Cəmiyyət

Bizi ölümə aparan yağlar: onları necə ayıraq?

Ailem.az qida sektoru üzrə mütəxəssis Aysel Hüseynlinin trans yağlar haqda məqaləsini təqdim edir.

Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Bunlar doymuş və doymamış yağlar olmaqla iki yerə bölünür. Bu yağların hər biri isə insan orqanizminə fərqli şəkildə təsir göstərə bilər. Xüsusilə hazır qidalarda tez-tez qarşılaşdığımız trans yağlar özündə sağlamlığa zərər vuracaq risklər daşıyır. Trans yağların kimyəvi quruluşuna baxdığımız zaman onların maye yağlardan çox da fərqli olmadığını görə bilərik. Lakin bu yağları fərqləndirən ən başlıca amil onların təbii deyil, tamamilə sintetik, yəni süni yağ olmasıdır. Trans yağlar doymamış yağlara (günəbaxan, zeytun və s.) hidrogen atomu əlavə edilməsiylə otaq temperaturunda qatı hala gətirilərək əldə edilən doymuş yağlardır (məsələn, marqarin).

Bu prosesin əsas məqsədi qidaların rəf ömrünü (vitrində qalma vaxtı) uzatmaqdır. Ancaq trans yağlar qidaların rəf ömrünü uzadarkən sizin ömrünüzü qısalda bilər. Çünki hidrogenləşmə yolu ilə süni şəkildə əldə edilən yağlar orqanizm üçün zərərli xolesterol olaraq bilinən LDL (Low-density lipoprotein) xolesterolunu artırır, əksinə, faydalı olan HDL (High-density lipoprotein) xolesterolunu azaldır. HDL xolesterolu damarlarda yığılan LDL xolesterolunu toplayaraq, onu qaraciyərə daşıyır. Qanda LDL xolesterolunun səviyyəsi yüksəldiyi zaman o, qan ilə birlikdə daşına bilmir və damarların divarlarında yığılmağa başlayır. Beləliklə, trans yağlar damarların daralması, beyin və digər orqanlara lazımi qədər qan daşınmamasına, nəticədə isə iflic və infarkt daxil, bir çox xəstəliyin yaranmasına səbəb ola bilir.

Trans yağların yarada biləcəyi xəstəliklər
Aşağıda qeyd edilən xəstəliklərin çoxu trans yağların səbəb olduğu damar daralması, yüksək xolesterol və ya damar sərtliyi nəticəsində yaranır.
– Alzheimer xəstəliyi
– Xərçəng xəstəliyi
– Diabet
– Piylənmə
– Qaraciyər xəstəlikləri
– Ürək xəstəlikləri
– Qadınlarda sonsuzluq
– Depressiya
– Ana südünün keyfiyyətinin aşağı düşməsi

Aparılan araşdırmalar göstərib ki, orqanizmində trans yağ səviyyəsi yüksək olan insanların infarkt keçirmə riski 3 qat daha artıqdır. İnsan orqanizminə vurduğu çox saylı ziyanlar əsas götürülərək, bir sıra inkişaf etmiş ölkələrdə bu yağlara qarşı bəzi tədbirlər alınıb. Belə ki, ABŞ, Braziliya, Danimarka, İsveçrə, Kanada və s. ölkələrdə istehsal olunan məhsulun tərkibindəki trans yağın faizlə qeyd edilməsi və bu miqdarın 2 %-i keçməməsi ilə bağlı qərar qəbul edilib. İnsan orqanizmi üçün lazım olmayan bu yağları hələ də mağaza vitrinlərində görürük. Trans yağlara kərə, bitki mənşəli yağlara nisbətən çox daha ucuz olması və yeməklərə özünəməxsus ləzzət verməsi səbəbindən əksər restoranlarda, otel, kafe kimi yerlərdə üstünlük verilir. Xüsusilə də “fast nfood” yeməklərində bu yağların miqdarı həddindən artıqdır.

Onu da qeyd etmək lazımdır ki, süni yolla əldə edilən trans yağlardan başqa, təbii trans yağ turşuları da mövcuddur. Məsələn, qoyun, quzu, inək kimi heyvanların süd və ətlərində az miqdar da olsa, trans yağ turşuları vardır. Lakin bu trans yağ turşuları təbii şəkildə əmələ gəldiyi üçün sintetik trans yağ turşuları ilə qarışdırılmamalıdır. Bu yağların insan orqanizmi üçün heç bir zərəri yoxdur. Əksinə, təbii olduğu üçün bir çox faydaları vardır.

Yağ alan zaman nələrə diqqət etməliyik?
İnsanlar bəzən yağ alan zaman qiymətə fikir verirlər. Hesab edirlər ki, əgər yağın qiyməti bahadırsa, bu zaman onun faydası da çoxdur. Lakin bu məqamda iqtisadi faktorları unuduruq. Məsələn, əgər yağ xaricdən ölkəyə gətirilirsə, daşınma xərclərinin, gömrük rüsumunun və digər bu kimi xərclərin qiymətə təsiri heç şübhəsiz ki, az deyil. Ona görə də yağ alan zaman diqqət ediləsi məsələ qəti şəkildə qiymət olmamalıdır. Qidalanmada daha çox təbii kərə yağına üstünlük verilməlidir. Çünki bu yağlar A, D, E və K vitamini ilə zəngindir. Bundan başqa, zeytun yağı da olduqca faydalıdır. Bu yağ insanların xərçəng xəstəliyinə tutulma riskini azaldır. Bu isə yağın tərkibindəki fenolların güclü antioksidant təsiri ilə bağlıdır. Bu maddələrin antioksidant təsiri səbəbi ilə DNT-yə zərər verə biləcək maddələri təsirsiz hala gətirdikləri və DNT üzərindəki zərin aradan qalxmasına kömək etdikləri müəyyən edilib.

İspaniyanın Sevilya Universitetindən Alarkon de la Lastra və yoldaşları zeytun yağının faydaları haqqında bir məqalə dərc ediblər. Bu məqalədə zeytun yağının qandakı LDL xolesterolunu azaldaraq HDL xolesterolunu artırdığını və ürək xəstəliyi təhlükəsini azaltdığını, xüsusilə triqliserid metabolizmasına olan təsiri ilə qalın bağırsaq və döş xərçəngi təhlükəsini azaltdığını, iltihab verici sitokinlər üzərindəki tənzimləyici təsiri ilə revmatoid artrit kimi avtoimmun xəstəlik yaranmasını azaltdığını və bundan başqa mədə üzərinə olan təsirləri səbəbi ilə burada mədə yarası əmələ gəlmə təhlükəsini azaldarkən, mövcud mədə yarasının da yaxşılaşmasını asanlaşdırdığını bildiriblər.

Günəbaxan və qarğıdalı yağları isə həm digər yağlara nisbətən ucuz, həm də faydalı yağlardır. Belə ki, bu yağlar E vitamini, mineral maddələr kalium, fosfor, kalsium, maqnezium duzları, doymamış yağ turşuları olan Omega-3, Omega-6 ilə zəngindir.
Ölkəmizə trans yağlar daha çox xarici ölkələrdən gətirilir. Məsələn, Rusiyadan gətirilən bir sıra yağları göstərə bilərik ki, onların tərkibində yuxarıda qeyd etdiyimiz zərərli maddələr var. Bu baxımdan yağ alan zaman onun yerli olub-olmamasına da diqqət yetirmək lazımdır. Bütün hallarda düşünmək lazımdır ki, qəbul etdiyimiz qida bizim sabahımız üçün zəmanətdir.

Bənzər yazılar

Back to top button