Qurban Qurbanov: “Uğursuzluq olan kimi etirazlar üzə çıxır”

Print Friendly, PDF & Email

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində qarşılaşdıqları “İnter”lə görüşdən sonra fikirlərini bölüşüb. 45 yaşlı mütəxəssis minimal hesabla uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– Məğlub olduq. “İnter”i həm qələbə, həm də təşkilatlanmış oyuna görə təbrik edirəm. Səhvlərimiz oldu. Bəzi futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Oyunların sayı azalır. Onlara hazırlaşmalıyıq.

– Son oyunlarda “Qarabağ”da nəsə çatmır. Bu, Dani Kintananın yoxluğu ilə bağlıdır?

– Təkcə Dani deyil, heyətlə bağlı problemlərimiz olur. Bu görüş ərəfəsində Maksim Medvedev zədələndi. Dino məşqdə toqquşdu, huşunu itirdi. Bir gün xəstəxanada qaldı. Əfran İsmayılovun ailəsində problem var. Ona görə də üç günlüyünə İstanbula gedib. Problem stabil heyət əldə edə bilməməyimizdir. Düşünürəm ki, hər şey qaydasına düşər.

– Azarkeşlərlə Rəşad Sadıqovun arasında nə baş verdi?

– Görmədim. Biri mənə qışqırırdı ki, transfer elə. Azarkeşin fikridir. Məşqçiyik, məğlub olmağı bacarmalıyıq. Həyat belədir ki, uğursuzluq olan kimi etirazlar üzə çıxır. Azarkeşlərin haqları var. Ancaq heç nəyi unutmalı deyilik. Hətta böyük məşqçilər belə 4-5 qol buraxıb məğlub olur. İşləyən tək biz deyilik. Hamı nəticə üçün işləyir. Azarkeşlərlə öz aramızda dialoq aparsaq yaxşı olar. Bizə azarkeşlik etməyənləri sevindirməməliyik.

– Bugünkü nəticə sizin üçün gözlənilməzdir?

– Xeyr, gözləyirdik. Oynayanda məğlubiyyət də olur.

– Gəncədə keçirilən oyunun nəticəsinin öncədən bilinməsi futbolçulara təsir etdi?

– Deyə bilmərəm. Məncə, təsir etmədi. Biz fikrimizi öz oyunumuza yönəltmişdik.

– Şəhidlər Xiyabanına getməyiniz təqdirəlayiq hərəkətdir. Lakin Vüqar Nadirov istisna olmaqla, digər futbolçuların gəlməməyi söz-söhbətə səbəb oldu…

– Nə söz-söhbət? Bizdə bu istiqamətdə hər zaman tədbirlər keçirilir. Klub rəhbərliyinin, futbolçuların iştirakı ilə. Hətta Tahir Gözəl həm Azərbaycan, həm də ingilis dilində məlumat verir. Sadəcə, biz hər şeyi açıqlamaq istəmirik. Fərdi şəkildə gedib ziyarət edənlər olur. Ancaq bunu reklam etmək istəmirik. Sizin bilmədiyiniz o qədər şey var ki… Demək düz olmaz. Məsələn, rəhbərlik tərəfindən yardım edilən ailələr var. Bu barədə danışmaq istəmirik.

– Riçard Almeydanın milliyə dəvət alması ilə bağlı nə deyə bilərdiniz?

– Bəli, artıq bu yöndə işlər görülür. Düşünürəm ki, müsbət addımdır.

...