GündəmHadisə

«Vəhşi musavatçılar»ın «qurbanları» hələ də «Fəxri Xiyaban»da yatır (AÇIQLAMA)

Bakının həm dövlət xadimləri, həm xarici qonaqlar, həm də siravi vətəndaşlar tərəfindən ən çox ziyarət olunan məkanlarından biri “Fəxri Xiyaban”dır. Amma təəsüüf ki, mərhum prezidentlər – Heydər Əliev və Əbülfəz Elçibəydən tutumuş Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirova qədər görkəmli şəxslərin dəfn olunduğu məkanşn ziyarətçiləri burda tez-tez xoş olmayan mənzərə ilə də qarşılaşır.

Azərbaycanın müstəqilliyini elan etməsindən 26 il ötməsinə baxmayaraq tariximizin şəxsiyyətlərininin uyuduğu məkanda hələ də Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsində böyük rol oynamış “böyük inqilabçılar”ın məzarları yerləşir. Onların arasında Əli Bayramov, Mir Fəttah Musəvi, Haşım Əliyev və digər “böyük inqilabçılar”ın məzarları var.

Bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, məzarlarının üzərinə “Müsavat cəlladları tərəfindən qətlə yetirilib” yazılan həmin şəxslərin qəbirləri hələ də “Fəxri Xiyaban”dan çıxarılmayıb.

Şərqin ilk müstəqil cumhuriyyətini devirənlərin o dövləti quranlarla, müstəqil Azərbaycan Respublikasının baniləri, tariximizin görkəmli şəxsiyyətləri ilə eyni məkanda uyuması nə qədər dorğudur?

Bu sualla müraciət etdiyimiz millət vəkili Aqil Abbas deyir ki, həmin məzarların üzərindəki yazılar götürülməlidir:

“Təbii ki, mütləq bu lövhələr dəyişdirilməlidir. Qəbirlərin kimə aid olduğunu bilmirəm. Bəlkə də hər hansı tarixi şəxsiyyətə məxsusdur. Bu halda bir fikir bildirə bilmərəm. Amma xarici ölkələrdən gələn qonaqların tez-tez ziyarət etdiyi bir yerdə belə yazılı qəbirlərin qalması doğru deyil”. 

Fazil Mustafanın mövqeyi isə daha sərt oldu. Deputat bildirdi ki, bu tariximizə sayğısız, hörmətsiz yanaşmanın nümunəsidir: 

“Əslində mən bu məsələyə normal yanaşıram. Çünki bəzi məmurların zehniyyətində hələ də Demokratik Respublikanın qurucuları cəllad kimi qalır. Halbuki, ölkə prezidenti bu məsələylə bağlı ciddi mövqe ortaya qoyub və Cumhuriyyətin 100 illiyi ilə bağlı qərar qəbul edilib. Tədbirin təntənəli şəkildə qeyd olunması da nəzərdə tutulub. Görünür, məmurların böyük qisminin ölkə başçısının mövqeyi vecinə deyil. Əks halda, bu kimi məsələlər öz həllini tapmış olardı. Bu bizim üçün əslində üz qarası, utanmalı olduğumuz məsələdir. Tariximizə sayğısız, hörmətsiz yanaşmanın bir nümunəsidir. Təəssüf ki, bu kimi nümunələr bizim ölkədə qalmaqdadır”. 

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button