Bizim seçimGündəmHadisəİqtisadiyyatManşet

Ağ Şəhərdə gərginlik: Birinci vitse-prezidentin adından kimlər istifadə edir?

“Ağ Şəhər” layihəsini həyata keçirən məsul şəxslər vətəndaşları bu qədər konkret təhdid edirlər: Ya sakinlər onlara təklif olunan qəpik-quruşu alıb evlərini boşaltmalıdırlar, ya da evləri başlarına uçacaq.

Birinci vitse-prezidentin adından istifadə edərək Prezident sərəncamını pozan “Ağ şəhər” layihəsinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət rəhbərliyndən narazı salır.

Redaksiyamıza Xətai rayonu Turşsu küçəsində yaşayan 40 ailədən giley-güzar dolu şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, həmin ailələr artıq 20 ilə yaxındır ki, Babək prospektindəki “Dəniz Mebel” deyilən salonun arxasında, Turşsu küçəsində, sakinlər arasında “Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər. Lakin özlərini “Ağ Şəhər” layihəsinin məsul şəxsləri kimi təqdim edən bir neçə nəfər sakinləri evlərindən çıxarırlar. Üstəlik “Ağ Şəhər” layihəsinin məsul şəxsləri sakinlərin evlərini “su qiymətinə” almaq istəyirlər. Maraqlı oarsıdır ki, ölkə vətəndaşların konstitutsion huquqlarını birbaşa pozan bu “işbazlar” sakinlərə heç bir seçənək belə tanımaq istəmirlər. Ya sakinlər onlara təklif olunan qəpik-quruşu alıb evlərini boşaltmalıdırlar, ya da evləri başlarına uçacaq. “Ağ Şəhər” layihəsini həyata keçirən məsul şəxslər vətəndaşları bu qədər konkret təhdid edirlər. Çox qəribədir ki, sakinlər dərdlərini söyləyəcək bir dövlət qurumu da tapa bilmirlər. Çünki onları dinləyən belə yoxdur.

Şikayət məktubunda sakinlər bildirirlər ki, “Ağ Şəhər” layihəsini həyata keçirən məsul şəxslərin təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil. Hətta bəzi sakinlərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçmür, yaşayış sahələri real ölçüdən az göstərirlər, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyini bildiririrlər. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur.

Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb. Ərazidə isə narazılıq və gərginlik pik həddədir.

Sakinlər prezidentə ünvanladıqları şikayət məktubunun ünvana çatmadığından əmindirlər

Sakinlər MilliYoll-a bildiriblər ki, bu barədə dövlət başçısı zati-aliləri İlham Əliyevə, ölkənin birinci-vitse prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsalar da, şikayətlərinə heç bir reaksiya verilməyib. Onlar əmindirlər ki, məktubları birbaşa ünvanına çatdırılmayıb:

“Ola bilməz ki, dövlət başçımız və digər mötəbər dövlət adamları cənab Prezidentin və Mehriban xanımın adından istifadə edilərək camaata zülm olunduğunu bilsinlər və bu faciəyə diqqət göstərməsinlər. Axı dövlət başçısımız həmişə məzlumun və kimsəsizlərin yanında olduğunu dəflərlə sübut edib. Daha əvvəl isə möhtərəm prezidentimiz Azərbaycanın paytaxtında – mərkəzi məhlələrdə sökülən binaların hər kvadrat metri üçün 1500 azn ödəniləcəyini açıq mətnlə demişdi. Zati-alilərinin bu göstərişini bütün respublika eşitmişdi.

Necə ola bilər ki, dövlət başçısı belə bir göstəriş versin, lakin aşağı ranqlı hansısa məmurlar, ya “işbazlar” söküntü üçün ayrılmış pulu mənimsəsin və sonra da birinci-vitse prezident Mehriban Əliyevanın adından danışaraq zati-alilərinin iradəsinə qarşı çıxış etsin? Biz inanırıq bu özbaşınalıqlar öz tamahlarına sahib çıxa bilməyib biçarə insanların puluna göz tikən zalımların işidir. Lakin bu “işbazlar” belə cəsarəti kimdən və haradan alırlar? Nəyə görə bizim qanuni və haqq şikayətimiz dövlət qurumlarına çatmır? Bu sualın cavabını əlaqədar qurumların rəhbərləri verə bilərmi?

Öz ciblərini düşünən həmin “Ağ şəhər” layihəsinin məsulları və şikayətmizə etinasız olan məmurlar bu addımları ilə vətəndaşları cənab Prezidentdən narazı saldıqlarının fərqində deyillərmi? Onlar “kimin dəyirmanına su tökürlər?”. Onların həmişə xalqa xidmət etdiyini bəyan edən möhtərəm prezidentimizə qarşı olduqları açıq aydın ortadadır”.

“Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən və sabahı açan sakinlər Prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər. Onlar bildirilir ki, rəsmi poçtla yolladıqları müraciətlər cavabsız qaldığı üçün öz səslərini media vasitəsi ilə dövlət rəhbərliyinə çatdırmağa məcbur qalıblar.

Sakinlər ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Ancaq onu da vurğulayırlar ki, müəyyən qruplar mətbautda getmiş məlumatı da dövlət başçısından gizlətsələr, məcbur qalıb Prezident Administrasiyasının qarşısına gedərək şikayətlərini birbaşa zati-alilərinin özünə çatdırmağa çalışacaqlar. (milliyol.az)


Bənzər yazılar

Back to top button