Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı, həlqə daraldı – SERİYA QƏTLLƏR

Print Friendly, PDF & Email

Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır. Virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

Bildirilir ki, Telman İsmayılovun barəsində rəsmi ittihamın irəli sürülməsinə hazırlıq onun qardaşı, sifarişli qətllərdə ittiham edilən Rafiq İsmayılovun işində mühüm şahidin meydana çıxmasıdır. Həmin şahid İsmayılovlar ailəsinə daxil idi və istintaqa İsmayılov qardaşlarının “koptevsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin seriya qətllərini sifariş etdiyinə dair ifadə verib.

Mənbələr bildiriblər ki, bu günlərdə Moskvada Telman İsmayılova aid 12 ünvanda qəfil axtarışların aparılması da şahidin ifadəsi və cinayət işində yeni detalların ortaya çıxması ilə bağlı idi. Belə ki, biznesmen Sergey Qavryuşin istintaqla fəal əməkdaşlıq etməyə başlayıb. O, 15 ildən çox Rafiq İsmayılovun köməkçisi olub, İsmayılovların ailəsində bütün təsərrüfat işlərinə cavabdeh idi və dəfələrlə Telman İsmaylovun tapşırıqlarını yerinə yetirib. Qavryuşin habelə “Merkuri-R” MMC-nin baş direktoru olub. Bu şirkətin təsisçisi Rafiq İsmayılovdur. Habelə biznesmenin adına Moskvadakı “Abramtsevo” bazarı və bir sıra digər ticarət nöqtələri də rəsmiləşdirilib. “Merkuri-R” şirkəti ötən ilin sonunda Rafiq İsmayılovun həbsindən sonra ləğv edilib.

Mənbə bildirib ki, Qavryuşin faktiki olaraq Rafiq İsmayılovun “kölgəsi” idi. Ona görə də Telman və Rafiq İsmayılov qardaşları ondan çəkinmirdilər və yanında açıq söhbətlər aparırdılar. “Qavryuşin ifadə verib və istintaqa imkan yaradıb ki, İsmayılov qardaşlarının 2000-ci ildə biznesmen Andrey Lobanovun qətlində, habelə bir sıra digər cinayətlərdə əli olduğunu müəyyən etsin”-mənbə “Rosbalt”a deyib. Mənbənin bildirdiyin görə, Qavryuşin şahidlərin müdafiəsi proqramına cəlb olunub, yəni onun təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb.

Bundan əvvəl Rafiq İsmayılovun “sağ əli” hesab edilən Harri Belotserkovski də onun əleyhinə ifadə vermişdi. Belotserkovskinin ifadəsinə əsasən 2000-ci ildə o, Rafiqlə birlikdə “Praqa” restoranına gedib, orada Telman İsmayılovun söhbətinin şahidi olub. Həmin söhbətdə qardaşlar “koptevsk” qruplaşmasının lideri Andrey Lobanovun öldürülməsini müzakirə edirdilər. “Loban” ləqəbli Lobanov rəsmən “Alkor” QSC-nin vitse-prezidenti idi. 2000-ci ilin dekabrında Rafiqin silahlıları Lobanovu və mühafizəçisini evinin qarşısında avtomatla güllələyib. Biznesmen ölüb, mühafizəçisi yaralanıb.

“Hazırda şahid ifadələrinin yoxlanılması və digər mənbələrdən sübut bazasının toplanması proses gedir, o cümlədən İsmayılovların evlərində aparılmış axtarışlar aparılır. Bu işlərin yekunlaşmasından sonra Telman İsmayılovun barəsində prosessual tədbirin görülməsinə dair qərarlar veriləcək”-mənbə deyib.

Hazırda İsmayılovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, qətllər, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, qəsdən yandırma maddələri ilə istintaq gedir. Qruplaşma azı iki sifarişli qətldə şübhəli bilinir, ancaq daha üç sifarişli qətlə dair dəlillər toplanır. Qurbanlar “koptevsk” qruplaşmasının liderləri və onlara bağlı olan biznesmenlərdir.

Belə ki, 90-cı illərin sonlarında İsmayılovlar Şimal inzibati dairəsindəki gəlirli obyektlərə-Lianozovs bazarına, Qərbi Dequninodakı bazara və bir sıra digər ticarət obyektlərinə göz dikiblər. Həmin obyektlər “koptevsk” qruplaşmasının nəzarətində idi. Bu obyektlərə görə Lobanovla başlayan münaqişə sonda onun və adamlarının öldürülməsi ilə nəticələnib.

Əməliyyatçıların bildirdiyinə görə, bundan sonra İsmayılovlar Lobanovun varisləri ilə müharibəyə başlayıblar. Beş il ərzində ən azı yeddi kriminal “avtoritet” öldürülüb. Bu müharibənin akkordu 2005-ci ildə Lianozovsk bazarının yandırılması olub. Həmin yanğın Telman İsmayılovun əmri ilə törədilib. Nəhayət “koptevsk” qruplaşması və ona bağlı biznesmenlər İsmayılovların “krışası” altında işləməyə, bizneslərini bölüşdürməyə razı olublar.
Virtualaz.org

...