AnalitikaManşet

Dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb

Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib. Tədbirdə Azərbaycan prezidenti Ilham Əliyev də iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ prezidenti Donald Tramp çıxış edib. BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ prezidenti, qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. “Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq” — deyə Quterreş vurğulayıb.

Xatıqladaq ki, Rusiya ABŞ-ın təklifi ilə reallaşan, BMT-də islahatlara dair tədbirində iştirak etməyib. Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilovun sözlərinə görə, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir: “İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür”.

Qeyd edək ki, ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb. Bir qədər öncə ABŞ prezidenti Donald Tramp BMT-də “cəsarətli islahatlar”a çağıraraq, bunun təşkilatın sülh naminə daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcəyini bildirib.

ABŞ lideri səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur.

“Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün BMT idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özünə deyil, nəticələrə yönəltməlidir” — Tramp bildirib.

ABŞ prezidenti BMT-ni bürokratiya və qeyri-mükəmməl idarəçiliyiə görə tənqid edərək, islahatların aparılmasına və bununla təşkilatın bütün dünyada sülhün təmin edilməsində daha güclü qüvvəyə çevrilməsinə çağırıb. ABŞ prezidenti Quterresin islahat səylərinə dəstək məqsədilə Birləşmiş Ştatların 10 maddədən ibarət deklarasiyasının imzalanması mərasiminə dəvət olunmuş 120-dən çox ölkənin liderləri və nümayəndələrinin qarşısında nitq söyləyib.

Beləliklə, BMT-də yeni islahat dalğası genişlənir. Əlbəttə ki, beynəlxalq münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Ancaq burada bir vacib məqamı nəzərə almaq lazım gəlir. Məsələ ondan ibarətdir ki, müasir qlobal geosiyasətdə ziddiyyətlər çoxdur. Onlar dünyanın müxtəlif regionlarında yaşanır. Hətta bir sıra yerlərdə kəskin forma alıb.

Belə şəraitdə BMT-də hansı ümumi mexanizmlər hazırlamaq olar? Ekspertlər problemin bu aspektinə ayrıca diqqət yetirirlər. Onlar dünyada mövcud olan fikir ayrılıqlarını, qarşıdurmaları aradan qaldırmadan BMT kimi qurumların effektiv işləyəcəyinə inanmırlar.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, həmin problemlərin özünün həll edilməsi üçün beynəlxalq təşkilatlar səviyyəsində mexanizmlər lazımdır. Müəyyən mənada qapalı dairə yaranır ki, ondan çıxış yolu tapılması gərəkdir. Düşündürücüdür ki, məsələnin bu tərəfi haqqında böyük dövlətlər fikirləşmək istəmir. Bundan başqa, onlar yeni-yeni ziddiyyətlərə aparan siyasi xətti davam etdirirlər. Burada əsas məqam olaraq “ikili standart” siyasətini göstərmək olar.

Belə çıxır ki, BMT-də islahatlardan danışan böyük dövlətlər mühüm bir məqamı nəzərə almır. Onlar ədalətli olmalı və məsələlərə yalnız öz maraqları aspektindən yanaşmamalıdırlar. Deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərindən təcavüzkarın çəkilməsi üçün heç bir təsirli addım atılmır. BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi üçün iş görülmür. Azərbaycanın TŞ-yə üzv seçilməsi zamanı da müəyyən qərəzli fəaliyyət göstərilir.

Bu kimi məqamlar qaldıqca heç bir islahat effektiv ola bilməz. Beynəlxalq münasibətləri tənzimləmək üçün təkmil qaydalar tətbiq etmək çox çətin olar.

Bütün bunlara rəğmən, qlobal geosiyasət yeni beynəlxalq münasibətlər sistemi formalaşdırmağı tələb edir. Analitiklər dünyanın yeni geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Lakin bu prosesi tənzimləyə biləcək səmərəli beynəlxalq təşkilat gözə dəymir.

Qlobal miqyasda isə problemlər getdikcə artır. Bəşəriyyətin bu “ağır yükün” altında əzilmə ehtimalı var. Əslində, BMT universal beynəlxalq qurumdur, dünyanın demək olar ki, bütün ölkələri onun üzvüdür. Bu baxımdan ikinci belə presedent yoxdur. Həm yaranma fəlsəfəsi, həm də miqyası baxımından BMT mühüm qurumdur.

“İslahatlar niyə lazımdır” sualına isə cavab olaraq siyasi analitiklər bildirirlər ki, “soyuq müharibə”nin bitməsindən sonra dünyada böhranlar ciddi şəkildə çoxalıb (Afrika, Yaxın Şərq, Asiya, post-sovet məkanında və s.). BMT bu yeni situasiyaya reaksiya verə bilmir, həm də ona görə ki, TŞ daxilində böyük fikir ayrılığı var.

Bundan əlavə, dünya miqyasında böyük oyunçuların hamısı TŞ-da olmağa iddialıdır. Rusiya təbii ki, istənilən islahatın əleyhinədir, çünki BMT TŞ Rusiyanın dünyada ən yüksək səviyyədə iştirak etdiyi institutdur. Ancaq BMT TŞ vasitəsi ilə Rusiya institusional şəkildə dünya siyasətində lider ölkələr sırasında yer almış olur. Bu düzənə hər hansı bir dəyişiklik Rusiyanın qlobal siyasətinə ziddir.

Türkiyə də BMT TŞ-nin islahatlara ehtiyacı olduğunu bəyan edir. Lakin BMT heç də hər hansı regional dövlətin istəkləri üzərində qurulmayıb. Bu qurumu yaradan fövqəldövlətlər məhz öz maraqlarını balanslı şəkildə saxlamaq üçün bu yola əl atıb.

İndi isə dünyanın yenidən bir də bölünməsi tələb olunur. Və bu tələb beynəlxalq münasibətlər tarixinin, məhsuldar qüvvələrin inkişaf tempi və yerdəyişməsi ilə bağlıdır.

Yaxın Şərqdə Qərblə Rusiya arasında yaşanan toqquşmanın ABŞ-ın maraqlarına tam cavab verəcək şəkildə nəticələnmədiyini ehtimal edə bilərik. Bu islahat tələbi, əslində ABŞ-ın Rusiya və Çinin “veto”sundan canını qurtarmaq istəyindən qaynaqlanır. Burada həm Almaniyanı, həm Yaponiyanı, həm də mövcud daimi üzvlərin maraqlarını da nəzərdən keçirmək lazım gəlir.

Almaniya ABŞ-dan qurtulmaqla bütün Avropanı ümumi konstitusiyada və vahid “avro” çətiri altında birləşdirməklə, həm də ABŞ-ın onunla daha “yumşaq” dildə danışmasını, onu ciddi qəbul etməsini qarşıya məqsəd qoyub. ABŞ-ın Yaxın Şərqdəki planlarına laqeydlik nümayiş etdirən almanlar, bunun qarşılığında ABŞ-dan Avropanın daxili işlərinə qarışmamağı və Almaniya ətrafında birləşmənin gedişatına təsir göstərməməyi tələb edirlər.

Bir sözlə, dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb və heç də hamı Vaşinqtonun dominantlığını qəbul etmək istəmir. Əslində, “BMT islahatları”na birmənalı olmayan münasibətin kökündə də bu amil dayanır…

Azər RƏŞİDOĞLU

Bənzər yazılar

Back to top button