Dünya

İran əfsanəvi generalını Kərkükə göndərdi…

İranın məşhur generalı, “Qüds Qüvvələri”nin komandanı general Qasım Süleymani Kürdüstanın müstəqilliyi barədə referendumun Kərkükdə də keçirilməsinə mane olmaq üçün bu şəhərə gəlib.

Bu barədə “Amerikanın Səsi”nin fars bürosu məlumat yayıb.

General Süleymani Kərkükə sentyabrın 23-də “Kürdüstan Vətənpərvərlər İttifaqı” (KVİ) partiyasının rəhbərləri ilə birgə gəlib. KVİ-dəki mənbələrin fars bürosunun əməkdaşı Əli Cavanmərdiyə verdikləri məlumata görə, Süleymani Kərkükdə referendumun keçirilməyəcəyini bəyan edib: “Onların əsas vəzifəsi Kürdüstanla bağlı keçirilən referendumu dayandırmaqdır. Qasım Süleymani ilə bərabər KVİ-nin liderləri Molla Bəxtiyar, Əmad Əhməd, Qədir Əziz, Asso Almani və Cəlal Təlabaninin oğlu Pavel Tələbani də Kərkükə gəlib”.

İran komandanı tərəfindən dəstəklənən “Kürd Vətənpərvərlər İttifaqı” partiyasının rəhbərliyi bu əməliyyata Süleymaniyyədən yüzlərlə antiterror qrupu gətirib.

Kərkükün qubernatoru bu addımın əleyhinə çıxıb və Süleymaniyə mane olmağa, əməliyyatı dayandırmağa çalışıb. “Mənbə bildirir ki, Qasım Süleymaninin rəhbərlik etdiyi əməliyyata Türkiyə və Bağdad tərəfindən məxfi dəstək verilir” – deyə radio vurğulayıb.

Strateq.az onu da xatırladır ki, artıq İran Silahlı Qüvvələri İraq Kürdüstanıyla sərhəddə irimiqyaslı hərbi təlimlərə də başlayıb.

İranın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarələri İraq Kürdüstanının sərhəd bölgəsi yaxınlığındakı uşuş manevrləriylə ölkənin şimali-qərbinin və qərbinin hava sahəsi üzərindəki gücünü nümayiş etdirib.

“Haydar-i Kerrar” adlandırılan bu təlim İnqilab Keşikçilərinin başladığı “Məhərrəm” təliminə dəstək xarakteri daşıyır və Quru Qoşunlarının çevik qüvvələriylə Hərbi Hava Qüvvələrinin birgə, rabitəli fəaliyyətini nümayiş etdirir.

Bənzər yazılar

Back to top button