Azərbaycanda gizli mafiyalar: bu qaranlıq yeraltı aləm harada yerləşir?

Print Friendly, PDF & Email

Doğrudur, ümumi vəziyyət elə də ürəkaçan deyil. Maddi sıxıntılar və bütün bunların səbəb olduğu ailə-məişət münaqişələri, təhsil və səhiyyə problemləri və s. və i. a.

Bütün bunların fonunda təsəlli tapa biləcəyimiz, “ac qulağım, dinc qulağım” deyə biləcəyimiz məsələlər də var. Məsələn, bizdə terror hadisələri, dini ixtilaflar, irqi münaqişələr, mafiya hökmranlığı yoxdur. Hansı ki, dünyanın yarısından çoxu bu qorxunc bəlaların caynağında çabalayır.

Bizim insanımız üçün odlu silahlar o qədər əlçatmazdır ki, öz cinayət planlarını da soyuq silahlarla həyata keçirir. Adicə cinayət xəbərlərində tez-tez oxuyuruq ki, kimsə kimisə bıçaqladı, boğdu, başına küt alətlə vurdu və s. Ən son silah və bomba cinayətlərini bizim mediadan nə vaxt oxuduğumu da xatırlamıram.

Belə olan halda, bugünkü seriallarımızda kütləvi şəkildə nümayiş olunan qara paltarlı, gur saqqallı, ciddi baxışlı, silahlı, bombalı, mühafizəçili, sürücülü obrazlar hardan yaranıb? Ən dəhşətli güllə səslərini sonuncu dəfə Neft Akademiyasındakı terror hadisəsində eşidən Bakı şəhərində bu qədər terrorçu harda gizlənib? Yerli seriallarda gördüyümüz bu dəhşətli atışmalar, amansız vuruşmalar, basqınlar, hücumlar harada, nə vaxt və necə baş verir ki, bizim ruhumuz da duymur?

Serial haqqında mükəmməl bir deyim var: günlük sənət. Bəli, serial gündəlik məişət hadisələrinin obrazlı təsviridir. Tarixi və ümumbəşəri əhəmiyyəti olmadığı halda, bir serial bu gün var, sabah yoxdur. Bizdə də tarixi və ümumbəşəri mövzulara müxtəlif səbəblərə görə müraciət olunmadığından, gündəlik mövzular qələmə alınır və ekranlaşdırılır. Bizim gündəlik yaşamımızda isə terrorun, mafiyanın zərrə qədər də yeri yoxdur.

Bizim gündəlik yaşamımızın ən böyük cinayəti əli təsbheli məhəllə uşaqlarının küçə tinlərində, narkomaniyanın təbliğ olunduğu meyxanalara qulaq asmasıdır, o da elə həmin küçənin tinində qalır. Çünki bu adamların nə narkotik maddə almağa, narkotik vasitə biznesi qurmağa pulu var, nə də ki, qoşulmaları üçün bir mafiya. Ölkənin daxili asayişi bu mənada mümkün qədər yaxşı qorunur.

Maraqlı olan odur ki, bu asayişin qorunmasında əməyi olan Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidməti yerli müəlliflərin, rejissorların, aktyorların bu absurd məhsullarına etiraz etmir. Doğrudan da bunu əməyin itirilməsi hesab etmək olar. Bu qədər əziyyət çək, ölkədə bu mənada asayişi təmin et, sonra da kimlərsə durub cəmiyyətin gündəlik həyatından serial çəkib, ölkəni mafiyanın, terrorun, kütləvi qətllərin, cinayətlərin əlində oyuncaq kimi təqdim etsin.

Əgər müvafiq orqanlar bu məsələ ilə məşğul olmağa vaxt tapmırsa, bununla bağlı Mədəniyyət Nazirliyinə, Milli Televiziya və Radio Şurasına müraciət ünvanlayıb məsələnin həllini tələb edə bilər. Əlbəttə, biz yenə də iki mühüm məsələni bir-birinə qatmamalıyıq. Konstitusiyanın 51-ci maddəsinin 1-ci bəndində deyildiyi kimi: “Hər kəsin yaradıcılıq azadlığı vardır”.

Əgər bir müəllif dünyanın ümumi problemləri olan silah al-veri, narkotik al-veri, insan al-veri, orqan mafiyası kimi mövzularda əsər yazıb, rejissorlar da bunu işləmək istəyərsə, buna heç kəs müdaxilə edə bilməz. Bu mövzulara film də çəkmək olar, serial da. Lap teatrda da səhnələşdirmək olar.

Lakin söhbət bir azərbaycanlının gündəlik yaşamından, sıravi vətəndaşımızın həyatından gedirsə, burda terrorun, mafiyanın zərrə qədər də yeri yoxdur. Əgər ölkədə bu cür qruplaşmalar varsa, bu qətllər baş verirsə, o zaman bu gizli mafiyalar, bu qaranlıq yeraltı aləm harada yerləşir? Yəqin ki, bu sualın cavabını həmin serialların müəllifləri, rejissorları bilir.

(Sputnik)
Orxan BAHADIRSOY

...