Xəbərlər

Facebook siyasi reklamlar yerləşdirənlərin kimliyini istəyəcək

Facebook sosial şəbəkəsi bildirib ki, gələcəkdə siyasi reklamlar verənlərdən kimliklərini açıqlamağı tələb edəcək. Sosial şəbəkə ötən il ABŞ-da seçki kampaniyası zamanı rusiyalı əməliyyatçıların aldığı reklamlara görə son günlər təzyiq altındadır.

REKLAMLAR KONKRET SƏHİFƏYƏ BAĞLI OLMALIDIR

«Heç kəsin bizim alətlər vasitəsiylə demokratiyaya zərbə vurmasını istəmirəm. İstədiyimiz bu deyil», – Facebook-un təsisçisi Mark Zuckerberg sosial şəbəkədə yerləşdirdiyi postda vurğulayıb.

Daha öncə şəbəkə bildirib ki, rusiyalı əməliyyatçıların aldığı 3 min reklamın surətini Rusiyanın seçkiyə müdaxiləsini araşdıran ABŞ Konqresi komitələrinə təqdim edəcək.

Zuckerberg onu da deyib ki, siyasi reklamların konkret bir Facebook səhifəsinə bağlılığı istəniləcək. İstifadəçilər həmin səhifəyə baş çəkərək onların yerləşdirdiyi bütün reklamları görəcəklər.

«Kimsə TV, yaxud digər mediada siyasi reklam alanda, qanun ödənişi kimin etdiyinin açıqlanmasını istəyir. İndi Facebook-da reklam görənlər də eyni informasiyanı əldə edəcəklər», – Zuckerberg söyləyib.

250 NƏFƏR İŞƏ GÖTÜRÜLƏCƏK

Facebook-un bu yeni siyasətinin qlobal təsiri böyükdür. Belə ki, dünyanın bir çox ölkələrində adamlar bu platformada siyasi reklamla üzləşirlər.

Zuckerberg-in sözlərinə görə, hələlik Almaniyada seçkiyə müdaxiləylə bağlı Facebook-da elə bir cəhdə rast gəlinməyib. Sentyabrın 24-də bu ölkədə keçiriləcək seçkidə kansler Angela Merkel-in yenidən seçiləcəyi gözlənir.

Sosial şəbəkə rəhbəri «seçki bütövlüyü» naminə işləməyə, şirkətin dünyanın seçki komissiyaları ilə tərəfdaşlığını genişləndirməyə əlavə 250 nəfəri işə götürəcəyini bildirib.

«Onlayn siyasi reklamlarda şəffaflığın yeni standartının yaradılmasından ötrü digərləriylə işləyəcəyik», – Zuckerberg deyib.

SENATOR ALQIŞLAYIR

Bu ayın əvvəlində Facebook daxili təftişdən sonra rusiyalıların sosial bölücülük yayan reklamlara azı 100 min dollar xərclədiyini açıqlayıb. Həmin reklamlarda seçki kampaniyası dövründə immiqrasiya və gey hüquqlarından söz açılırdı.

Bundan sonra sosial şəbəkədən məsələylə bağlı əlavə tədbirlər görmək istənilib.

«Amerikalılar Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsiylə bağlı həqiqəti bilməlidirlər», – senator Mark Warner deyib. O, Facebook-dan əlavə addımlar tələb edən qanun layihəsi hazırlayırdı.

«Reuters»in Warner-in hazırladığı qanun layihəsinə istinadla yazdığına görə, 1 milyon və daha artıq istifadəçisi olan rəqəmsal platformalardan tələb olunacaq ki, 10 min dollardan baha başa gələn, seçkiylə bağlı bütün reklamların ictimaiyyətə açıq faylını hazırlasınlar.

Bənzər yazılar

Back to top button