“Həkim dedi, çox vacibdirsə, taksi göndər, gəlim”

Print Friendly, PDF & Email

Xəstəxanada Maştağa sakininin halı pisləşən 2 yaşlı övladını müayinə etməyə həkim tapılmayıb

“Çox təkid etdilər ki, müayinə olmadan uşağa iynə vursunlar, mən razı olmadım. Tələb etdim ki, həkim gəlsin, əvvəl müayinə etsin, görək bu uşağın dərdi nədir, sonra tibbi yardım göstərsinlər. Gördüm, körpə əldən gedir, heç kəsin vecinə deyil, biri əlində çayla dolu stəkan o tərəfə gedir, biri çaydanı doldurub bu tərəfə gedir… Sanki xəstəxana deyil. Səs-küy saldım, hərəsi bir tərəfə qaçdı”.

Maştağa sakini Tural Yasinov danışır ki, iki yaşlı övladının səhhəti qəfil pisləşdiyindən onu yaşadığı ərazi üzrə 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına götürüblər. Lakin burada valideynlərə bildirilib ki, iş vaxtı bitib, həkimlər evə gedib, xəstəxanada yalnız sanitar işçiləri qalıb:

“HƏKİM DEDİ, VACİBDİRSƏ, TAKSİ GÖNDƏR”

“Uşaq qızdırmadan yanır, huşunu itirirdi. Biri şprisə dərman yığdı, uşağa vurmaq istəyəndə dedim, ‘sən neynirsən? Sən hardan bilirsən ki, bu uşağın dərdi, azarı nədir? Uşağı yoxlamamış o nə iynədir, vurursan uşağa?.. Bəlkə elə zərərdir?’ Bildirdilər ki, ‘iş vaxtı bitib, bir az tez gəlsəydin, həkimlər burdaydılar, müayinə edərdilər’”.

Azyaşlı övladının vəziyyətinin getdikcə pisləşdiyini görən atanın səbr kasası daşanda və o, təkidlə həkim müayinəsi tələb edəndə qəribə təkliflə üzləşib:

“Dedim, ‘iş vaxtı bitsə də, bura xəstəxanadır, növbətçi həkim olmalıdır. Qəfil, bivaxt xəstə gətirilir, bəs onları kim qəbul edib tibbi yardım göstərir?’ Sanitar xanımlar bildirdilər ki, ‘əgər uşağın vəziyyəti lap ağırdırsa, bir həkimin nömrəsini verək, əlaqə saxla, özün yola gətir, gəlsin’. Zəng vurdum, bir xanım idi, dedi, ‘Zabratda yaşayıram, çox vacibdirsə, taksi göndər, məni xəstəxanaya götürsün’. Bu məni lap özümdən çıxartdı, az sonra bir kişi gəldi, uşağa baxdı, dedi, ‘mənlik deyil, mən cərraham’, çıxıb getdi”.

“HEÇ BİRİ HƏQİQƏT DEYİL”

Tural Yasinov uşağın vəziyyətinin ağırlaşdığını görüb onu başqa xəstəxanaya götürür:

“Gördüm, burda vaxt itirirəm, uşağı götürüb qaçdım Əmircandakı 8 saylı Birləşmiş Uşaq Xəstəxanasına… Orada müayinə edib tibbi yardım göstərdilər”.

7 saylı Şəhər Birləşmiş Xəstəxanasından “Qaynar xətt”ə bildirilib ki, Tural Yasinovun dedikləri həqiqətə uyğun deyil:

“Ona deyilib ki, bir neçə dəqiqəyə həkim yaxınlaşacaq, həkim gəlincə ilkin tibbi yardımlar göstərilsin. O isə səs-küy salıb, uşağı da götürüb gedib. Dediklərinin heç biri həqiqət deyil”.

Səhiyyə Nazirliyindən isə “Qaynar xətt”ə bildirilib ki, vətəndaş 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında baş verənləri telefonun kamerası ilə çəkib və qurum həmin çəkiliş əsasında araşdırma aparır.///azadliq.org

...