Serb futbolçu: “Azərbaycandakı futbol idarəçiliyində ciddi problemlər var”

Print Friendly, PDF & Email

2013-2015-ci illərdə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın “Simurq” klubunda çıxış etmiş serbiyalı hücumçu Draqan Çeran primetime.az saytına maraqlı müsahibə verib. O, ölkəmizdə yaşadığı problemlərdən, Azərbaycan futbolundakı idarəçilikdən tutmuş bir sıra önəmli məqamlara toxunub.

– Əvvəlcə “Nasaf”dakı (Özbəkistan) karyeranla bağlı danışardın. Orada işlərin necə gedir, hər şey yaxşıdır?
– Hər şey yaxşıdır. 2016-cı ildən orada çıxış edirəm. Yanvarda da 2 illik yeni müqavilə imzaladım. Ümid edirəm ki, heç bir problem olmaz və bu müddətdə klubuma kömək edə bilərəm.

– “Simurq”u bədbin xatirələrlə tərk etdin. Sən orada çıxış edərkən – 2015-ci ilin yayında klub maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırdı. “Simurq”dan sonra isə “Xəzər Lənkəran”, “Bakı”, “Rəvan”, AZAL kimi klublar da oxşar ploblemlər səbəbindən fəaliyyətini dayandırmalı oldu. Səncə, bu hadisələr Azərbaycan futbolundakı ciddi idarəçilik problemindən xəbər verir, ya necə?
– Açığı, “Simurq”u çox müsbət xatirələrlə tərk etdim. Lakin məni məyus edən başqa hadisələr oldu. Təəssüf ki, maliyyə problemləri də futbolda yaşanır. Lakin gözlənilməz və gərgin hadisə yaşadıq. Bizim yaxşı futbolçularımız, baş məşqçimiz vardı. Lakin bütün bunları dağıdıb yerlə bir etmək çox pis oldu. Çünki kimlərsə büdcəni, pulları havaya sovurdu. Həqiqətən də Azərbaycandakı futbol idarəçiliyində ciddi problemlər var. O idarəçilərin yeri futbol deyil. Onların gözünə ancaq pul görünür. Bu səbəbdən də Azərbaycanda bir çox klub dağıldı, məhv oldu.

– “Simurq”u tərk etdikdən bir qədər sonra mətbuata açıqlamanda demişdin ki, 4 aylıq maaşımı verməyiblər və bundan FİFA-ya şikayət edəcəyəm. Şikayət edib, pulunu ala bildin?
– Bəli, “Simurq” rəhbərliyi mənə 3 ayın maaşı və premyalar borclu idi. Mən də daxil olmaqla, “Simurq”dan pulunu ala bilməyən futbolçular FİFA-ya şikayət etdi. Amma heç kim pulunu ala bilmədi. Çünki klubu dağıdıb, adını dəyişdilər və “Zaqatala” oldu. Biz də çarəsiz qaldıq.

– “Simurq”u tərk edəndən bəri Azərbaycan çempionatı ilə maraqlanırsan? Yəqin ki, məlumatın olar, ötən mövsümdən Azərbaycan Premyer Liqasında 10, 12 yox, 8 komanda iştirak edir. Səncə, bu amil ölkə futboluna mənfi təsir edər, ya necə?
– Bəli, Azərbaycan çempionatını izləyirəm. Orada çıxış edən bir çox dostum var. İzləmək də mənə maraqlıdı. Çünki mən də vaxtilə orada oynamışam. Hesab edirəm ki, çempionatda 8 güclü klubun oynaması daha yaxşıdır. Nəinki 10 klub oynasın, ikisi güclü olsun… Digər tərəfdən 10 güclü klubun qatıldığı çempionat daha yaxşıdır. Həmin liqadan avrokuboklara gedənlər də çox olar.

– Azərbaycanda iki mövsüm çıxış etdin. Yəqin ki, gəzməyə də vaxt tapdın. Bu müddət ərzində hansı şəhərlərimizdə oldun, onlardan hansını daha çox xoşladın? Paytaxt Bakıdan xeyli uzaqda olan Zaqatalada yaşayırdın. Belə ucqar yerdə yaşamaq əcnəbi futbolçular üçün çətin olmur? Ümumiyyətlə, orada yaşayarkən hansısa problemlə üzləşdin?
– Bəli, Azərbaycanda bir çox şəhərlərə getmək imkanım oldu. Əlbəttə ki, Bakı bu şəhərlər içərisində birinci yerdədir. Zaqatalaya ilk gələndə mənim üçün çox çətin oldu. Lakin sonradan əcnəbi futbolçular ailələri ilə birlikdə oraya gəldilər. Bundan sonra hər şey müsbətə doğru dəyişdi. Açığı, Zaqatalada elə də problemlə üzləşmədik. Sizin vasitənizlə zaqatalılara salam göndərirəm. Onları çox sevirəm. Onlar bizi çox sevirdilər, bizi küçəyə dəvət edirdilər və sevgilərini göstərirdilər, dəstəkləyirdilər. Təbii ki, buda bizi çox sevindirirdi.

– Bəs Azərbaycan mətbəxi ilə aran necə idi? Hansı yeməklərimizi daha çox xoşlayırdın?
– Demək olar ki, bütün yeməklərinizlə aram yaxşı idi. Açığı, adları yadımda qalmayıb, amma bütün yeməkləri xoşlayırdım və o barədə problemim olmadı.

– Təbii ki, hər ölkədə yaşayanda unudulmaz xatirələr olur. Azərbaycanda yaşadığın müddətdə səni heyrətləndirən nəsə oldu?
– Açığı, Azərbaycanda olarkən elə də qəribə hadisə ilə qarşılaşmadım. Ola bilər ki, şəhərdə dincəlmək fərqli idi. – Burada oynadığın müddətdə Azərbaycanda bəyəndiyin futbolçular kimlər idi? Həmçinin ən yaxşı baş məşqçi, stadion…

– Hansı futbolçunun yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Hesab edirəm ki, bu, peşəkarlıq baxımından düzgün olmaz. Təbii ki, diqqətimi çəkən məşqçi də var. Misal üçün deyə bilərəm ki, “İnter”də işləyən Aleksandr Karakliçi çox bəyənirdim. Stadion olaraq da “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” xoşuma gəlirdi.
– Sən hücumda oynadığın üçün rəqib müdafiəçilərlə tez-tez təmasda olursan. Bəs Azərbaycanda oynayarkən üz-üz gəlmək istəmədiyin, sərt oynayan müdafiəçi vardımı? – Bəli, vardı. Adı yadımdan çıxıb, amma “Bakı” klubunda oynayan ispaniyalı balacaboy müdafiəçi vardı. Məncə, o, ən yaxşı müdafiəçi idi.

– Premyer Liqamızda çıxış edərkən qollar vurub, rəqib qapıçıları məyus etdin. Səncə, Azərbaycanda ən yaxşı və ən zəif qapıçı kimlər idi?
– Məncə, ən yaxşı qapıçı Amil Ağacanovdur.

– Hazırda Özbəkistan klubunda çıxış edirsən. Səncə, bu ölkənin futbolu ilə Azərbaycan futbolu arasında diqqətini çəkən hansı fərqlər var?
– Məncə, ən önəmli fərq legioner limiti ilə bağlıdır. Bu səbəbdən də azərbaycanlı futbolçular yetərincə inkişaf edə bilmirlər. Özbəkistanda ancaq 3 əcnəbi futbolçu start heyətdə oynaya bilir, qalanları yeri oyunçular olur. Bu da həm klublar, həm də milli komanda üçün daha yaxşıdır.

– Hansısa Azərbaycan klubu sənə transfer təklifi göndərsə, buraya qayıtmaq istəyərsən, yoxsa “Simurq”la bağlı yaşadığın hadisələr səni bizdən küsdürüb?
– Xeyr, təklif olsa, Azərbaycana qayıdaram.

– Azərbaycan futbolunu izlədiyini dedin. “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bunu necə dəyərləndirirsən?
– “Qarabağ”, oradakı komanda ruhu, baş məşqçisi haqda ən gözəl sözləri demək olar. “Qarabağ”ın baş məşqçisinin (Qurban Qurbanov) güclü xarakteri və futbol savadı var. Bu, Azərbaycan futbolu üçün tarixi andı. Əlbəttə ki, “Qarabağ” bu uğura layiq idi.

...