İqtisadiyyat

Yeni neft sazişi gələcəkdə dövlət büdcəsi və manat üçün yeni risklər yarada bilər

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə yeni kontraktın imzalanmasından 5 gün ötür. Əvvəlki kontraktın başa çatmasına 7 il qalmış saziş tərəflərinin yekdilliklə verdiyi bu qərar müxtəlif prizmalardan şərh olunmaqdadır. Hökümətin rəsmi izahatına və ona yaxın olan eksertlərin açıqlamarına nəzər salanda bəlli olur ki, kontraktın yenidən imzalanmasının əsas səbəbi yaxın illərdə neft hasilatında sabitliyi təmin etməkdir.

Bu açıqlamanın sətiraltı izahı odur ki, şirkətlər əvvəlki kontrakt çərçivəsində mənfəət neftindən əldə etdikləri payın azalmasına görə hazırkı və gələcək dövrün məsrəflərini qarşılamaq istəmirdi. Belə olanda neft hasilatı, demək olar, hər gün 100 min barrel aşağı düşürdü. Onda hətta sadə məntiqlə demək olar ki, ikinci saziş şirkətlərin maraqlarını nəzərə almaqla onların investisiya qoyuluşlarını stimullaşdırmaq üçün yenidən imzalanıb. Bu isə o deməkdir ki, yeni şərtlər şirkətlər üçün əvvəlki ilə müqayisədə daha əlverişli olub, ona görə buna razılıq veriblər. Yoxsa, şirkətlər konstitutsiya aktlı sazişə xitam verilməsi ilə razılaşmazdılar. Deməli, şirkətləri razı salmaq üçün hökümət yenidən güzəştlərə gedib. Bəs onda nədən prezident səviyyəsində bu sazişin şərtləri əvvəlkindən daha əlverişlidir bəyanatı səslənir. Bu həm də o demək deyilmi ki, Heydər Əliyevin 23 il əvvəl əsasını qoyduğu neft strategiyası özünü doğrultmadı?! Doğrudan da yeni sazişin şərtləri dövlət üçün daha əlverişlidirsə, onda niyə saziş dərc olunmur, onun əsas müddəaları, xüsusilə də xərclərin və mənfəətin bölgüsü, vergi, royalti və digər ödənişlərinin hesablanması və ödənilməsi şərtləri açıqlanmır. Buyurun, yeni sazişi dərc edin, biz də onu köhnə ilə müqayisə edib, həqiqətlər varsa, onu təsdiq, yoxdursa onda yalanları faş edək.

Bəlkə də bu saziş sonadək işləyəcəyi halda Azərbaycan dövləti son illərdə mənfəət neftindən əhəmiyyətli pay götürə biləcək. Amma ən təhlükəsi odur ki, şişirdəcəkləri məsrəflərini yaxın 10-15 il ərzində çıxarılan Azərbaycan neftinin satışından əldə edilən gəlirlər hesabına ödətdirən şirkətlər, sonra da “indiki kimi yataqlarda qalan nefti çıxarmaq kommersiya baxımından faydalı deyil” bəhanəsi ilə işləri dayandıra bilərlər. Çünki, 10-15 ildən sonra elə bir situasiya yarana bilər ki, xərclərini geri götürən şirkətlərin hasil etdikləri neftin satış qiyməti onun istehsal xərcindən ucuz ola bilər. Necə ki, bir vaxtlar bahalaşan və uzun müddət aparıcı yanacağa çevrilən daş kömürə, indi, demək olar, qiymət verən yoxdur. Heç şübhəsiz ki, yanacaq balansının strukturunda baş verən son dəyişikliklər, 10-15 ildən sonra neft və qaz kimi təbii sərvətlərə tələbatı kəskin azalda bilər. Belə olan halda da yeni sazişdən itirən dövlət, qazanan isə yenə də Azərbaycandan getmək istəməyən xarici neft şirkətləri və tələbatlarını Azərbaycanın nefti hesabına ödəyən dövlətlər olacaq.

Digər tərəfdən də milli iqtisadiyyatın hazırkı böhranlı vəziyyətində başlıca ixracat məhsulundan əldə edilən valyuta gəlirlərinin azalmasına rəvac verən yeni sazişin imzalanması həm də SOCAR üçün yeni və əhəmiyyətli öhdəliklər yaradır. Dövlət büdcəsi və işçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR-ın əvəzinə bu öhdəlikləri Dövlət Neft Fondunun yerinə yetirəcəyi halda gəlirləri kəskin azalan Fondun xərc imkanları da məhdudlaşacaq. Bu isə həm dövlət büdcəsi, həm də manat üçün yaxşı perspektiv vəd etmir.
Burda pozitiv olan iqtisadiyyata, xüsusilə də neft bölməsinə yönələcək investisiyaların artmasıdır. Bu isə yeni iş yerləri və biznes imkanları deməkdir.

Qubad İbadoğlu, iqtisadçı alim

Bənzər yazılar

Back to top button