Xəbərlər

Politoloq: “İran ikinci Şimali Koreyaya çevriləcək və nüvə silahının istehsalına başlayacaq”

İranla ABŞ arasındakı nüvə qalmaqalı son günlərdə daha da artıb. ABŞ hökumətinin ötən həftə İran əleyhinə yeni sanksiyalar tətbiq etməsindən sonra gərginlik durmadan yüksəlir. Rəsmi Vaşinqtonun rəsmi Tehrana qarşı nüvə sanksiyalarının ləğv edilməsinin müddətini 120 gün uzatması da narazılığın qarşısını almır.

İranın nüvə məsələsində razılaşdığı BMT-nin 5 daimi üzvü və üstəgəl, Almaniyanın Nyu-Yorkda bu məsələ ilə bağlı toplanması cənub qonşumuzu hərəkətə gətirib.

“İran Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) imzalayan bütün tərəfləri öz öhdəliklərinə əməl etməyə çağırır və bildirir ki, razılaşmanın pozulması bütün dünya ictimaiyyətinə ziyan vuracaq”.

SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, ölkənin atom enerjisi üzrə təşkilatının (İAET) rəhbəri Əli Əkbər Salehi bildirib.

“İndi iştirakçılardan birinin BHFP-nin tam həyata keçirilməsi istiqamətində yaratdığı qəbuledilməz çətinliklər və maneələrin ətraflı təhlili üçün vaxt deyil. Lakin bütün iştirakçılar nüvə razılaşmasını yerinə yetirməlidirlər. Bütün iştirakçılar istisnalar olmamaqla bu işdə məsuliyyət daşıyır. Hər ölkə vicdanla öz öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir ”, – deyə o, MAGATE Baş Konfransının 61-ci sessiyasının plenar iclasındakı çıxışı zamanı deyib.

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru bildirib ki, ABŞ xarici siyasətində bir vasitə olaraq sanksiyanı kənara qoymalıdır. Nüvə anlaşmasına əsasən ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramını qorumalı və öncədən tətbiq olunan sanksiyalar durdurulmalıdır. İran əleyhinə nüvə sanksiyalarının dayandırılmasının müddətinin artırılmasına gəlib çatdıqda, amerikalılar ABŞ xalqı və Konqresinə sərt mövqedə durduqlarını göstərmək üçün bir sıra şəxsləri əsassız səbəblərlə sanksiyalar siyahısına əlavə edir və yeni sanksiyaların nüvə sanksiyalarına aid olmadığını iddia edirlər”.

İran prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla bazar ertəsi günü Nyu-Yorkdakı görüşü zamanı ABŞ-ın hazırkı hökumətinin davranışlarını dünya ictimaiyyəti üçün nigaranedici adlandırıb: “Nüvə anlaşmasına nəzarət edən yeganə qurum Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir. Bu agentlik indiyə qədər yeddi dəfə açıq-aşkar şəkildə İranın anlaşmaya sadiq qaldığını vurğulayıb və bəziləri nüvə anlaşması kimi aydın perspektivli anlaşmaları başqa məsələlərlə şərtləndirməməlidirlər”.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini nüvə müqaviləsinin əhəmiyyətini vurğulayıb.

İslamazeri.com “NBC News”-a istinadən xəbər verir ki, Moqerini yayımladığı bəyanatda Əhatəli Birgə Fəaliyyət Planı kimi tanınan nüvə müqaviləsinin beynəlxalq müqavilə olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının bu müqaviləni dəstəklədiyini bildirib.

Moqerini KOEP nüvə müqaviləsinin yaxşı və güclü bir müqavilə olduğunu bildirərək qeyd edib ki, bu müqavilədə bütün tərəflərin maraqları təmin edilmişdir.

Aİ-nin ali nümayəndəsi həmin müqavilənin iki ölkə arasında bir müqavilə olmadığını, əksinə, bir tərəfdən beynəlxalq cəmiyyət və digər tərəfdən də İranın öhdəliklərinin olduğu bir müqavilə olduğunu deyib.

BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik isə bildirib ki, biz sazişi son illər bu region üçün əldə olunmuş mühüm diplomatik nailiyyət kimi qiymətləndiririk və biz hesab edirik ki, bu sazişi dəstəkləmək və qorumaq üçün hər şey edilməlidir.

Göründüyü kimi, proseslər dramatik hal alıb. Tərəflərdən heç biri geri çəkilmək fikrində deyil. Amerikanın dişsiz siyasətinin qarşısında rəsmi Tehranın məqsədini hissə-hissə yerinə yetirdiyi göz önündədir. Siyasi şərhçilər proseslərin bu şəkildə getməyəcəyini, İranın geri çəkilməyəcəyi təqdirdə Rusiya kimi ciddi təzyiqlər altında qalacağını bildirirlər.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, İranla bağlı baş verənlər dünya üçün əlavə gərginlik yaradır: “Dünyanın Şimali Koreya kimi ciddi problemi var. Bu dövlət açıq-aşkar nüvə başlıqlı raketlərin sınaqlarını keçirir və qonşu dövlətləri hədələyir. Bu böyüklükdə problem varkən, boş yerdən İranla bağlı problem yaratmaq beynəlxalq aləmdə əlavə gərginlik yaradacaq. İran Şimali Koreyadan fərqli olaraq aşkar şəkildə nüvə başlıqlı sınaqlar həyata keçirmir. Şimali Koreyadan fərqli olaraq beynəlxalq müşahidəçilər İranın nüvə obyektlərində müşahidə aparmaq imkanına malikdirlər. Bəli, ABŞ prezidenti Donald Tramp özündən əvvəlki prezident Barak Obamanın Tehranla imzaladığı nüvə anlaşmasından imtina edəcəyini deyir. Əgər bu baş verərsə, İran ikinci Şimali Koreyaya çevriləcək və nüvə silahının istehsalına başlayacaq. Bu, heç kimə sərfəli deyil. Ona görə də düşünürəm ki, İrana qarşı yeni sanksiyalar qəbul olunmayacaq və Tramp mövcud sazişdən imtina etməyəcək. Donald Tramp xarici siyasətdə ciddi çağırışlarla üz-üzə qalıb. Bunlardan bir neçəsini qeyd etmək olar. Bu, Ukrayna, Suriya, Şimali Koreya və beynəlxalq terrorçulara qarşı mübarizə tədbirləridir. Açıq demək lazımdır ki, bu istiqamətlərin heç birində Ağ Ev sahibinin uğuru yoxdur. Ona görə də məntiqlə Tramp oturduğu yerdə özünə İran adlı əlavə problem yaratmamalıdır. Digər tərəfdən, Rusiya Amerikanın problemlərindən öz məqsədləri üçün məharətlə istifadə edir. Tramp İrana qarşı sanksiyaları sərtləşdirərsə və nüvə anlaşmasından çıxarsa, Kreml bu vəziyyətdən də öz məqsədləri üçün istifadə edəcək. Ona görə də düşünürəm ki, Trampın müşavirləri sonda onu İranla bağlı yanlış addımdan çəkindirəcəklər”.

Politoloq onu da qeyd etdi ki, Trampın prezidentliyi dövründə Amerikanın İranla münasibətləri normallaşmayacaq: “Barak Obamanın dövründə belə bir ehtimal var idi. Trampla alınmayacaq. Ümumiyyətlə, Trampın Avrasiya siyasəti qeyri-müəyyəndir. Onun və administrasiyasının bu bölgədən nə istədiyi bəlli deyil. Tehran isə bölgədə mövqelərini gücləndirməklə məşğuldur və bu zaman İran Amerikanın yanlışlarından məharətlə istifadə edir. Məsələn, Amerika ordusu İraqa daxil oldu və Səddam Hüseyni devirdi. İraqda sonrakı proseslərdən İran uduşlu çıxdı. Səddam Hüseyn İranın düşməni idi. İraqın yeni hakimiyyətləri isə İranın müttəfiqləridir. Çünki İraqda qurulan hökumətlər şiə çoxluğuna əsaslanır. İranın Suriyadakı mövqeləri də Amerikanın bu ölkədəki mövqelərindən dayanıqlıdır”./musavat.com/

Bənzər yazılar

Back to top button