Siyasət

Ermənistan erməniləri buna görə Paşinyandan imtina etmək istəmir (ŞƏRH)

“Kapitulyasiyadan sonra Paşinyanın reytinqi azalsa da, əhalinin ən azı 30 faizi hələ də onu dəstəkləyir”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ermənistandakı siyasi vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, Paşinyan vaxt udmağa çalışır:

“Ermənistanda qəribə vəziyyət yaranıb. Müharibədə məğlub olublar və məğlubiyyətə görə məsuliyyəti baş nazir Nikol Paşinyan daşıyır. O özü də bunu etiraf edib. Buna baxmayaraq, Paşinyanı istefaya göndərmək mümkün deyil. Onun istefasının 3 yolu var. Birinci yol Paşinyanın özünün istefa verməsidir, ancaq o bu addımı atmayacağını bəyan edib. İkinci yol parlamentin Paşinyanı istefaya göndərməsidir. Ancaq bu da alınmır, çünki qanunverici orqana nəzarət edən hakim partiya liderlərinin istefasının əleyhinədir. Üçüncü yol Paşinyanı mitinqlər və küçə yürüşləri vasitəsilə istefaya məcbur etməkdir, ancaq bu da alınmır, çünki mitinq və küçə yürüşlərinə çıxanların sayı getdikcə azalır. Bəzi hesablamalara görə, kapitulyasiyadan sonra Paşinyanın reytinqi azalsa da, əhalinin ən azı 30 faizi hələ də onu dəstəkləyir. 30 faiz Ermənistan üçün kiçik rəqəm deyil.

Paşinyan ona 6 ay vaxt verilməsini xahiş edib. Yəni guya o 6 ayda ölkəni sabitləşdirəcək. Aydındır ki, Paşinyan vaxt udmağa çalışır. Ermənistan kimi kasıb dövləti 6 ayda normallaşdırmaq – iqtisadiyyatı düzəltmək, xeyli canlı itki verən, hərbi texnikasının böyük hissəsindən məhrum olan ordunu əvvəlki vəziyyətinə qaytarmaq fiziki və maliyyə baxımdan mümkün deyil. Paşinyan sadəcə 6 ay ərzində Qarabağ itkisini Ermənistan cəmiyyətinə unutdurmağa çalışacaq.

Əslində Ermənistan cəmiyyətini bir hissəsi açıq dilə gətirib etiraf etməsə də, Qarabağ yükündən qurtulmaqdan daxilən razıdır. Ermənistan Dağlıq Qarabağa büdcədən pul ayırırdı, övladlarını təhlükəli bölgəyə göndərirdilər, üstəlik erməni qarabağlıların yekəxanalığı Ermənistandakıların narazılığına səbəb olurdu. Ona görə də bu cür düşünən ermənilər Paşinyandan imtina etmək istəmirlər. Düzünə qalsa, ağır kapitulyasiyadan sonra müxüalifət də hakimiyyətə gəlmək istəmir. Mitinq və küçə yürüşləri isə gözə kül üfürməkdir. Onlar qışqırıb bağırsalar da, özləri də Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Çünki hakimiyyətə gəlib kapitulyasiya şərtlərini yerinə yetirməli olacaqlar.

Bu arada, Ermənistanda Qarabağ klanının da nüfuzu qalmayıb. Onların nüfuzu birinci Qarabağ müharibəsinin qələbəsi üzərində formalaşmışdı. İndi nə keçmiş qələbə var, nə də həmin nüfuz. Ona görə də erməni cəmiyyəti hələ bir müddət Paşinyanla yola davam etmək istəyir. Bu bizim üçün pis ssenari deyil”.

Bənzər yazılar

Back to top button