İqtisadiyyat

Bakının parkinq problemi: Səbəblər və həll yolları – MULTİMEDİA

Bakı şəhərinin mobillik baxımından ən önəmli problemlərindən biri də parklanma ilə bağlıdır. Hazırda Nazirlər Kabineti tərəfindən parklanma yerlərinə görə tariflərin hələ də təsdiqlənməməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən (BNA) küçə parklanmasının tənzimlənməsinə və nəzarətinə mane olur.

Həmçinin, tariflər müəyyən olunana qədər parklanmanın pulsuz olması ilə bağlı BNA tərəfindən küçələrdə müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur. Bununla bərabər, mövcud şəhər infrastrukturunda parklanma məkanlarının təşkili də əsas məsələlərdən birinə çevrilib.

Maraqlıdır ki, urbanizasiyanın yüksək həddə olduğu Bakı şəhərində parklanma problemi hələ də həllini tapmayıb. Bəs bu problemin həlli üçün parkinqlərin təşkili və tarifləri necə olmalıdır?

“MediaPost”un qonağı olan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov parkinqlərin təşkilində mövcud problemlərə toxunub və qurumların bu mövzuda Bakı Nəqliyyat Agentliyinə dəstək göstərməli olduğuna diqqət çəkib:

Ekspert hazırda parkinqlərin təşkili üçün infrastrukturun əlverişsizləşdirildiyini və çox sayda tikinti işlərinin buna mane olduğunu qeyd edir. E. Cəfərovun sözlərinə görə, müxtəlif obyektlərin tikintisi zamanı standartlar təyin olunmalı, bu standartlara parklanma tələbləri də daxil edilməlidir. Bu mövzuda digər qurumlar da Agentliyə öz dəstəyini göstərməlidir.

Bir digər problem isə parkinq tariflərinin təsdiqlənməməsi səbəbindən büdcədən milyonlarla manat məbləğin yayınmasıdır. Ekspertin sözlərinə görə, bu məbləğ illik olaraq, 10-20 milyon manatdan çoxdur və parklanma ödənişləri büdcə üçün əsas gəlir mənbəyi ola bilər.

Parkinq problemi ilə bağlı “MediaPost”a açıqlama verən daha bir nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üçün dayanıqlı şəhər mobilliyi konsepsiyasının tətbiqinə ehtiyac var: “Belə konsepsiya Avropa ölkələrinin yüz mindən çox əhalisi olan şəhərlərində tətbiq olunur ki, stabil, uzunmüddətli və insan həyatını rahatlaşdırmağa hesablanmış vəziyyət yaransın. Parklanma da belə konsepsiyaya uyğun olmalıdır. Hazırkı dövrdə parklanmaların mükəmməl təşkilinə ehtiyac var. Bu məsələ zahirən asan görünsə də, heç də elə deyil. Parklanma elə təşkil olunmalıdır ki, tıxac yaratmasın, insanların ehtiyac duyduğu mobillik, sosial ədalətlilik və müəyyən xidmətlərə əlçatanlıq təmin olunsun”.

Ərşad Hüseynov

Bakı şəhərində bütün növ parklanmanın tətbiqinə ehtiyac var və bunların hamısı bir-biri ilə uzlaşmalıdır.

Ekspert bildirir ki, qısa müddətə çoxmərtəbəli yerüstü parklanmalardan istifadə əlverişli deyil: “Çünki heç kəs bir neçə dəqiqə ərzində aptekdən nəsə almaq üçün 500 metr məsafədə olan parkinqdə avtomobilini qoymayacaq. Belə hallarda imkan daxilində, məhdud sayda küçə parklanmaları yaradılmalıdır, çünki parklanmalar dayanma müddətini məhdudlaşdırır. Modul tipli parklanmalar isə bir qayda olaraq, çoxmərtəbəlidir, müasir texnologiyalardan istifadə edir, kiçik məkanda bir neçə mərtəbədə avtomobillərin parklanması təşkil olunur. Bu parkinqlərin şəhər mənzərəsini korlamaması, yaşıllıqlara ziyan vurmaması, başqa təhlükələr doğurmaması kimi meyarlara baxılmalı və iqtisadi uyğunluq nəzərə alınmalıdır”.

Bir qayda olaraq, mərkəzdən kənara getdikcə parkinq qiymətləri enməlidir

“Şəhər yalnız “A” və “B” yox, müxtəlif zonalara bölünməlidir. Həm qiymət, həm müddət baxımından, həm də parklanmaların həcmi və tipi baxımından, Bakı kimi şəhərləri 4-5 zonaya bölürlər. Məsələn, şəhərin tarixi yerlərində yeraltı parklanma yaratmaq mümkün olmur. Burada çox az sayda yüksək qiymətlə parklanma yerləri ola bilər. Zonalar parklanma yerindən istifadənin qiyməti və müddəti ilə bağlıdır. Təbii ki, bir qayda olaraq, mərkəzdən kənara getdikcə qiymət enir. Hətta şəhər girişində toplayıcı parklanmadan istifadə oluna bilər ki, bu zaman sürücülər fərdi avtomobillərini burada parklaya və şəhərə ictimai nəqliyyatdan istifadə etməklə daxil ola bilərlər. Parkinqlər üzrə gecə və gündüz tarifləri arasında fərq olmalıdır. Hətta bəzi yerlərdə gündüz vaxtı parklanma qadağan olunub, gecə vaxtı icazə verilə bilər.

Əsas hədəfi insan həyatının keyfiyyətinin yüksəldilməsi olan mobillik konsepsiyasında parklanma ilə paralel, digər işlər də görülməlidir. Bu konsepsiyada insanların evdən işə, işdən evə gedərkən yollarda daha az vaxt itirməsi və tıxaclarda az qalması önəmlidir. Bu zaman məskunlaşma ilə bağlı məsələlər də diqqətdə saxlanılmalıdır ki, əsas kütlənin iş, alış-veriş, təhsil, tibbi xidmətlər üçün lazım olan yeri maksimum dərəcədə yaxın olsun və piyada əlçatanlığı təmin olunsun. Həmçinin, şəhərdə mütləq şəbəkələşmiş velosiped zolaqları, velosiped dayanacaqları, velosipedə qulluq üçün infrastruktur qurulmalıdır. Bununla bərabər, Bakı kimi şəhərlərdə metro stansiyalarının sayı 200-dən çox olmalı, avtobus marşrutlarının şəbəkəsi, tramvay, trolleybus şəbəkəsi, şəhərətrafı qatarlar şəbəkəsi olmalıdır. Bütün bunlarla paralel şəkildə parklanma məsələsinə baxılır” – deyə, Ə. Hüseynov əlavə edib.

Nəticə olaraq, ekspertlərimiz parkinq tariflərinin tez bir zamanda qəbul olunmasını vacib hesab edirlər. Bunun həm şəhərin parklanma probleminin aradan qaldırılmasına, həm də büdcəyə əlavə vəsaitin daxil olmasına müsbət təsir edəcəyini qeyd ediblər.

Bənzər yazılar

Back to top button