AnalitikaDünya

Ərdoğan “qiyamçı pilot”ların yerini doldura bilmir: Türkiyənin hərbi hava qüvvələri pilotsuz qalıb (TƏHLİL)

“Türk Hava Yolları” şirkətinin pilotları üçün məzuniyyət mövsümü başlanıb. Elə bu vaxt prezident Ərdoğan onlara birbaşa aidiyyəti olan məcburi fərman verib. Ötən ayın sonlarında imzalanmış fövqəladə fərman hərbi hava qüvvələrindən tərxis olunmuş pilotları yenidən hərbi xidmətə çağırır.

BBC radiosunun məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb. Fərmanda bildirilir ki, hərbi hava qüvvələrinə qayıtmaqdan boyun qaçıranların aviasiya lisenziyaları ləğv ediləcək. Bu isə hazırda mülki aviasiyada çalışan 200-300 pilotun çörəyinə bais olmaq deməkdir. Məqalədə deyilir ki, belə bir fərmanın verilməsinə ilkin səbəbin özü də Ərdoğandır. Onun iyul çevriliş cəhdindən sonra ölkə boyunca apardığı repressiyalar əsnasında həbs olunan və işindən məhrum edilən on minlərlə insanın arasında hərbçilər də var. Təhlilçilər və pilotlar bildirirlər ki, Türkiyə hərbi hava qüvvələrində çox kəskin pilot çatışmazlığı yaşanır.

“Financial Times” yazır ki, məcburi fərman ölkənin aviasiya sektorunda təlatüm yaradıb. Hərbi xidmətlərini başa vurmuş bu təyyarəçilərin əksəriyyəti ailə-uşaq sahibi olublar, uşaqları üçün məktəb, bağça seçiblər, ev alıblar və dinc peşə ilə məşğuldurlar. İndi isə onlara “yenidən əsgərliyə gəl” deyirlər.

Pilotların təkrar xidmətə çağırışı Türkiyə hərbi hava qüvvələrində yaranmış böyük boşluq səbəbilə səslənir. Məsələ burasındadır ki, çevriliş cəhdinin ön sıralarında məhz hərbi hava qüvvələri olublar.

2016-cı ilin iyulunda bir neçə xatakar pilot Ankarada küçələrin üzərində alçaqdan uçaraq parlament binasını atəşə tutub. Çevriliş cəhdi baş tutmayanda isə iki-üç nəfərə görə yüzlərlə F-16 və F-4 qırıcı pilotlarını ya həbs ediblər, ya da qüvvələrdən qovublar. Odur ki, indi NATO-nun ikinci ən böyük ordusu boşluğu doldurmaq üçün vurnuxur.

“Bu fərmanın icbari olması özü hər şeyi göstərir. Türkiyə hərbi hava qüvvələrində pilot çatışmazlığı kritik həddə yetişib”- deyə keçmiş hərbçi, indi isə Al-Monitor portalının müdafiə təhlilçisi Metin Gurcan bildirir.

“Financial Times” yazır ki, bu çatışmazlıq təkcə Ankara yox, həm də Türkiyə pilotlarını təlimləndirən NATO müttəfiqləri üçün həyəcanvericidir: “Hələ çevriliş cəhdindən əvvəl də heyətin keyfiyyətindən real nigaranlıq vardı. Vəziyyət o vaxtdan bəri yaxşılaşmayıb. Ortalıqda potensial anlaşılmazlıq və səhvlərdən ibarət təhlükə var”,- deyə NATO hərbi hava qüvvələrindən bir zabit vurğulayıb. Qərb hərbi rəsmilərinin təxminlərinə görə Türkiyədə çevriliş cəhdindən bəri 600 döyüş pilotu ya xidmətdən qovulub, ya da həbs edilib. Bu, bütün hərbi pilotların yarısı deməkdir.

Bu həm də elə bir vaxtda baş verir ki, Türkiyə silahlı qüvvələri eyni zamanda bir neçə cəbhədə döyüşməli olurlar. Xidmətdən qovulan və həbs edilən təkcə pilotlar yox, həm də təlimatçılər və eskadra komandirləridir. Türkiyə hərbi hava qüvvələrində pilot çatışmazlığı çevriliş cəhdindən əvvəl də vardı. Hökumət ordunun nüfuzunu neytrallaşdırmaq üçün böyük heyət ixtisarlarına getmiş, hərbi təyyarəçilərin xidmət müddətini 15 ildən 13 ilə endirmişdi. Elə bu səbəbdən də 2012-ci ildə birdən-birə yüzlərlə pilot tərxis olunmuşdu. Türkiyə hökuməti bu çatışmazlığı aradan qaldırmaq üçün bir neçə tədbirlərə əl atıb: pilotların xidmət müddəti 18 ilə yüksəldilib, Ankara uçuş təlimatçılarının göndərilməsi üçün ABŞ-a müraciət edib. Lakin Birləşmiş Ştatlarda əksər F-16 pilotları ən müasir F-35 qırıcılarında uçmağı öyrənirlər. ABŞ Ankaraya hələlik ona heç nədə kömək edə bilməyəcəyini bildirib. Ərdoğan hökuməti şirnikləndirici vasitələrə də əl atır. İndi hərbi pilotlara əvvəlkindən iki dəfə çox, ayda 8 min dollar maaş təklif olunur.

Amma burası da var ki, hərbi xidmətə qayıtmaqdan boyun qaçıran pilotların uçuş lisenziyaları əllərindən alınacaq. İndi onlar üçün yeganə alternativ xarici hava şirkətlərinə keçməkdir.

Bənzər yazılar

Back to top button