Mehman Əliyev müxalifətin vahid namizədi olacağı xəbərinə nöqtə qoydu

Print Friendly, PDF & Email

“Turan” agentliyinin rəhbəri Mehman Əliyevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi olacağı ilə bağlı səslənən iddialar getdikcə çoxalır. Xüsusilə “Turan” rəhbərinin avqustun 24-də həbs edilib, sentyabrın 11-də azadlığa buraxılmasından sonra onun vahid namizədlik məsələsi daha da aktuallaşıb.

Hələ o, həbsdə olarkən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bu məsələni gündəmə gətirmişdi. Deputat M.Əliyevin tezliklə azad olunacağını və müxalif düşərgənin gələnilki seçkilərdə vahid namizədi olacağını qeyd etmişdi. Hətta BAXCP sədri “Turan” rəhbərinin 2013-cü ildə Milli Şuranın prezident seçkilərində vahid namizədi olmaq istədiyini, lakin bunun baş tutmadığını da vurğulamışdı.

Son olaraq, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli müxalifətin 2018-ci ildəki seçkilərdə şansları barədə “Yeni Müsavat”ın ötən sayında gedən yazıda bu məsələyə toxunub. O bildirib ki, Mehman Əliyev müxalifətin vahid namizədi kimi irəli sürülsə, digər namizədlərlə müqayisədə daha çox tərəfdar toplaya bilər.

M.Əliyev “Yeni Müsavat”a açıqlamasında ətrafında gəzən söz-söhbətlərə bu cür şərh verdi: “Mənim heç vaxt siyasi iddialarım olmayıb. Həyat boyu olan fəaliyyətim bunu açıq şəkildə göstərir. Doğrudur, Milli Şurada İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində ekspert kimi iştirak etmişəm. Mənim haradasa olmağım o demək deyil ki, hansısa formada siyasi iddiam var. Vaxtilə mənə siyasi postlar təklif olunub. Cəmi bir dəfə 1993-cü ildə Prezident Aparatında işlədim. Ora da o şərtlə getmişdim ki, 6 ay Aparatda informasiya siyasətini qurmağa kömək edəcəm, sonra yenidən ”Turan”a qayıdacam. Heç vaxt dövlət orqanlarında işləmək istəyim olmayıb. Bu gün də vahid namizəd olmaq istəmirəm. Bu işlə siyasətçilər məşğul olmalıdır. Mən siyasətçi deyiləm. Bu barədə heç fikirləşmirəm. Təklif olsa belə, qəbul etməyəcəm. Belə bir yükün altına girmək fikrim yoxdur, girməyəcəm də. Burada xeyli səbəblər var. Ümumiləşdirib deyirəm ki, istəyim yoxdur”.

Politoloq Hikmət Hacızadə M.Əliyevin vahid namizəd ola bilmə perspektivlərindən danışdı: “Mehman bəyə böyük hörmətim var. O, ləyaqətli və ziyalı bir insandır. İdarəçiliyi də, elmi də yaxşı bilir. Dünyadan xəbərdardır. Amma reallıq budur ki, bizdə seçki yoxdur. Bəli, o, vahid namizəd ola bilər, təbii ki, bunu istəsə. Burada xüsusi bir istək, ürək lazımdır. Mütəxəssis olmaqdan başqa belə böyük işə girişmək üçün adamın içərisindən bir səs onu çağırmalıdır. Onun Mehmanda olub-olmadığını bilmirəm”.

Prezidentliyə namizədliyini indidən elan edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev M.Əliyevin üzərində dayanmağın əleyhinədir: “2018-ci il seçkiləri mühüm seçkilər olacaq. Təxminən 2003-cü ildəki vəziyyətə bənzər situasiya yaranmaqdadır. Bu seçkilərdə də qeyri-müəyyənlik hökm sürə bilər. Ən azı bu səbəbdən müxalifət düşərgəsi şansları düzgün ayarlamalıdır. Müxalifətin bu yöndə düzgün qərarları olmalıdır. Seçkilərə bütövləşmiş halda vahid mövqe və komanda, tək namizədlə qatılmaq daha düşünülmüş taktika olar. Ötən illərdə olanları arxa plana keçirməliyik. Bunu etməyi bacarmalıyıq. Çağdaş prosesləri 2013-cü illə müqayisə etmək olmaz. O vaxt Milli Şura layihəsi kənardan sırınmış proje idi. Cəmil Həsənli onda bu layihəni başlatmış və iştirakçısı olan siyasətçiləri xilas etdi. Gələn il də neytral bir ziyalının vahid namizəd kimi irəli sürülməsi, prinsipcə mümkündür. Yetər ki, onun iqtidara və yaxud hansısa siyasi çevrəyə bağlılığı olmasın. Belə olan halda vahid narazı elektoral baza formalaşdırmaq üçün müəyyən şərtlər daxilində VİP qərarına yenidən baxa bilər. Mehman Əliyevə gəldikdə isə, onu mən prinsipial bir şəxs, yaxşı jurnalist və təşkilatçı, təcrübəli birisi kimi tanıyıram. Onu yaxşı tanımasam da, haqqında fikirlərim müsbətdir. İnanıram ki, Mehman müəllimin özü də haqqında gəzən şayiələrlə tanışdır. Vahid namizədin kimliyi prinsipial deyil. Prinsipial olan sistemli mübarizəni təşkil etmək, seçicini inandırmaq və toparlaya bilməkdir”.

...