Tofiq Zülfüqarov yol qəzası ilə bağlı istintaqa cəlb edilib: AÇIQLAMA

Print Friendly, PDF & Email

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Bu barədə açıqlama verən sabiq nazir qeyd edib ki, o bu hadisədə şahid qismində istintaqa cəlb olunub:

“Yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.

Tofiq Zülfüqarov qeyd edib ki, o, qayda pozuntusuna yol verməyib: “Məni tibbi müayinədən də keçirdilər. Mən nə sərxoş olmuşam, nə də sürət həddini aşmışam”.

Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın Tofiq Zülfüqarovun vurması barədə məlumat yayılıb.(apa)

...