Dünya

Ötən il 40 milyon nəfər köləyə çevrilib

Ötən il dünyada 40 milyondan çox adam müasir köləlik qurbanı olub. Bunu Beynəlxalq Əmək Təşkilatı (ILO) ilə «Walk Free Foundation» fondu, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) tərəfdaşlığıyla ərsəyə çıxardığı hesabatda qeyd edir.

Hesabat BMT Baş Assambleyasının sessiyası ilə eyni vaxtda açıqlanıb. ILO uşaq əməyi ilə bağlı rəqəmləri də yayıb. Dünyada 5-17 yaş arası 152 milyon uşağın məcburi əməyə məruz qaldığı bildirilir.

Yeni rəqəmlər qadınların və qızların fərqli nisbətdə köləlik qurbanı olduqlarını ortaya çıxarıb. Onlar köləliyə məruz qalanların 71%-ni təşkil edir, 29 milyon nəfərə yaxındırlar. Qadınlar kommersiya məqsədli seks sənayesindəki məcburi əmək qurbanlarının 99, nikaha məcbur edilənlərin isə 84%-ni təşkil edirlər.

UŞAQ ƏMƏYİ ƏN ÇOX KƏND TƏSƏRRÜFATINDA YAYILIB

Tədqiqata görə, müasir köləliyin 40 milyon qurbanından 25 milyonu məcburi əmək, 15 milyon nəfəri isə məcburi nikah sahəsinə düşür.

Uşaq əməyi, əsasən, kənd təsərrüfatı sahəsində (70.9%) yayılıb. Uşaq əməyinə cəlb olunan hər 5 nəfərdən 1-i xidmət sektorunda (17.1%), 11.9%-i isə sənayedə çalışır.

Bütün dünyada əməyə cəlb olunan hər 10 uşaqdan 9-u Afrika, Asiya və Sakit Okean regionunda yaşayır. Qalanların 11 milyonu Amerikada, 6 milyonu Avropa və Orta Asiyada, 1 milyonu ərəb ölkələrinin payına düşür. Başqa sözlə, Amerikada uşaqların 5%-i, Avropa və Orta Asiyada 4%-i, ərəb ölkələrində isə 3%-i işləməyə məcbur edilir.

Araşdırma zamanı 48 ölkədə 71 mindən çox adamdan müsahibə alınıb.

«Reuters» yazır ki, ilk dəfədir təşkilatlar belə bir beynəlxalq dəyərləndirmə aparıblar. Onlar insan haqları qruplarını və hökumətləri ildə qanunsuz olaraq 150 milyard dollar qazanılan bu cinayətlə mübarizə cəhdlərini artırmağa çağırırlar.

5 GÜNDƏN 5 İLƏDƏK KÖLƏLİK

Məcburi əməyə cəlb olunan 25 milyon nəfər, əsasən, zavodlarda, tikinti sahələrində, fermer təsərrüfatlarında, balıqçı gəmilərində, şaxtalarda çalışır, yaxud da ev qulluqçuları və ya seks işçisinə çevrilirlər. Onlardan 16 milyon nəfəri özəl sektora cəlb olunub, 4.8 milyonu cinsi istismara, 4.1 milyon nəfəri dövlət səviyyəsində məcburi əməyə məruz qalıb.

Ötən il qul kimi yaşamış hər 10 nəfərdən 7-si qadın, yaxud qız, hər 4 nəfərdən 1-i isə uşaq olub.

Müasir köləlik daha çox Afrikada (hər 1000 nəfərə 7.6), Asiya və Sakit Okean regionunda (hər 1000 nəfərə 6.1), daha sonra Avropa və Orta Asiyada (hər 1000 nəfərə 3.9) müşahidə olunub.

Ortalama götürəndə, ötən il dünyada hər 1000 nəfərdən 5.9-u, hər 1000 uşaqdan 4.4-ü müasir köləlik qurbanı olub.

Son beş ildə isə dünyada 89 milyon nəfər köləliyin hansısa bir formasına məruz qalıb. Bu köləlik beş gün də çəkib, tam beş il də.

Bənzər yazılar

Back to top button