Xəbərlər

‘Lider’ telekanalının bankrot ərəfəsində olduğu bildirilir

“Lider” telekanalının işçiləri aylardır maaş ala bilmədikləri ilə bağlı Meydan TV-yə məktub yazıblar.

““Space” telekanalının işçilərinin əmək haqlarını ala bilməmələri ilə bağlı hazırladığınız yazını oxuduq. Bildirmək istəyirik ki, bizim televiziyada da durum eynidir. Nə az, nə çox – düz 4 aydır ki, maaş ala bilmirik. Bu azmış kimi işçiləri də ixtisar edirlər”, – deyə onların məktubunda bildirilib.

İşçilər deyir ki, ölkədə dövlət müəssisələrinin əksəriyyəti işçilərinin əmək haqqını gecikdirir. Ondan pisi isə işçilərin ixtisar edilməsidir:

“Düzdür, “Lider” telekanalının müstəqil olduğu deyilir. Ancaq belə deyil. Hamı bilir ki, bu televiziya hakim ailəyə məxsusdur. Onlar tərəfindən maliyyələşdirilir. Daha dəqiq, televiziyanın rəhbəri Ədalət Əliyev prezident ailəsinin qohumudur. Bu, o deməkdir ki, Əliyevlər düz 5 aydır işçilərinə maaş verə bilmirlər. Hardasa 1 ay əvvəl müdiriyyət işçiləri toplayaraq onlara 50 manat payladı. O da hamıya çatmadı. Həmin gündən bəri 1 qəpik də verilməyib”.

“Lider” televiziyasından 2 ay öncə işdən ayrılan, adının açıqlamasını istəməyən keçmiş əməkdaşı isə vəziyyətin bilindiyindən də ağır olduğunu söyləyib:

“Telekanal müflis olmaq üzrədir. Əyləncə, şou proqramlarında çalışan texniki komanda ixtisar edilib. Təkcə xəbərlər departamentinin işçilələrinə toxunulmayıb. Vəziyyət o həddə çatıb ki, kanalın gecə növbəsini də ləğv ediblər. Gecə saat 00:00-dan səhər saat 09:00-dək yayım dayandırılır. Televiziyaya məxsus canlı yayım avtomobillərinin AzTV-yə satılması üçün danışıqlar gedir. Oktyabrda televiziyanın satışa çıxarılacağı gözlənilir”.

Meydan TV deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün “Lider” telekanalı ilə əlaqə saxlayıb. Ümumi şöbədən müdiriyyətin hazırda telekanalda olmadığı, vəziyyətlə bağlı hər hansı açıqlama verə bilməyəcəklərini bildiriblər:

“Bu barədə nəsə deyə bilmərik. Müdiriyyət icazə vermir. Əmək haqqları ilə bağlı sualınızı da cavablamaq səlahiyyətimiz yoxdur”.

“Lider” televiziyasının əməkdaşları 2016-cı ilin noyabrında da müraciət edərək əmək haqlarını ala bilmədiklərini demişdilər:

“Aylardır məvacibimizi ala bilmirik. İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Bəzi xüsusi ştatlara pul verilir, vəssalam. Qalan hamı pulsuz qalıb”.

Bənzər yazılar

Back to top button