONAQ EVİ” ndən istifadə edilməməsi üçün polis rəisinə ultimatum verib və məsələ barədə Bakıya məruzə edib. O andan da tərəflər arasında münasibətlər zədələnib. Bildirək ki, tez-tez sözügedən ünvanda özbaşına və icazəsiz istirahət(keyf)edənlərdən biri məhz Gəncə xanıdır.

Başçının tələbinə baxmayaraq, rəis öz ailəsi ilə Xoşbulaqda hamının Prezident iqamətgahı kimi tanıdığı ünvana lövbər salıb. Kənd sakinlərinin sözlərinə görə, polis rəisi iqamətgahın təhlükəsizlik üzrə rəisi olan qardaşı ilə birlikdə dövlət mülkiyyətində olan binanı şəxsi ev kimi istifadə edirlər. Deyilənə görə, bütün açarlar da adıçəkilən şəxslərdədir. Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, iqamətgahda tez-tez eyş-işrət məclisləri qurulur və bu da rayonun icra başçısı Əhəd Abıyev kimi, sakinlərdə də haqlı ikrah hissləri doğurur. Sakinlər sual edirlər ki, bu yer prezident iqamətgahıdır, yoxsa gəlib-gedən məmurların malikanəsimi? Elə rayonun icra başçısı da bu suala cavab axtarır.

Abıyevin və Daşkəsənin taleyi Zağalıda həll olunur?

Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?Bir neçə gün öncə Daşkəsənin Zağalı kəndində Daşkəsənin gələcək idarəçiliyi müzakirə predmeti olub. Gəncəli iş adamına məxsus evdə baş tutan görüşdə Gəncə “xan”ı Əhəd Abıyevin tezliklə yola salınacağını, bu rayonun da qeyri-rəsmi idarəçiliyinin ona keçəcəyini dilə gətirib. Məlumata görə, məclisdə Abıyevi əvəz edə biləcək bir neçə şəxsin kimliyi də diqqət çəkib və müzakirə olunub.

Baş verənlərə rəğmən, Əhəd Abıyevin asanlıqla məğlub olacağı inandırıcı səslənmir. Həm də, cənab Abıyevin Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri, Ulu öndərimiz mərhum Heydər Əliyev siyasətinə sədaqəti yaddaşlara həkk olunub. Bir çoxlarından fərqli olaraq, radikal müxalifətin iqtidara qarşı yürütdüyü çirkli siyasi kursun qarşısında daim sipər olub. 15 illik deputatlığı dönəmində milli məclisdə qorxmadan Əli Kərimliyə də həddini bildirməsi dediyimizə misal ola bilər. (Həmin videosüjeti təqdim edirik:)

Son dövrlər məqsədli şəkildə Daşkəsən rayonu haqqında mənfi rəy formalaşdırmağa çalışanlar, bilavasitə Əhəd Abıyevi və yaxınlarını nüfuzdan salmağa çalışanlar bu kimi halları düşünsələr yaxşıdır.

Osman Nərimanoğlu

“Demokratik.Az”

...