Cəmiyyət

Gənclərin məşğulluğu ilə bağlı layihə icra olunur

Regional Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icrasına başladığı “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai müzakirənin təşkili” layihəsinin ilkin-hazırlıq mərhələsini başa çatdırıb.

qhtxeber.az-ın məlumatına görə, bu məqsədlə layihənin rəhbəri Şükür İzzət oğlunun, təşkilatın təsisçisi Əli Bəşirlinin və tədqiqat üzrə mütəxəssis Ağabala Əliyevin iştirakıyla müzakirə keçirilib. Müzakirədə layihənin aktuallığı, gənclərin məşğulluğu məsələsinin iqtisadi inkişaf üçün önəmi qeyd olunub.

Layihə rəhbəri Şükür İzzət oğlu layihənin icrasıyla bağlı görüləcək işləri qeyd edərək bildirib ki, layihənin ikinci mərhələsində gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ötrü Şirvan, Hacıqabul və Sabirabad regionlarında tədqiqatlar aparılacaq. Bu məqsədlə 150 nəfər arasında sorğu keçirmək üçün tədqiqat hazırlanmalıdır.

Ş.İzzət oğlu qeyd edib ki, layihənin digər fəaliyyətlərini də həyata keçirmək üçün inzibati məsələlər həll edilməlidir. Bu məqsədlə Prezidentin İcra Aparatının rəhbərliyinə və layihənin coğrafiyasına daxil olan rayonların icra hakimiyyətinə məktublar göndərilməlidir.

Müzakirə nəticəsində aparılan iş bölgüsünə əsasən tədqiqatın aparılmasına Ağabala Əliyevin nəzarət etməsi və hər rayonda sorğunun keçirilməsi üçün 2 nəfər intervüyerin cəlb edilməsi qərara alınıb. Layihə rəhbəri qeyd edib ki, sentyabrın əvvəlinə kimi bütün hazırlıq işləri yekunlaşmalı və tədqiqat mərhələsinə başlanılmalıdır ki, Şirvan şəhərində keçiriləcək müzakirəyə qədər sorğunun nəticələri də məlum olsun.

Bütün qeyd olunan məsələlərin həll edilməsi və həyata keçirilməsi yekdilliklə qəbul olunub.

Bənzər yazılar

Back to top button