“Putin o kişilərə bənzəyir ki, metroda ayaqlarını aralayıb oturur və…” – Hillari Klinton yeni kitabında Putindən nələr yazıb?

Print Friendly, PDF & Email

“Nə baş verdi?”… Bu, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun memuarlarının yer aldığı kitaba qoyduğu addır. Təqdimatı Manhettenin nüfuzlu “Barnes&Noble” mağazasında baş tutan kitab bugünlərdə, nəhayət ki, oxucuları ilə görüşüb. Keçmiş birinci ledinin kitabında onun son seçki kampaniyası ilə bağlı təəssüratlarına, ABŞ-ın hazırkı prezidenti Donald Trampa necə uduzduğuna, Putin və Medvedevlə bağlı fikirlərinə rast gəlmək olar. Maraqlıdır ki, Klinton memuarlarında düz 333 dəfə Putinin və Rusiyanın adını çəkib. 

Elə ikinci səhifədəcə Klinton ruslardan bəhs etməyə başlayır. Yazır ki, əgər keçmişə qayıtmaq şansı olsaydı, seçki kampaniyasındakı bəzi məqamları düzəldərdi: “Rus hakerlər mənim şüuraltıma da hücum edə bilsəydilər, orada uzun siyahı tapardılar”.

Birinci səhifədə xanım Klinton Trampın inauqurasiyasından danışır. Dediyinə görə, mərasimə gedib-getməməklə bağlı bir neçə həftə tərəddüd edibmiş: “Məsələn, konqresmen Con Luis getmək istəmirdi. O deyirdi ki, ruslar seçkiyə müdaxilə etdiklərinə görə, seçilmiş prezident legitim sayılmır”.

Növbəti səhifələrdə yenidən Putinə qayıdan Klinton Rusiya prezidentini belə xarakterizə edir: “Putin o kişilərə bənzəyir ki, metroda ayaqlarını aralayıb oturur və bununla sanki “nəyi istəyirəmsə, onu da götürürəm” və ya “sizə o qədər az hörmət edirəm ki, özümü evdə xalat geyinib istirahət edirəmmiş kimi aparacam” deyir”.

“Putin KQB əməkdaşıdır və tərifəlayiq deyil”

Müəllif əlavə edir ki, həyatı boyunca çox kişi liderlə təmasda olub. Lakin Putin onlardan çox fərqlənir: “Oğul Corc Buş deyirdi ki, Putinin gözlərinə baxanda onun etibara layiq biri olduğunu hiss eləyib. Mənə görə isə Putin KQB əməkdaşıdır və tərifəlayiq bir ruha sahib deyil”.

Klinton yazır ki, Putinlə əlaqələri çoxdandır ki ürəkaçan deyil: “Putin qadınlara hörmət eləmir və ona qarşı çıxanları sevmir. Ona görə də mən onun üçün ikiqat problem idim”.

Müəllif hesab edir ki, Putin ona 2011-ci ilin dekabrındakı çıxışını bağışlaya bilmir: “O vaxt demişdim ki, ruslar bütün başqa millətlər kimi, səslərinin eşidilməsi və sayılması hüququna sahib olmalıdılar. Putin hesab edirdi ki, Rusiyada o vaxtkı narahatlıq Vaşinqtonun əli işidir və mən bu çıxışımla ruslara siqnal vermiş olmuşam”.

 

“At belində yarıçılpaq şəkil çəkdirəndə…”

Klinton elə bu mərhələdə Obamaya məktub yazaraq onu Rusiyada vəziyyətin dəyişdiyi barədə xəbərdar etdiyini, ABŞ-ın Putinə münasibətdə daha sərt mövqe tutmalı olduğunu bildirdiyini deyir: “Moskva düşünürdü ki, onun sözləri ABŞ-la müttəfiqləri arasında problem yaradacaq. Bu cəhdlərin uzunömürlü diplomatik nəticələri olmasa da, göstərdi ki, ruslar təkcə kəşfiyyat məqsədilə informasiya oğurlamır, həm də sosial şəbəkələrdən istifadə edərək bu informasiyanı silaha çevirir.  

Rus pulları, təbliğatı Avropa və ABŞ-dakı bütün sağ qüvvələri dəstəkləyirdi. Putin özünü miqrantları sıxışdırmaq, Atlantik alyansı zəiflətmək, Avropa Birliyini dağıtmaq istəyən avtoritar kimi, ksenofob hərəkatın lideri kimi göstərməyə çalışırdı.  At belində yarıçılpaq şəkil çəkdirəndə, cüdo yarışlarında qalib gələndə, yarış avtomobili sürəndə insanlar gülürdülər. Halbuki bu tərzdə görünmək onun strategiyasının elementləri idi.

Putin açıq, çoxmillətli, liberal cəmiyyətlərə nifrət edənlər üçün pərəstiş subyektinə çevrilmişdi. O, həm də bu səbəbdən rus pravoslav kilsəsi ilə sıx ittifaq qurmuş, cinsi azlıqlara qarşı sərt qanunlar qəbul etmişdi. Bütün bunlar həmin imici formalaşdırmaq üçün idi”. 

Klinton deyir ki, seçki kampaniyası zamanı o, öz komandasına Rusiya ilə bağlı daha aqressiv strategiya hazırlamağı tapşırmışdı: “Yeni “soyuq savaş” istəmirdim. Lakin münaqişədən qaçmaq və gələcək əməkdaşlığa qapını açıq saxlamaq üçün ən yaxşı üsul elə ilk gündən bizim qüdrətimiz və qətiyyətimiz barədə Putinə siqnal ötürmək idi. Prezident seçilsəydim, Obamadan da irəli gedib Ukrayna, Suriya və kibertəhlükəsizlik məsələlərində qətiyyətli qərarlara imza atacaqdım. Çünki gözüm çox açıq idi. Bilirdim ki, Putin böyüyən təhlükədir. Onun mənə və Birləşmiş Ştatlara olan xoş olmayan münasibətinin fərqində idim”.

“Trampın Putindən nəinki xoşu gəlir, hətta onun kimi olmaq istəyir”

Müəllif Trampın Putinə olan münasibətindən və bu münasibətin ona ilk gündən qəribə gəldiyindən də  yazıb: “Niyə bu Donald Tramp daima Putinə öpüş göndərir? Deyir ki, idarəteməyə görə Putinə 5 bal verir və onu ölkəsində və kənarda kifayət qədər hörmətli şəxs hesab edir. Əvvəl Trampın niyə belə etdiyini başa düşə bilmirdim. Sonra 3 qənaətə gəldim.

Birincisi, diktatorlar Trampı cəlb edir. Hər şey güclə bağlıdır. Trampı insan haqları yox, güc və hakimiyyət kateqoriyası düşündürür. Eynilə Putin kimi. Sadəcə onun strateqiyası daha güclüdür. Böyük ehtimalla, Tramp Putinin avtokrat obrazına heyrandır. Trampın Putindən nəinki xoşu gəlir, hətta onun kimi olmaq istəyir – fərqli fikirləri susduran, azlığı sıxışdıran, seçiciləri səs hüququndan məhrum edən, mətbuata təzyiq edən, özünə milyardlar toplayan…

İkincisi, Trampın xarici siyasət barədə bilgisi olmasa da, onun dünyaya baxışları Putində olduğu kimidir. Hələ 1987-ci ildə o, 100 min dollar xərcləyərək  “New York Times”a elan vermişdi. Elanda Reyqanın xarici siyasətini tənqid edərək ABŞ-ı öz başının çarəsinə baxa bilən müttəfiqlərini dəstəkləməyi dayandırmağa çağırmışdı. Bunlar tam Putinə uyğun şeylərdir. Putin Trampdan yaxşı dost arzulaya bilməzdi. 

Üçüncü səbəb Trampın Rusiyadakı maliyyə əlaqələridir. Oğlu Erik də demişdi ki, onlar ABŞ banklarına arxayın deyillər və onlara lazım olan maliyyə Rusiyadan daxil olur”.

Klinton qeyd edir ki, Trampın Rusiyanı şübhə altından çıxarmaq cəhdlərinə baxmayaraq, ABŞ xüsusi xidmət orqanları və ekspertləri rus hakerlərin seçkilərə müdaxiləsindən əmindirlər: “Bu kiberhücumların məqsədyönlü olması təsadüf deyil və hesab edirəm ki, hakerlər respublikaçıların düşərgəsindən dəstək alıblar. Moskva bu vasitəyə gələcəkdə də əl atacaq…”.

Strateq.az

...