Sellofan torbalar xəstəlik yayır – TƏHLÜKƏ

Print Friendly, PDF & Email

Bu gün, demək olar ki, bütün marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə qablaşdırır. Elə insanlar da daşıma vasitəsi kimi daha çox sellofan torbalara üstünlük verirlər. Kağız torbalardan tək-tük satış yerlərində istifadə olunur. Əvvəllər isə vəziyyət belə deyildi. Bazarlarda əsasən kağız paketlərdən, həsir zənbillərdən istifadə edilirdi.

Eyni zamanda, hazırda bir sıra xarici ölkələr sellafonların istifadəsindən imtina edib. Məsələn, ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini qadağan edib. Lakin Azərbaycanda vəziyyət tamam fərqlidir.

Modern.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən mağazalar sellofanlara üstünlük verirlər:

“Polietilen torbalar insan orqanizmində ağır fəsadlara yol aça bilər. Lakin onun zərəri təkcə bununla bitmir. Belə ki, sellofanlar ekologiyaya da ziyan vurur. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir. Gələcəyin qorunması üçün bu torbalara qadağa qoyulması mütləqdir. İndi bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də sellofan torbalara qadağalar tətbiq edilib”.

Kartonları təkrar emal edərək kağız torbalar istehsal etmək olar

E.Hüseynov həmçinin qeyd edib ki, mağazalarda istehlakçılara təqdim olunan qeyri-ərzaq sellofanları onların hüquqlarının pozulması deməkdir:
“Bəzən ərzaq sellofanları əvəzinə istehlakçılara qeyri-ərzaq sellofanları verən marketlərə və satıcılara rast gəlirik. Buna rəsmi qurumlar nəzarət etməlidirlər. Ucuzdur deyə, insan orqanizminə ziyan olan qeyri-ərzaq sellofanları verən marketlərə və satıcılara qarşı ciddi tədbirlər görülməlidir. Bundan başqa, kartonları təkrar emal edərək, kağız torbalar istehsal etmək olar. Bununla da həm təbiəti çirklənməkdən, həm də sağlamlığımızı qorumuş olarıq”.

Sellofanlar insan orqanizmində xəstəliklərin yaranmasına səbəb olur

AİB sədri düşünür ki, kağız və parça torbalara geri dönmək lazımdır:
“Sellofan paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın – yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina edilməlidir. Kağız və parça torbalara geri dönməliyik”.

...