Ermənilər tərəfindən hədələnən tarixçi Rusiya Baş Prokurorluğuna müraciət edib

Print Friendly, PDF & Email

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran Oleq Kuznetsov Baş Prokurorluğa müraciət edərək ermənilər tərəfindən ölümlə hədələndiyini bildirib.

APA-nın məlumatına görə, O. Kuznetsov müraciətində Ermənistan mətbuatında müxtəlif təxəllüslər altında gizlənən müəlliflərin məqalələrində ona qarşı sui-qəsd çağırışları edildiyini deyib. Tarixçi alim həyatına və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasını və Rusiya Federasiyası ərazisində “http://voskanapat.info” və “http://www.yerkramas.org” saytlarının ekstremist fəaliyyətinin qadağan olunmasını istəyib.

Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan mətbuatında onun ünvanına olan hədələri Bakıda UNESCO və İSESCO-nun himayəsi altında keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı zamanı öyrəndiyini söyləyib: “O zaman mən bu məqalələri axmaq bir təxribat kimi qəbul etdim və buna fikir verməyin lazımsız olduğunu düşündüm. Lakin səhv etdim. Gərək, onlara sərt cavab verərdim. Erməni lobbistləri nəcibliyimi zəiflik kimi qəbul etdilər və bundan sonra növbəti dəfə məni “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” monoqrafiyama görə məsuliyyətə cəlb etmək qərarına gəldilər. Onların fikrincə, bu monoqrafiya nəinki Rusiya ərazisində insanları milli zəmində nifrətə təhrik edir, hətta beynəlxalq erməni biznesinin reputasiyasına böyük zərbə vurur. Mənim bu monoqrafiyam Avropada ingilis dilində yüz min tirajla çap olunub və bu, dünyadakı bütün erməni diasporunu vəlvələyə salıb. Onlar indi mənə qarşı cavab tədbirləri görməyə başlayıblar. Mənə fiziki güc tətbiq olunması ilə bağlı çağırışlar xəbərdarlıq idi. İndi isə daha aktiv fəaliyyətə keçiblər”.

O. Kuznetsov Rusiya Baş Prokurorluğuna müraciətin effekti olub-olmayacağı barədə sualı belə cavablandırıb: “Qoy, mənim Rusiya haqqında fikirlərim kimin üçünsə gülməli və ya sadəlövh səslənsin, lakin bu gün Rusiya effektiv hüquq-mühafizə orqanlarına sahib olan güclü və demokratik dövlətdir. Xaricdən onun vətəndaşına qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı çağırışlar olduğu zaman bu, Rusiya hakimiyyətini narahat etməyə bilməz. Söhbət “Panduxt” təxəllüsü altında gizlənən Qrabt Melik-Şahnazaryanın müəllifi olduğu məqalələrdən gedir. Bu məqalələrdə təkcə Oleq Kuznetsovun deyil, onlarla Rusiya vətəndaşının hüquqları və qanuni maraqları pozulur. Heç bir hakimiyyət özünə qarşı açıq hörmətsizliyi sevmir. Bundan başqa, unutmayaq ki, gələn il Rusiyada prezident seçkiləri ilidir. Seçkilər ərəfəsində Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ölkədə erməni ekstremizminin qarşısını ala bilməməsi və ya almaq istəməməsi ilə bağlı söz-söhbətlər olacaq və bu da seçki kampaniyası zamanı heç kəsə lazım olmayan müxtəlif siyasi spekulyasiyalara yol açacaq. Ona görə də əminəm ki, mənim müraciətimə hərtərəfli baxılacaq və bunun əsasında ən sərt cavab qəbul olunacaq.

...