Vəkil: Rüfət Səfərov keçmiş polis işçisi ilə bir kamerada saxlanılır

Print Friendly, PDF & Email

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsində vəkili ilə görüşüb.

Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, görüş zamanı o, R.Səfərovun səhhəti və saxlanma şəraitindən narazılıq etməyib: “Hazırda vəziyyəti normaldır, heç bir problem yoxdur. Rüfət cəzaçəkmə müəssisəsində sabiq polis əməkdaşı ilə bir kamerada saxlanılır, kamera yoldaşından da narazılığı yoxdur. Penitensiar Xidmətin əməkdaşları da onunla normal davranır, problem yaratmırlar”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

...