GündəmHadisəXəbərlər

Azərbaycan Bayrağı ordeni kavaleri İbadla “Xüsusi təyinatlı İbad”ın fərqi…

Bəşəriyyət yaranandan indiyədək minlərlə müharibələr olub. İnsanlığın ibtidai dövründən başlayan bu müharibələrin bəziləri zaman-zaman sənət əsərlərində əbədiləşərək dövrümüzə qədər gəlib çatmışdır. Min illər bundan əvvəl qədim Romada, Afinada, Misirdə, Avropada, lap elə öz yaşadığımız coğrafiyada baş verən qırğınları, müharibələri kitablardan oxuyarkən, o faciələr haqqında çəkilən filmlərə baxarkən yaşanan dəhşətləri mənən hiss edir, müharibənin dəhşətli bir şey olduğunu anlayırıq. Min illər bundan əvvəl baş vermiş müharibələrin ağrılarını-acılarını bizə yaşadan, hiss etdirən əlbəttə ki, həm də sənətdir.

 
Sənətə çevrilə bilən hər bir faciə bəşəriləşərək bütün insanlığın faciəsinə çevrilir. 
 
Müharibə heç zaman milli olmur, o bütün insanlığın dəhşətidir. 
Müasir dövrümüzdə ən uğurlu təbliğat vasitələrindən biri də filmlərdir. Texnologiyanın inkişaf etmiş bu dövründə kitabçılığı gömə bilmiş film sənayesi kifayət qədər siyasiləşibdir. Bu gün dünyanın ən çox inkişaf etmiş film mərkəzlərinin ekranlaşdırdıqları əsərlərdə siyasi maraqlar ən azı maddi maraqlar ilə paralellik təşkil edir. Azərbaycana gəldikdə qeyd edim ki, keçmiş SSRİ dönəmində Azərbaycanın film sənayesi müəyyən qədər inkişafa nail oldu. Nəhəng texniki bazaya malik olan film sənayemiz təəssüflər ki, müstəqillik əldə etdikdən sonra tənəzzülə uğradı. Əlbəttə, film sənayemizin tənəzzülə uğramasının başlıca faktorlarından ən əsası yeni müstəqillik əldə etmiş ölkənin ərazilərinin işğala məruz qalması və işğala məruz qalmış torpaqlarını azad etmək üçün müharibəyə başlaması idi. Xalqımızın taleyi belədir ki, dünya tarixi yazılandan hər əsrdə ən azı iki dəfə müharibəyə cəlb edilib. Qarabağ savaşı da ötən 20-ci əsrdə yaşadığımız üçüncü savaş idi. Ki, onu həll edə bilməyib 21-ci əsrə atlatdıq. İşğal olunan torpaqlarımız yenə də işğaldadır. Müharibənin başlamasından 30 ilə yaxın zaman keçsə də hələ də kürəsəlləşən dünya burada nə baş verdiyindən, kimin haqlı, kimin haqsız, əzilənin kim, əzənin kim olduğundan xəbərsizdir. Dünyanın çox az bir qismi- beynəlxalq siyasi təşkilatlar Qarabağ müharibəsindən xəbərdardırlar ki, onu da çox vaxt özlərinə sərf edən formaya salırlar. Biz (mövcud iqtisadi potensiala rəğmən) 30 ildir ki, yaşadığımız müharibə, işğal olunmuş ata-baba torpağımız haqqında bir dənə də olsun normal səviyyədə film ortaya çıxara bilməmışık. Sənətləşdirdiyimiz problemimizlə dünyanı maraqlandırmaq, diqqətini cəlb etmək bir yana heç qonşuluğumuzda olan xalqları doğru-düzgün məlumatlandıra bilmirik.
Bununla belə Qarabağ müharibəsinə aid ekranlaşdırdığımız xeyli sayda filmlər var. Bu filmlərin dünya səviyyəsinə çıxmaqları bir yana, heç öz doğma ekranlarımıza çıxa bilmir. Çünki olduqca bəsitdirlər, primitivdirlər, saxtadırlar. Hətta o qədər saxta ki, bu müharibəni yaşayan, yurd-yuvalarından didərgin salınan, ağrı-acısını ölənədək qəlbində daşıyacaq olan insanlarımız belə baxa bilmirlər bu filmlərə. Bizim rejissorlarımızın, ssenaristlərimizin, aktyorlarımızın mütləq əksəriyyəti elə düşünür ki, müharibə filmlərində silahlar mütləq atəş açmalı, tanklar guruldamalı, insanlar qışqıraraq haray-həşir salmalıdır. Ancaq unudulur: xeyli sayda uğurlu sevgi filmləri var ki, o filmlərdə bir dənə də olsun seks səhnəsi yoxdur. Müharibə faciədir, faciə göz yaşıdır. Biz milli filmlərimizdə dünyaya faciəmizi çatdırmalıyıq. Elə çatdırmalıyıq ki, insanlar faciəmizə göz yaşı axıtsın, faciəmiz əbədilik beyinlərinə həkk olsun. Bizi – tariximizi, kimliyimizi, mədəniyyətimizi, coğrafiyamızı anlamaq üçün internetə, kitablara baş vursunlar. Biz milli filmlərimizdə dünyaya “boevik” oğlanlarımızı təqdim etməməliyik. Onlarda bu cür oğlanlardan çoxdur. Biz onlara filmlərimizdə ilk olaraq mənəvi qüdrətimizi, haqsızlığa, məkrə uğradığımızı göstərməli və bundan sonra fiziki gücümüzü nümayiş etdirməliyik. Ki, bizim gücümüz vəhşi gücə bənzəməsin. Amma göstərə bilirikmi?..
Əslində bu yazını yazmağa məni vadar edən Xocalı faciəsinin 25-ci ildönümündə tv-də nümayiş olunan “Xüsusi təyinatlı İbad” filmi oldu. Bu film xeyli əvvəl ekranlaşdırılsa da əvvəllər izləməmişdim. Daha doğrusu bir-iki kadrına baxdıqdan sonra kanalı dəyişmişdim. İndi isə baxdım. Bütün sinirlərimi “dondurub” baxdım. Film haqqında fikrimi bildirməzdən əvvəl çox vacib bir fikrimi çatdırım ki, oxucular sonra məni qərəzlilikdə ittiham etməsinlər. Qeyd edim ki, mənim uşaqlığım məmləkətimizin gözəl diyarlarından biri olan Qarabağda – Laçında, sonradan Kolanı dərəsində, Zallar yurdunda keçib. Zallar yurdu da işğal olunduqdan sonra “Xüsusi təyinatlı İbad” filminin cərəyan etdiyi əraziyə Ergi düzünə köçdük. Filmin qəhrəmanı olan İbadın doğma yurdu Xocavəndin – Qarakəndin şərq, yəni Ağcabədi tərəfində oba saldıq. İbadın da adını indi yox, elə orada uşaqlıqdan eşitmişəm. Vətənimizin, dövlətimizin, xalqımızın bütövlüyü, azadlığı uğrunda xidmətləri olan hər bir kəsə olduğu kimi İbada da hörmətim var. “Xüsusi təyinatlı İbad” filmi haqqında yazacaqlarımın İbadın şəxsinə qətiyyən aidiyyatı yoxdur.
Beləliklə, başlayaq “Xüsusi təyinatlı İbad”a…
Öncə ümumi olaraq qeyd edim ki, bu filmin dünya tamaşaçısına Qarabağ savaşı barədə informasiya vermək imkanı sıfıra bərabərdir. Çünki müharibənin – faciənin xronoloji ardıcıllığı pozulmaqla bərabər, həm də hadisələr lokallaşdırılır. Filmdə işğalçı erməni silahlı qüvvələrinin daxilində orqan transplantasiyası ilə məşğul olan müəyyən qrup tamaşaçıya dünya miqyaslı cinayətkar mafioz dəstə formasında çatdırılmaqdan daha çox psixi xəstə, manyak kimi təqdim olunur. Beynəlxalq səviyyəli cinayətkar Monte Melkonyan – Avo isə lap küçə gədəsinə bənzədilir. Qeyd edim ki, 1957-ci ildə Kaliforniyada anadan olan Melkonyan ali təhsilə yiyələndikdən sonra 21 yaşından etibarən türk dünyasına qarşı aktiv mübarizəyə başlayıb. Dəfələrlə həbs olunub. Avropada törədilmiş bir neçə terror aktının birbaşa təşkilatçısıdır. Film bu cür qatı cinayətkarı tamaşaçıya təqdim edə bilmir. Filmdəki  İbada gəldikdə isə bu adamın nə üçün mübarizə apardığını mən bir azərbaycanlı olaraq çətinliklə də olsa anlayıram, amma əminəm ki, əcnəbi tamaşaçı bu filmə baxarkən erməni tərəfi mafioz banda, İbadın dəstəsini isə bu mafioz dəstəni məhv etməyə çalışan hökümət orqanı kimi anlayacaq. Daha bu filmdə 86.6 min.kv.km-lik ərazisinin 20 faizinin işğal olunmasından, 1 milyon qaçqından, minlərlə şəhiddən söhbət gedə bilməz.
İndi keçək “Xüsusi təyinatlı İbad”a kadr-kadr baxmağa:
Filmin 2.14- cü dəqiqəsində düşmən hərbi hissəsinin müşahidə qülləsi görünür. Bildiyimiz kimi, müşahidə qüllələri əsasən dayanıqlı hərbi hissələrdə istifadə olunur. Qarabağ müharibəsi zamanı isə müharibənin getdiyi ərazilərdəki bütün hərbi hissələr səhra tipli hərbi hissələr olub. Filmdəki düşmən hərbi hissəsinin səhra tipli olmasını eyni anda kadrda görünən palatkalar da gücləndirir. Rejissorun bu səhnədə müşahidə qülləsini göstərməsindən belə çıxır ki, biz azərbaycanlılar müdafiə olunan ermənilərə hücum edirik. Halbuki, faktiki olaraq BMT-nin rəsmən tanıdığı ərazimizin 20 faizini Ermənistan silahlı qüvvələri işğal edib.
2.18-ci dəqiqədə kəşfiyyatçı düşmən hərbi hissəsini muşahidə edir və bu zaman hərbi hissəyə düşmən helikopteri yaxınlaşır. Artıq kəşfiyyatçımızın yerinin aşkar olunması üçün heç bir problem yoxdur. Çünki relyef baxımından dağ-təpəlik olsa da, ətrafda kəşfiyyatçımızın gizlənməsi üçün heç bir kol-kos, ağac yoxdur. Ancaq düşmən görmür…
3-cü dəqiqədən hərbi hissənin ətrafındakı səngərdə düşmən əsgərlərin “biz əsgər deyilik, Yerevanın ürəyiyik, ürəyi” sözünə heç bir məntiqi izah tapmaq olmur. Buradakı dialoq müharibənin dəhşətini, düşmənin nifrətini göstərməkdən daha çox sanki filmin boşluğunu doldurmaq məqsədi daşıyır.

4-cü dəqiqədə palatkadan çıxan düşmən zabitinin (qarşısına çıxan əsgərləri sillə-təpiyin altına saldığına görə bu qənaət yaranır) əsgəri yanına çağıraraq “buralar tər-təmiz olmalıdır, ağzının içi kimi” əmrində “buralar”ın nədən təmizlənməsi də ətrafın gül-çəmənlik olduğuna görə maraqlıdı…

4.47-ci dəqiqədən başlayaraq tüstülərin içi ilə düşmən əsgərləri bir dəstə mülki əsir aparır. Sonra çox aydın yola çıxırlar. Burada məlum olur ki, ikisi uşaq, üçü qadın olan 10 nəfərdən (azərbaycanlılardan) ibarət əsirləri 8 əli silahlı düşmən əsgəri aparır. Bilmək olmur rejissor burada rəqəmlərin az qala paralelliyiylə düşmən “ləşgərlərinin” “qarışqaların sayı qədər” olduğunumu demək istəyir, yoxsa bizim iki uşaq, üç qadından ibarət on nəfərlik əsir dəstəmizin müqavimət gücünü… 5.34-də iki uşağı, üç qadını düşmən əlində qoyub qaçmaq istəyən gənc oğlanımızı erməni əsgərin güllələməyi ilə rejissor burada dəstədəki əsirlərlə erməni əsgərlərin arasındakı sayı bərabərləşdirməyə müvəffəq olur.
5.56-cı saniyədə əsir dəstəsini çaylaqlıqla hərəkət etdirən düşmən əsgərlərinin sayı bu dəfə doqquza çatır. Bununla da rejissorun mülki əsirlərlə düşmən əsgərlərinin sayı arasında uğurla apardığı paralellik yenidən pozulur.
6.01 dəqiqə. Nəhayət ki, qəhramanımız görünür. Uzaqdan abad bir hərbi hissənin səkisi ilə 10 saniyə səssiz addımladıqdan sonra yanındakı hərbi formada olan kök adam (sonrakı dialoqdan komandir olduğu aydınlaşır) danışmağa başlayır: “İbad, bilirəm, bu çox çətin əməliyyatdı”, İbad isə “Müharibədə heç nə asan olmur, qardaş” deyə cavablayır.
“Komandir” sözünün “qardaş”la əvəzlənməsi güman ki, daha çox tamaşaçıların riqqətə gətirilməsinə hesablanıb…
Qardaş (komandir) sonra İbada deyir: “Əgər oranı dağıda bilsən bütün ordunu ölümdən qurtarmış olarsan”, yəqin ki, əməliyyatın əhəmiyyətliliyinin fərqinə vardınız. Əsərin qəhramanı qardaşın (komandirin) dediyi oranı (!)- bir yeri dağıdır və Azərbaycan ordusu ölümdən qurtulur. Qardaş (komandir) sonra deyir: “Həm də ki, o kəndlər bizim postları vurur”, Əsərin qəhramanı: “Dediyin o postların hamısını alıb qayıdacam”. Filmin kəşfiyyatçı qəhramanı düşmən nəzarətində olan ərazidə kəşfiyyat aparmaq, onların texnika və canlı qüvvələrini dəqiqliklə təsbit etmək əvəzinə düşmən postlarını alacağına söz verir, amma “postların hamısını alıb” niyə qayıdacağını demir. Belə çıxır ki, bu qayıdandan sonra düşmən boş qalmış postlara yenidən yiyələnəcək.
Daha sonra qardaş (komandir) filmin qəhramanına deyir: “imkan daxilində sən kəndə girmə”, filmin qəhramanı isə cavabında “deyirsən, mənim oxuduğum-böyüdüyüm kənddə erməni gəlib məni öldürəcək?” deyir. Niyə də öldürə bilməsin? Əli silahlı düşmən adamı lap doğma beşiyində öldürə bilər. Ümumiyyətlə, rejissorun (yaxud ssenaristin) bu cür “gülləbatmaz” pafosu anlaşılan deyil… Hə, bir də bu epizod qurtarmamış vacib bir detalı da qeyd edim. Filmin qəhramanı qardaşdan (komandirdən) ayrılan zaman xahiş edir ki, əməliyyata getdiyini ata-anasına deməsin. Yoxsa narahat olarlar. İndi xalqımıza mübarizə, qəhramanlıq əzmi aşılamaq iddiasında olan filmin məntiqindən belə çıxır ki, biz əsgər olaraq vəzifə borcumuzu yerinə yetirəndə valideynlərimiz narahat olur? Əksinə, bəlkə filmlərimizdə vəzifə borcumuzu yerinə yetirərkən validenylərimizin fəxarət hissi keçirdiyini, rahat olduqlarını göstərməyimiz daha yaxşı olar…
Bığlı, toppuş, saqqallı, ağappaq kəşfiyyatçılar
Növbəti kadrda günün günorta çağında ayaqüstə yulğunluqla hərəkət edən 5 nəfərdən ibarət kəşfiyyat dəstəmiz görünür. Maşallah, hamısının bığı var, birinin qapqara saqqalı lap par-par yanır. Dörd kəşfiyyatçımızın başı açıqdı. İçlərində başıpapaqlı təkcə filmin qəhramanıdı. Ki, onun da kakardasındakı ulduz rus ulduzudur. Hə, bir də hərəsinin əlində bir avtomat. (O zamankı ordumuzun bu qədər kasad olduğunu doğrusu düşünmürdüm).
Dünyanın kəşfiyyat nəzəriyyəsinin anasını ağladan filmdəki kəşfiyyatçılarımız gündüz yola çıxıb gecə düşmən obyektinə çatırlar. Burada kadr dəyişir…
Yenidən bayaq yol gələn əsirlərimiz görünür. Yandan bir erməni çıxıb söyməyə başlayır: ” türk küçükləri”… Əmr edir: “ayırın bunları”-kimi-kimdən ayırırlar bilinmir. Sonra kadrda bizim əsir cavan oğlanlarımız görünür. Axı, bu gənclərimiz orada nə edir, niyə əsir düşüblər, niyə döyüşdə olmayıblar, bunun izahı film boyu verilmir. Həmin əsir gənclərimizdən biri digər qadın əsiri aparmaq istəyən erməniyə “burax” deyə qışqırır, bu zaman erməni avtomatla həmin gənci güllələyir. Təxminən yeddi-səkkiz güllə. Amma nə qan var, nə də yara… Yeri gəlmişkən bu kadrda maraqlı bir persona da var- əynində ağ xalat olan, saçı “priçoska”lı erməni qadın həkim, insaf naminə çox sakit dayanıb. Sonra iki erməni hərbçisinin mənasız dialoqları- “ara muharıba pul gatırır”, “man muharıbanı sevirəm”, “burada yararsız çoxdu” (???)… Sonra erməni hərbçi ilə bayaqkı “priçoska”lı həkim danışır. “Ayıb söhbətdi”, “ciyər” kimi sözlərlə həkim xanım hərbçiyə naz satır. Doğrudan da ilk dəfədir ermənilərin leksionunda müraciət formasında “ciyər” sözü eşidirəm. Uşaqlığımdan Qarabağ zonasında böyümüşəm. Canlı erməni (!) də görmüşəm. Amma ciyər deyə müraciət edəni nə görməmişəm, nə də eşitməmişəm.
Kadr dəyişir, nəhayət düşmən – Avo görünür. İnsaf naminə deyim ki, kastinq normaldı. Ancaq Avonun “ütülü”, qırxılmış saçı kastinqin uğuruna kölgə salır.

Avoya zəng edən erməni zabit şad xəbər verir: “mənim uşaqlarım Əmiralılardakı postu götürdü”. Avo Bakı ləhcəsiylə deyir: “Əla, mən ora əlavə qüvvə göndərəcəm, oranı buraxmaq olmaz”. Sonra anlaşılmayan əmrlər eşidilir: “mallar hardadı, camaat mal gözləyir, kəs, 3 günə göndər”. Tamaşaçıya elə gəlir ki, söhbət yəqin narkotikadan gedir. Axı kinolarda belə deyirlər. Amma biz diqqətli tamaşaçı olaraq rejissorun nə demək istədiyini (amma deyə bilmədiyi) anlamağa çalışırıq. Söhbət bayaqkı ikisi uşaq, üçü qadın olan əsirlərimizdən gedir. Sonra kadrdakı erməni zabitlər Qarabağın (Artsaxın) sağlığına içirlər.
Kadr dəyişir, filmin qəhrəmanı görünür. 4 papaqsız, bığlı, toppuş kəşfiyyatçıyla birlikdə torpağı cızaraq plan cızır. Qəhrəmanın əlində tənək qayçısına oxşar bıçaq var…

Növbəti kadr. Erməni palatkası. Erməni zabit süfrəyə yemək-içmək düzür. Sarı gəlin mahnısını oxuya-oxuya. (Bu it uşağının dili elə bil sarı gəlindən başqa mahnımıza yatmır… ) Qonaqlar gəlir. Danışıqlardan bilinir ki, biri Sergey adlı rus mayorudur. Yanında da 3-4 nəfər hərbçi. Qonaqlıq başlayır. İlk sağlıq Ermənistan ordusunun sağlığına içilir. Aha, buradaca anlaşılır ki, gələnlər erməni kəşfiyyatçılarıdı. Sonra musiqi səslənir. “Əsl erməni musiqisi”. Oynaq mahnıdı. Erməni zabit düşüb ortalığa. (əvvəlki kadrda erməni əsgəri sillələyən, təpikləyən zabit).  Ruslar da (bayaqkı Sergeygil) əl çalır. Oynayan erməni zabit elə hey mahnının qədim erməni musiqisi olduğunu deyir. Bu arada rus zabitlərdən biri – Vasya deyir ki, bu Azərbaycan mahnısıdı (halal olsun). Erməni zabit deyir yox, bu əsl erməni mahnısıdı (kopoyoğlu əsl ermənidi). İstəyirsən sübut edim? Əsgərə əmr edir ki, ordan Oğraşyanı (Sən allah oğraşyan nədi?) çağır. Nəysə, Oğraşyan gəlir, erməni zabit əmr edir ki, oyna. Oğraşyan oynamağa başlayır. Bu dəm Sergey yanındakı zabitə deyir ki, bu dəqiq Azərbaycan mahnısıdı. (Allah köməyi olsun, kafir olsa da insaflıdı). Nəysə, Oğraşyan başlayır meymunluq edə-edə atılıb-düşməyə. Bu dəfə daha bir rus zabiti yoldaşına deyir ki, Vasili haqlıdı, bu əsl Azərbaycan mahnısıdı (elə bil bunlar hərbçi yox, muğamşünasdırlar). Sonra da deyir ki, bu ermənilər həyasızdırlar (İnsafən bunu düz deyirlər).
21.18-ci dəqiqə. Kadr dəyişir. Sergeylə palatkanın çölündə söhbət edən Mktrçyan qəfil Sergeyi aşağı əyir. Bu an filmin qəhrəmanı görünür, çiynində də qumbaraatan. (Bu qumbaraatan hardan çıxdı?). Və atəş açılır, musiqimizin vurğunu olan rus zabitlərin olduğu palatka havaya sovrulur (yazıqlar). Səngərdən erməni əsgərləri atəş açmağa başlayırlar. Xeyli atəşdən sonra kəşfiyyatçımızın biri səngərə tullanır, sağa bir təpik, sola bir təpik, sağa bir güllə, sola bir güllə… iş tamamdı, erməni əsgərlərin hamısı öldürüldülər. Birini də sürüyə-sürüyə gətirirlər, o da yalvarır “ara, yalvarıram manı oldurma, yalvarıram. Anam Bakı ermənisidi”. Sağ olsun, filmin qəhramanı anası bakılı olan erməni əsgəri öldürmür, “get o Melkonyana (bu kimdi, Avo?) de ki, sənin qulağını kəsdiyim kimi onun da başını kəsəcəm” deyib “bakılı balası”nın qulağını kəsir, sonra dalına da bir təpik vurur. Filmin qəhramanının yanındakı bığlı kəşfiyyatçı “komandir niyə buraxdın” deyir, komandir də mənə itin yiyəsi lazımdı deyə cavab verir. Bu kadrda maraqlı bir detal var. Komandirə sual verən kəşfiyyatçımızın kürəyində 5, hər əlində bir avtomat var. Əsl “boevikdi”. Yəqin bayaq öldürdüyü erməni əsgərlərinin silahıdı. Maşallah olsun. Kəşfiyyatçılarımız geri dönüb gedirlər. Kadrda ancaq ikisidi. Digər üç kəşfiyyatçımızın necə olduğu, hara getdiyi bilinmir.
Kadr dəyişir. Mktrçyan belində Sergeyi sürüyə-sürüyə maşına sarı gətirir. Keçir maşının sükanı arxasına. Bu dəm Sergey yıxılır yerə (deyəsən öldü). Bayaqkı qulağıkəsik “bakılı balası” peyda olur. Keçir maşının arxa oturacağına. Mktrçyan soruşur “ara, ara bunlar kimiydi”, o da deyir ki, “İbadın dəstəsi”.

Kadr dəyişir. Dalğalanan erməni bayrağı. Xeyli sayda keşik çəkən erməni əsgərləri görünür. Hiss olunur ki, qorunan yer çox böyük əhəmiyyətə malikdir. Bu an obyektə hərbi maşın daxil olur. Obyektdən çıxan ağxalatlı şəxs “fərəqət” komandası verir. Maşın dayanır, içəridən Avo düşür. Əsəbidir. Ağxalatlı şəxslə içəri daxil olur. Aha, Mktrçyanla qulağı kəsik “bakılı balası” çarpayıda uzanıblar. Avo əsəbləşir, mən sizi türk (bəyəm əks cəbhədəkilər digər millətlərdən olsaydı öldürməyəcəkdilər?) öldürməyə göndərmişdim, yoxsa araq içməyə? (Kopoyoğlu bəlkə düz demir?). Xeyli sual-cavab… “Bakılı balası” Avoya filmin qəhrəmanının göndərdiyi xəbəri çatdırır. Avo bir xeyli donub qalır, fonda həyəcanlı musiqi səslənir. “Bəs sən özünü niyə öldürmədin, küçük” deyən Avo tapançanı çıxarıb “bakılı balası”nın təpəsinə bir güllə çaxır. Bu atəş səhnəsi insafən yaxşı çəkilib, vizual effekt var.

Kadr dəyişir. Nasosxana. Bayaqkı qardaş (komandir) görünür. Tək oturub. Fikrə gedib. Bir zabit gəlir, İbadın barəsində (filmin qəhrəmanı) danışırlar. Bu an bir əsgər gəlir. Bu da bayaqkı kəşfiyyatçılar kimi bığlı, saqqallıdı. Komandirə məruzə edir ki, rabitəyə qulaq asırdıq, Avonun adı çəkildi, deyəsən Kurapatkindədi. Qardaş (komandir) da deyir “dəqüq eşütdün?”, əsgər “bəli” deyir. Qardaş (komandir) Eyvaza (söhbət etdiyi zabitə) əmr edir ki, təcili İbada (kəşfiyyatçıya) xəbər etsinlər.
Kadr dəyişir. Gecədir. Filmin qəhramanı əllərini açıb dua edir. Sonra yenidən kadr dəyişir. Bu dəfə həmin 5 bığlı, toppuş kəşfiyyatçımız hücumdadırlar. Ancaq bu dəfə başlarına yaşıl çalma bağlayıblar. Bircə filmin qəhramanının başında göy rəngdə “beretka” var, rus “kakarda”sı da öz yerində. Uğurlu əməliyyat. Xeyli erməni öldürürlər. Bir erməni zabit də tutublar, tez-tez deyir mən də Qarabağlıyam. İbad boynundan tutan kimi başlayır bülbül kimi ötməyə. Avonu satır. İbad qışqırır ki, kəndə əsir gətiriblər yerini de. O da əsirlərin yerini deyir. İbad tez-tez itin küçüyünün – Avonun yerini soruşur. O da deyir istəyirsən səni onun yanına aparım. Amma nədənsə İbad fikrindən vaz keçib onu Avonun yanına aparmaq istəyən erməni zabiti güllələyir.
Növbəti kadr: bir kəşfiyyatçımız dombalaq aşaraq otaqdakı əli avtomatlı erməni əsgərinin sinəsinə üç-dörd güllə vurur. Nəhayət, əsirləri tapırlar, bir yaşlı qadın, bir kişi, bir gənc oğlan otaqdan çıxır.
Monte Melkonyan
36.15-ci dəqiqə. Avo əsəbi çıxış edir: Vəziyyət dəyişib, posta hücum var. Xüsusi təyinatlılardı. Komandirlərinin də adı İbaddı. İbad Hüseynov…”. (Soyadı xüsusi vurğulamağın məsələyə nə aidiyyatı, bədbəxt oğlu elə bil avtovağzala patrul dəstəsi çıxarır). Sonra qışqırır, aydın oldu? “Bəli, komandir” deyə səs gəlir. Kadrda “bəli” deyən həmin əsgər görünür. İlahi bu nə kastinqdi? Düşmən əsgərində də bu qədər nur olar? Lap imam övladına oxşayır. Amma yaxşı ki, Avo bu nurlu əsgərin qarnına bir təpik ilişdirdi. (Niyə vurduğu aydınlaşmasa da). Aha, burda Avo İbadın başına 5000 dollar qoyur. Dirisinə də 10000 – bir dənə salafan “07”.
Kadr dəyişir. “Alabaş” avtobus. İçindən əsirlərimizi tökürlər. Əvvəlki kadrlardakı saçı “priçoska”lı erməni həkim qadın da burda. Erməni zabit Avoya deyir ki, kəndi alıblar, malları (!) götürüb gəldim. Avo qayıdır ki, “onların anasını…”. Bu an “priçoskalı” həkim Avoya məzəmmətli nəzər salaraq başını aşağı dikir. Erməni olsa da həyalı qadın olduğu hiss olunur. Avo dəli olub. Deyir əsirlərin dərisini soyun…
39.40-cı dəqiqə. Kəşfiyyatçılarımız görünür. Günün günorta çağı olsa da ayaqüstə qorxmadan -çəkinmədən gedirlər. Qəfildən hardansa atəş açılır. Şükür allaha ki, kəşfiyyatçılarımıza güllə dəymir. Tez qaçıb yaxınlıqdakı dağılmış tikilidə mövqe tuta bilirlər. 3 kəşfiyyatçımız səngərdəki 10 erməni əsgərinə qarşı ayaqüstü döyüşə girişir. Düşmən pulemyotdan da atəş açır. Və… Qəfil kəşfiyyatçımızın birinin sinəsindən yağı gülləsi dəyir. İbad əsəbiləşir. Ayaqüstə düşmənin səngərinə hücum edərək bütün əsgərləri öldürür. Düşmən əsgərləri leş-leşədir. ibad ölüb-ölmədiklərini bir-bir yoxlayır.
41.02-ci dəqiqə. Qulağı kəsik “bakılı balası”nı tabuta qoyublar. Ailəsinə vermək üçün ambulansa yükləyirlər. Maşın yola düşür. İki erməni zabiti İbadı tutmaqdan danışır.
Kadr dəyişir. Əsirlərimizin içərisindən gənc qızı aparırlar. Tibbi stola uzadıb hansısa əməliyyatı həyata keçirmək istəyirlər. Bayaqkı “priçoska”lı erməni həkim də burada. Gənc qızımızın əlindən tutub. Anası “məni aparın” deyə fəryad edir. Dəhşətli səhnədir… “Priçoska”lı həkim əməliyyatı keçirən həkimdən əsirə iynə vurmağı tələb edir. O isə əsəbiləşərək, ona “öz işi ilə məşğul olmağı”  məsləhət görür. “Priçoska”lı həkim susur…
45.50-ci dəqiqə. Kasıb məhlə. Lap it günündədi. Avo görünür. Əsgərlər “bakılı balası”nın tabutunu gətirirlər. Anası fəryad edir. Elə bil kənd də bunların düşmənidi. Oğullarının cəbhədən meyidi gəlib, nəinki kənddən, heç qohum-qonşudan bir adam haya gəlməyib. Ən azından Avoya görə gəlməliydilər. Ən azından Avonu – qəhrəmanlarını görməyə gəlməliydilər axı… Nə isə, ana fəryad edir. Avo başlayır təskinlik verməyə, “Oğlunuz böyük Ermənistan uğrunda vuruşub, ölüb”…
Və bu filmin yeganə uğurlu cümləsi ananın dilindən səslənir: “bizə böyük Ermənistan lazım deyil, balaca Ermənistanda yaşaya bilmirik, böyüyü neyləyirik?”. Avonun yenidən mənasız sözləri səslənir…
Növbəti kadr düşünürəm ki, pafoslu olmağı ilə bərabər həm də bir az mübahisə doğuracaq kadrdır. Belə ki, əsgər çarpayısında əyləşərək qardaşla (komandirlə) söhbət edən İbadın arxasındakı divardan Azərbaycanın bayrağı, xəritəsi, fotolar və Türkiyənin bayrağı asılıb. Doğrusu, Türkiyə dövlətinin bayrağının Azərbaycana məxsus hərbi hissənin kazarmasının divarından nə üçün asıldığı anlaşılan deyil. Xüsusən də filmin 1993-cü ili əhatə etdiyini nəzərə alanda belə bir halın o zaman həqiqətən olduğu qətiyyən inandırıcı gəlmir. (O vaxt yeni yaranmış müstəqil dövlətimizin bayrağını tapmağın özü müşkül idi).
İndinin özündə də hərbi hissələrdən və digər dövlət idarələrindən Azərbaycan respublikasının dövlət bayrağından başqa bayraqların, rəsmi simvolların asılması qadağandır. Bu kadrda baş verən dialoq da olduqca maraqlıdır. Qardaş (komandir) İbada deyir, şükür allaha, yaran dərin deyil. (bəyəm İbad yaralanmışdı?) O boyda kəndi (???) alıb gəldin, uşaqlar da sağ- salamat (qardaş (komandir) yəqin bayaqkı həlak olan  kəşfiyyatçımızdan xəbərsizdir). Bir xeyli dialoqdan sonra rabitəçi əsgər yaxınlaşıb İbada “qardaş gözün aydın, bildin də, qardaş ermənilər sənə görə pul qazanacaq” deyir. Anlaşılmır erməninin pul qazanmağına görə “qardaş”ın – İbadın gözü niyə aydın olsun? Bu azmış kimi komandir rabitəçi əsgərə deyir ki, bunu hardan bildin, o da deyir, “erməni sivyazından eşitdik (?), əsirə tərcümə elətdirdik”.
Təsəvvür edirsiniz? Bu artıq ordunu ələ salmaqdı. Erməni dilini bilməyən rabitədə niyə otursun ki? Bəs o erməni əsir olmasaydı bunlar necə xəbər tutacaqdılar? Ən əsası, kim bilir erməni əsirin tərcüməni düzgün etdiyini, bəlkə nələrisə düz demir?..
Növbəti bir kadrda kazarmaya ağsaqqal bir kişi gəlib İbadı görmək istədiyini deyir. İbad da ağsaqqala cavab verir ki, İbad burda yoxdur. Ağsaqqal deyir ki, gəlmişəm ona minnətdarlıq etməyə, o qəhrəmandı. (“Atları yəhərləyin” filmində də araba ilə gedən ağsaqqal kəndçı qəhrəmanı – Qaçaq Nəbini tanımır).

İbad da deyir ki, İbadı çox da şişirtməyin. Əslində bu dialoqda çox vacib bir detal var, doğrudan da bu xalqın mühüm hissəsi hələ də əsl qəhramanlarını tanımır.

Növbəti kadrda kəşfiyyatçılarımızın məşqi göstərilir. Maşallahlar olsun. Yenə də hamısı toppuş, bığlı, ağappaqdırlar. Burda İbadın barmağında bir qızıl barmaxçıl da görünür. Üzük də deyil ki, deyək içində professional çekistlərə son anda lazım olan xüsusi maddə – zəhər var.
Yenidən kadr dəyişir. Mktrçyan əsir azərbaycanlı kişini kəndirlə tavandan asıb döyür. Ümumiyyətlə, rejissor əsiri niyə tavandan asdırır bu məlum deyil. Əsir yaşlı adamdı. Halbuki, Mktrçyan onu yerdə də döyə bilər. Bəs Mktrçyan əsiri niyə döyür? Heç nə, deyir, “denən Qarabağ erməninin qədim torpağıdı, mən də səni buraxım get”. (Təklifə bax e…) Əsir də kişi kimi deyir ki, Qarabağ bizimdi. Mktrçyan da dəli olub təzədən sillə-qapaz edir. Mktrçyan “deyir, özünə yazığın gəlsin, kişi, bir kəlmə de get”. Kişi də salıb tərsliyə… Mktrçyan bu dəfə kişini qızıyla şantaj edir. “Qızına yazığın gəlsin, başına oyun açaram” – deyir.  Kişi də tüpürür Mktrçyanın üzünə, deyir, “sən mənə də, qızıma da nəysə edə bilərsən, amma Qarabağ sizin olmayacaq”… Mktrçyan kişini yandırır. Mktrçyan sonradan rus zabitinin məsləhəti ilə əsir qızı qaçırdır ki, İbadı ələ keçirə bilsinlər. Bu kadrda bəlkə də rejissor xalqımızın torpağına necə dəyər verdiyini, onu necə sevdiyini (hətta diri-diri yanmağı gözə alaraq) göstərmək istəyir, ancaq uğursuzluq yetərincədir. Digər tərəfdən isə o cür orta yaşlı, sağlam bədən quruluşlu bir azərbaycanlının mülki formada niyə və hansı məqamda əsir düşdüyü də tamaşaçıda xeyli suallar doğurur. Bir şeyi də qeyd edim ki, filmin ilk kadrlarından göstərilən əsirlərimizin arasında xeyli döyüşə yararlı gənclərimiz də görünür. Amma bunlar heç də hərbi əsirlər deyillər.
Kadr dəyişir- 1.01.04-cü dəqiqə. Qardaş (komandir) yenidən bayaqkı nasosxanadadır. Siz allah, rejissor burada nə demək istəyir, nədən bu nəhəng insanı bu nasosxanaya soxub? Buna normal “nomer ofitsera” verə bilməzdi? Arxa fonda da Azərbaycanın xəritəsi, bayrağı, lap istəsə Türkiyənin də bayrağını asardı. Bu filmə baxan afrikalı, avropalı, asiyalı nə düşünər? Hələ görün qardaş (komandir) “ratsiya” ilə kəşfiyyatçıya – İbada nə deyir? Deyir, “qızımız əsirlikdən qaçıb”. Halbuki əksinə – kəşfiyyatçı nasosxanadakı komandirə bu məlumatı verməliydi. Sonradan musiqi fonunda aktyorların səsi alınır. Görünür, rejissor nasosxanadan verilən əmri tamaşaçı üçün sirr saxlayır. Necə deyərlər sürpriz qabaqdadır…
Kadr dəyişir- 1.01.25-ci dəqiqə. Günün günorta çağı. Budur yenə 5 dənə bığlı, saqqallı, toppuş kəşfiyyatçımız görünür. Dördünün başında yaşıl çalma, birində – İbadda isə “kakardalı beretka” var. Qayalıqlarla irəliləyirlər. Düşmənə çatırlar. Artıq düşmən nişangahdadır…
Kadrda Avo görünür. Rus zabitə özünü tərifləyir. Bu an erməni zabit otağa gəlib deyir ki, İbadı görüblər. Avo soruşur harda, Zabit deyir Əmiralılarda. (Deməli, belə çıxır ki, filmdəki bütün qırğın-qiyamət bir kəndin – Əmiralıların üstündə gedir. Gah o alır, gah bu alır). Avo əsəbləşir, deyir eybi yox, postu veriblər, yenidən alarıq.
Kadr yenidən dəyişir. Gecədir. İbad kazarmanın qarşısında 5 dənə kəşfiyyatçını düzüb “instruktaj” edir. Tamaşaçı artıq kəşfiyyatçılarımızın sayının 6 olduğunun fərqindədir. Zibil yeşiyinin içində niyə ocaq qalandığını isə tamaşaçı heç cürə anlaya bilmir. Komandir (bu dəfə qardaş deyil) İbada tapşırıq verəndən sonra əsgərlərə uğur arzulayır, onlarla fəxr etdiyini deyir. Birdən İbad komandirdən anasıgili görüb-görmədiyini soruşur. Komandir də deyir bir az səndən nigarandırlar (yaxşı ki, bir az). Onu da qeyd edim ki, geniş tamaşaçı rakursundan yanaşdıqda bu filmdə rejissor obyektivliyi ciddi formada pozulmuş görünür. Belə ki, dəfələrlə ata-anasını soruşan, onları yada salan M+ (Azərbaycan tərəfi) ilə müqayisədə M- (erməni tərəfi) bir dəfə də olsun valideynlərini xatırlamır. Rejissor bununla bəlkə də erməniləri valideylərindən bixəbər (?)kimi təqdim etmək istəyir, amma bu neytral tamaşaçı üçün normal qarşılanmır. Bu cür qaniçən erməni əsgərlərindən birinin keçmiş həyatını, valideyniylə ani təmasını göstərmək çox maraqlı olardı… Nəhayət, İbad komandirlə qucaqlaşıb öpüşür. Dəstəyə “düzül, sola dön, addımla marş” əmri verir. Bax, burda görürük ki, kəşfiyyatçımızın birinin çiynində bu dəfə “ratsiya” var. Deməli, dəstədəki 6-cı şəxs rabitəçidir.
1.07.12. Yeni kadr. Fermaya bənzər tikili. Mktrçyan dəmir çəlləkdə ocaq qalayıb. Yerdə naməlum cəsəd var. Avo gəlir. Mktrçyandan soruşur “İbaddı bu?”. Mktrçyan deyir “hə”. Dialoq davam edir. Və qəfildən hamısı tələsik çıxıb gedir.
Kadr dəyişir. Kəşfiyyatçılarımız görünür. Hansısa məkana giriblər. Sayları da xeylidi, ona (???) yaxın olarlar. Bir yenilik də var, İbad “beretka”sını çıxarıb yaşıl çalma bağlayıb. Aha, erməni kazarmasıdı. Erməni əsgərlərinin sərxoş olub yatdıqları görünür (Axır ki, araq bunların axırına çıxdı). İbad stolda başını qoyub yatan əsgəri bir göz qırpımında boynunu qırıb məhv edir. Sonra çarpayıya yaxınlaşaraq yatan erməni əsgərinin sağ böyrünə bir bıçaq vuraraq öldürür (qulağına niyə “şompul” soxmur?). Sonra İbad yaxınlaşır üçüncü erməni əsgərinə. İnsaf naminə hələ ki, onu öldürmür. Əsgəri oyadıb sorğu-sual edir. “Bilmirəm” cavabını alan İbad erməni əsgərinin boğub öldürür.
Növbəti kadr. Gecədir. Azərbaycan tankı görünür. Arxasında da piyada əsgərlərimiz. Qarşı tərəfə güllə ata-ata irəliləyirlər. Yenidən kadr dəyişir. Bu dəfə İbad yenə binanın içərisində erməni əsgərlərini güllələyir. Yenidən kadr dəyişir. Bayaqkı tankımızdı, yavaş-yavaş irəliyə doğru gedir. Bu dəfə tankın üstündə üçrəngli bayrağımız taxılıb. Ancaq nədənsə bayaq tankın arxasınca hərəkət edən əsgərlərimiz gözə dəymir. Yenidən İbadın olduğu kadr. Tikilidəki erməni əsgərləri məhv edilib. Otaqları gəzirlər. Qəfil əsirlərimizin saxlanıldığı gizli yeri tapırlar. İçəridə xeyli adam var.
Kadr dəyişir. Avo şalvarının qabağını bağlayır. Bu an bir zabit yaxınlaşıb türklərin postu dağıtdığını deyir. Avo əsəbləşir. Mktrçyanın harada olduğunu soruşur. Zabit Mktrçyanın pulları götürüb qaçdığını deyir. (deyəsən bu ermənilərin içində ağıllı bircə Mktrçyandı). Avo Mktrçyanı söyür. Harasa tələsik gedir.
Kadr dəyişir. Günəş çıxıb. İbad əsirlərimizi tüstülənən binadan çıxarır. Erməni əsgərlərinin meyidləri yerdə sərilidir. Ancaq nədənsə meyidlərin yanındakı avtomatları götürmürük. Kadrda qardaş (komandir) peyda olur, yaxınlaşıb İbadın boynunu qucaqlayır. Əsgərlərimizdən biri qalxıb binanın üzərindəki erməni bayrağını çıxarıb yerinə Azərbaycan bayrağını taxır. Bayaq əsirlikdən azad edilən yaşlı qadın əlini göyə uzadıb dua edir. Bütün əsirlərimizin qanlı sifəti görünür, hamısı dodaqlarının altında nəsə pıçıldayırlar. Kadr yenidən dəyişir. Saşa (rus zabiti) Avoya sarı qaçır. Avo Saşadan soruşur “Saşa, necə oldu?”. Saşa “Əşi (???) bilmirəm necə oldu” deyir. Hər ikisi əsəbidi. Saşa deyir, “hamı qaçdı, Ohanyan, Qrişa…”(Ohanyan ha… ) Avo deyir, “İbadı özüm tapacam, dərisini soyacam”…
Kadr dəyişir. Yenidən kəşfiyyatçılarımız görünür. Başları bu dəfə açıqdı. Bircə İbadın başında göy “beretka” var. Alnında da “kakarda”. İbad təlimat verir, ki, Avonu diri tutmalıyıq. Avonun UAZ-ı sürətlə İbadgilə yaxınlaşmaqdadır. Avo İbadgilin qarşısına çatıb maşını saxlatdırır. Yerə düşüb “ratsiyayla” danışır. Mktrçyanın anasını söyür. Digər mühüm əmrləri də verir. Əlbəttə, bunların hamısını İbad eşidir. Sonra Avonun olduğu UAZ 20 sm dərinliyi olan çayı keçmək istəyərkən maşın xarab olur. Avo maşından düşür. Fit çalaraq kənardakı 3 erməni əsgərini köməyə çağırır. Bu an kadrda nəhayət ki, gizli müşahidə mövqeyi seçmiş kəşfiyyatçılarımız görünür. Bunların digər kəşfiyyatçılarımızdan fərqi ondadır ki, bığları yoxdu, rəngləri qarayanızdır. Avonun fitlə çağırdığı 3 erməni əsgəri UAZ-ı heç yerindən tərpədə bilmirlər. İbad bığsız kəşfiyyatçılarımızdan Avonun hara getdiyini soruşur. İbada məlumat verilir. İbad yavaş-yavaş UAZ-a yaxınlaşır. İlk olaraq pulemyotçu erməni əsgərini vurur, həmin əsgərin pulemyotunu götürərək sonra digər erməni əsgərlərini güllələyir. Sonra Avonun olduğu tualetə yaxınlaşır. Bayırdakı güllə səslərini eşitməyən Avo tualetdən heç nə olmamış kimi çıxır. Əlini əl-üzyuyanda yuyur. Bu vaxt İbad Avoya daldan yaxınlaşır. “At silahi aşağı, it balı” deyə əmr edir. Avo “əsgər, eləmə” deyə yalvarmağa başlayır. İbad qışqırır: “kəs səsini küçük”. Birdən Avo: “aha, sən İbadsan”, – deyir. İbad da “sən hardan bildin mən İbadam, küçük” deyir. Avo “mənim yerimi yalnız sən bilə bilərdin” deyirdin. İbad da qayıdır ki, “deməli sən türk dünyasının düşməni Melkonyansan, hə?” (Lap diplomatik cümlə oldu). Avo “mənim çoxlu pulum var, ikimizə də bəs edər” deyir…
İbad “itin balası, bəs Xocalıda tökülən qan?! Bəs qadınların, uşaqların orqanı?!”… (Qeyd edim ki, Monte Melkonyan Murovdağda – Kəlbəcərin işğalı zamanı xüsusi fəallıq göstərib).
Güllə səsləri…
Melkonyan yıxılır….
İbad bıçağını çıxarıb Melkonyana sarı qaçır….
Xırıltılı səs, yuxarı sıçrayan qan. Və film bitir.
P.S Nə yaxşı ki, filmin sonunda İbadın Melkonyanın başını necə kəsdiyini rejissor çəkməyib. Yoxsa, dünya bizi “İŞİD”-dən ayıra bilməzdi…
Mübariz Məmmədov 
Qlobal.az

Bənzər yazılar

Back to top button