DünyaManşet

“Ayağı yorğana görə uzatmamağın” fakturası iflas ola bilərmi?

Dövlət başçısı Erdoğanın növbəti hökumətinin üzvləriylə bağlı cəmiyyətdəki müzakirələrin gündəmi çox az məşğul edəcəyi və 5 ildən sonra yenidən xəzinə və maliyyə naziri təyin edilən Mehmet Şimşekin adının ön planda olacağı məlum idi. Mərkəzi Bankın prezidentinin dəyişdirilməsi də gözlənilməyən bir addım deyildi ancaq ABŞ-dan gətirilən Hafize Gaye Erkan-ın adının ətrafında kreslonu təhvil alar-almaz tədavülə daxil edilən iddiaları heç kim gözləmirdi. Ona görə Türkiyə Mərkəzi Bankının başına Elvira Nabiullina olmaq iddiasıyla gətirilən Erkan-ın durumunu hələlik bir tərəfə qoyub Şimşekin atacağı addımlara fokuslanmaq lazımdır. Seçki təbliğatı dövründə müxalifətin namizədini tənqid edən Tayyip Erdoğan “Sən hansı məntiqlə London sələmçiləriylə görüşürsən? Onlar hər adama pul verməz, sənə heç verməz» – deyərkən beynəlxalq maliyyə qurumlarında etibarı olan Mehmet Şimşekin `London sələmçiləri` ndən heç bir problem olmadan borc ala biləcəyini hesaba qataraq bu sözü demişdisə, Şimşekin o `sələmçilərin` qapısını döyməkdən başqa altrentivi varmı? Borc almaü üçün beynəlxalq maliyyə qurumlarına hansı layihələr təqdim ediləcək?

Dünya Bankının vitse-prezidenti Kemal Derviş 2001-ci ilin martında Türkiyəyə dəvət edilib iqtisadiyyata cavabdeh tam səlahiyyətli dövlət naziri təyin ediləndə prosesləri izləyən hər kəs üçün böhranın səbəbləri aydın olduğu kimi, böhranın nəticələrini aradan qaldırmaq üçün dövlətin əlində ipoteka qoyub kredit almağa xeyli obyekt də vardı. AKP hökuməti 20 ildə onların hamısını satıb 70 milyard dollar gəlir əldə etdi.

2018-ci ildən bəri prezident Erdoğanın nəzarətində olan Dövlət Varlıq Fondunun bu günə qədər xaricdən 1 sent belə kredit ala bilmədiyi hamıya məlumdur. Təsəvvür edirsinizmi, vəzifəsinin icrasına milli valyutının dəyərini təxminən 20% öldürərək başlayan Mehmet Şimşek dönəminin ilk addımlarından biri də Türkiyənin ən önəmli istehlak malı olan çayın qiymətini 50% artırmaq oldu (Çaykur şirkəti də Varlıq Fondundadır). Ölkənin təcili ehtiyacı olan pulu tapmaq üçün təqdim etməsi lazım olan layihələr məchul ikən yerli və əcnəbi investorlardan `vaxt və səbr` istəyən Şimşekin ümidi varlı ərəblərin, İranlıların, Əfqanıstanlıların Türkiyədə daşınmaz əmlak almasına bağladığına inanmaq istəmədiyim kimi, Türkiyə 1980-ci illərin ortalarından başlayaraq siyasətçilərin dəfələrlə çimdiyi çaylara yenidən girməyə cəhd edəcəkmi?

1994-cü ilin yanvarında baş vermiş və 5 aprel 1994-cü ildə Çiller-Karayalçın koalisiyasının həyata keçirməyə başladığı iqtisadi proqramın qəbul edilməsiylə nəticələnən böhrandan üzü bəri Türkiyə iqtisadiyyatını yaxından izləyən biri olaraq bunu deyə bilərəm: bu böhran əvvəlkilərdən yerli-dibli fərqlidir. Səbəblərini yazmağımı istəyənlərə bircə səbəbin kifayət edəcəyinə inanıram: Türkiyə 1980-ci illərin ortalarından beynəlxalq maliyyə qurumlarına kredit üçün müraciət edəndə masanın üzərinə qoyulan ilk şərt – “Dövlət xərclərinin minimuma endirilməsi” olurdu.

Kemal Dervişin hazırladığı, AKP-nin həyata keçirdiyi iqtisadi proqramın ilk iki dönəmində-2003-2011-ci illər arası- hökumət maliyyə nizam-intizamına qənaətbəxş şəkildə əməl etmişdi. `Maliyyə nizam-intizamı` məfhumunun tamamilə aradan qalxdığı son 5 ildə Türkiyədə iqtisadi nəzəriyyələrin tərsinə olan şeylər həyata keçirilincə əvvəlcə Mərkəzi Bankın ehtiyatında saxlanılan `kəfən pulu` xərcləndi, ardından Xəzinə öz ehtiyatındakı qızılları satmağa başladı.

Dövlətin ipə-sapa yatmayan xərclərinin beynəlxalq kredit dərəcələndirmə qurumlarını ürkütməsinə baxmayaraq, rəhbərlik buna əhəmiyyət vermədi, növbəti dəfə Mirzə Ələkbər Sabirin sözünü xatırlasaq, ”Çax-çax başını ağrıtdı, kefin çəkdi dəyirman”. Ona görə gəlinən mərhələdə Türkiyə əhalisinin iqtidarı dəstəkləyən təbəqəsi Mehmet Şimşek-dən sehrbaz Mandrake yaratmağa çalışarkən prosesləri soyuqqanlı şəkildə izləyənləri düşündürən əsas sual budur: dövlətin bu astronomik məsrəflərini ödəmək üçün göydən yağdırılan qiymət artımları kifayət edəcəkmi? Şimşek-in qiymət və vergi artımlarından başqa hansı layihələri var ki, aşağı faizlə yüksək devalvasiya+inflyasiya arasında sıxışıb qalmış sistemi hərəkətə gətirə bilsin?

Əcnəbi analiz qurumları Mərkəzi Bank faizlərinin bir dəfədə 4-5 dəfə artırılacağını iddia edərkən Şimşek-in buna həvəslənməsi halında prezident Erdoğan bir anda öz nəzəriyyəsinin 180 dərəcə əleyhinə olan bu cəhdi qəbul edəcəkmi?

Yenə yazıram: Türkiyə iqtisadiyyatının əsas xəstəliyi əhalinin “Ayağı yorğana görə uzatmaması”dır. Adam başına düşən milli gəlirdə ABŞ ilə arasında 6 dəfə, Norveç ilə 9 dəfə fərq olan bir cəmiyyətin lüks yaşamaq həvəsi ABŞ-dan 10, Norveçdən 20 dəfə çoxdursa, bu həvəsi maliyyələşdirmək üçün nə Səudiyyə Ərəbistanının nefti nə də Katarın maye qazı kifayət edər.

Hələ bu lüks yaşamaq həvəsi topluma idarəçilərdən sirayət edirsə, heç bir inflyasiyanın+devalvasiyanın qabağını ala bilməzsiniz.

Türkiyə 1990-cı illərdə ağır inflyasiya+devalvasiya şəraitində yaşayanda İsrailin o vaxtkı baş naziri Şimon Peres-in xatirələrini oxumuşdum. Yazmışdı ki, 600% olan inflyasiyanı tezliklə aşağı salmaq üçün həyata keçirdiyimiz “Kəmər sıxma siyasəti”nə evdə xanımım da üsyan etmiş, ancaq o siyasətdən vaz keçmədiyimizə görə, inflyasiyanı məğlub edə bilmişdik.

Yəni, haraya haradan getsəniz, eyni qapıya çıxırsınız:dövlət idarəçiləri öz davranışlarıyla topluma örnək olurlar.

Türkiyə siyasi islamçılarının qətiyyən sevmədiyi və əleyhinə ən çox təbliğat apardığı şəxsiyyət ölkənin X prezidenti Ahmet Necdet Sezer-dir. Oğlunun Çankaya iqamətgahındakı toyuna a sərf edilmiş işığın-suyun pulunu cibindən ödədiyinə görə…

Büdcədə nəzərdə tutulmuş 30 milyon dolları xərcləməyib geri qaytardığına görə…

Lüks həyata bu qədər meylli olan Türkiyə konkordatonun qapısının eşiyindədir.

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button